İranın qlobal bazarlara QAYIDIŞI – “Qara qızıl”ı qara günlər GÖZLƏYİR?

İranın qlobal bazarlara QAYIDIŞI – “Qara qızıl”ı qara günlər GÖZLƏYİR?

Hazırda oxunan: İranın qlobal bazarlara QAYIDIŞI – “Qara qızıl”ı qara günlər GÖZLƏYİR?

250073

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Başa vurduğumuz həftə dünyada siyasi hadisələrin zənginliyi ilə yadda qaldı. Dünyanın güc mərkəzlərinin atdığı addımlar, seçilib-seçilən siyasilərin intensiv bəyanatları gündəmi əməlli-başlı zəbt edib. Əslində bütün bu siyasi gedişlər də qazanc üstündədir. Ona görə də ABŞ rəhbəri Donald Trampın prezident qismində ilk rəsmi səfərə çıxdığı Körfəz ölkələrindəki bazarlaşmasının dəyəri həqiqətən fantastik görünə bilər. Trilyon dolları aşan bir sövdələşmə.
 

MÖVZU İLƏ BAĞLI:

“Qara qızıl”dan “yaşıl enerji”yə KEÇİD – Neftdən asılılıq necə AZALDILIR? – İlham Şabanın ŞƏRHİ



Qlobal bazarlar

Mayın 9-da London Əmtəə Birjası bağlanarkən Brent markalı neftin 1 bareli 63,91 dollar dəyərləndirilmişdi. Ötən həftənin ilk hərracında isə neft 1 dollardan çox bahalaşdı və mayın 13-də artıq 66,63 dollara satılırdı. Neftin qiymətini artıran amillər kimi Rusiyaya qarşı Avropa İttifaqının 17-ci paket sanksiyalarında məhz neft ticarətinə qarşı addımların önə çəkilməsiydi.

Bundan əlavə, İranın Çinlə neft ticarətini əngəlləməyə yönəlmiş ABŞ-nin sanksiyaları da bazar iştirakçılarını təşvişə saldı.

Amma maraqlıdır ki, neft qiymətlərini mayın 15-də 3%-ə yaxın ucuzlaşdıran amil rolunda da məhz İran faktoru çıxış etdi. Ağ Ev rəhbəri Donald Tramp cümə axşamı Dohada Amerika və İranın nüvə sazişini imzalamağa yaxın olduğunu bəyan etdi və bundan sonra da neftin dünya bazarlarında təqribən 2 dollar civarında ucuzlaşması baş verdi.

“NBC News” telekanalının məlumatına görə, rəsmi Tehran Vaşinqtonun İrana qarşı iqtisadi sanksiyaları ləğv etməsi müqabilində nüvə silahından imtinaya dair saziş bağlamağa meyl edir. Nüvə sazişindən sonra sanksiyaların ləğvi isə İran üçün qlobal bazara gündəlik olaraq əlavə 800 min barel neft çıxarmasına imkan yaradacaq. Bu isə öz növbəsində bazardakı qiymətlərin daha da ucuzlaşmasına təsir edən amil ola bilər. Buna görə də bazarlarda aprelin əvvəlindən yaşanan təlatüm hələ də davam etməkdədir.

Londondakı yaşıl müzakirələr

 

Yola saldığımız həftə Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı keçirildi və həmin toplantı çərçivəsində Azərbaycanın yaşıl sərmayə imkanları və regionun inkişaf perspektivləri də ayrıca sessiyada müzakirə obyektinə çevrildi.


İqtisadiyyat naziri Mikayıl Cabbarov bu tədbirdəki çıxışında bildirib ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında "yaşıl körpü" salır. Onun sözlərinə görə, Azərbaycan ölkəni regionun “yaşıl” enerji və dayanıqlı infrastruktur əlaqəliliyi mərkəzinə çevirməyə yönəlmiş iddialı bir strategiyanı həyata keçirir. O, diqqəti bir məsələyə də çəkib ki, Azərbaycanın yaşıl enerji üzrə bütün layihələri əsasən özəl sektorun iştirakı və investisiyası ilə həyata keçirilir.

Panel müzakirələrinə qatılan Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanovun çıxışında isə mənim diqqətimi çəkən Azərbaycanın “yaşıl enerji” yolunda əldə etdiyi uğurlar və gözləntilərlə yanaşı, həmçinin bu sektorun üzləşdiyi problemləri də söyləməsi oldu.

Nazir müavini ilk növbədə Azərbaycanın enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji sektorunun yenidən qurulması sahəsində qanunvericilik və normativ bazanın fəal şəkildə gücləndirilməsini auditoriyanın diqqətinə çatdırdı. Soltanov hazırlıq mərhələsində olan üç əsas qanunvericilik təşəbbüsünü vurğulayıb: bunlar istilik təchizatı, qaz təchizatı və tənzimləmə ilə bağlı qanunlardır.
 

“Xüsusilə istilik təchizatı haqqında qanunu qeyd etmək istərdim. Bu qanunda hazırda Azərbaycanda geniş yayılmamış mərkəzləşdirilmiş istilik sistemlərinin inkişafına xüsusi diqqət ayrılır. Həmçinin, burada enerji səmərəliliyi kimi yeni texnoloji tətbiqlərdən söhbət gedir. Məhz bu, yeni qanunvericiliyin əsas ideyasını təşkil edir”, deyə nazir müavini fikrini izah edib.


Enerji səmərəliliyi haqqında qanundan danışan Soltanov onun praktikada tətbiqinin ölkə üçün keyfiyyətcə yeni bir mərhələyə keçidə bənzədib. Nazir müavini enerji səmərəliliyini “yeni enerji mənbəyi” adlandıraraq qeyd edib ki, sovet dövründən qalan səmərəsiz tikinti irsi fonunda bu sahədə böyük potensial mövcuddur. O, həmçinin Azərbaycanın enerji səmərəliliyi fondu yaratmasından və bu fondun dayanıqlı maliyyə bazasına malik olduğundan danışıb: belə ki, onun maliyyələşməsi ənənəvi yanacaqlara tətbiq edilən vergi hesabına təmin olunur.

Qəbul olunmuş qanunlar arasında bərpa olunan enerji mənbələri haqqında qanuna toxunan nazir müavini vurğulayıb ki, “yaşıl enerji”nin istehsalına birbaşa xarici investisiyaların cəlb edilməsi ilə yanaşı, onun istehsalçıları sırasına elektrik enerjisini istehlakçısı olanların da cəlb edilməsinə diqqət yetirilir. Belə ki, vətəndaşlar artıq 150 kVt-a qədər gücü olan günəş panelləri quraşdıra və artıq elektrik enerjisini şəbəkəyə sata bilərlər.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş maliyyə direktoru Mazin Xan isə panel müzakirələrindəki çıxışında investor nöqteyi-nəzərindən onları Azərbaycanın “yaşıl enerji” sektoruna cəlb edən üç əsas amildən danışıb. Onun sözlərinə görə, birinci amil ölkə rəhbərliyinin bərpa olunan enerji mənbələrinin inkişafına göstəridiyi yüksək dərəcədə diqqətdir.

İkinci amil təbii ehtiyatların, xüsusilə günəş və külək enerjisinin mövcudluğudur. "Azərbaycanda həm quruda, həm də dənizdə böyük külək enerjisi potensialı var və o, hələ kifayət qədər reallaşdırılmayıb. Biz burada "ağıllı" texnologiyaların tətbiqi və layihələrin miqyasının genişləndirilməsi üçün imkanlar görürük", - deyə baş maliyyə direktoru bildirib.

Üçüncü amil isə tənzimləyici mühitin yaxşılaşdırılmasıdır. "Ölkədə sabit normativ baza yaradılıb. Elektrik enerjisinin alqı-satqısı ilə bağlı uzunmüddətli müqavilələr xüsusilə vacibdir, bunlar layihəni həyata keçirən şirkətlər üçün kapitalın cəlb edilməsi üçün imkanlar açır.

Neftin azalması yavaşlayır

Başa vurduğumuz həftə cari ilin ilk 4 ayının yekunlarına dair enerji statistikası açıqlandı. Bu məlumatlar içərisində ilk növbədə mənim diqqətimi neft statistikası çəkdi. Çünki həmin məlumatları təhlil edərkən əmin oldum ki, Azərbaycanın neftinin çıxarıldığı əsas yataqlar bloku “Azəri-Çıraq-Günəşli”də hasilatın azalması artıq səngiməyə başlayıb.

2025-ci ilin yanvar-aprel aylarında, Dövlət Statistika Komitəsinin məlumatına görə,  Azərbaycanda 9 mln tondan bir qədər çox əmtəəlik neft hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% azalma deməkdir. Çıxarılan neftin strukturuna baxdıqda, onun 58,24%-nin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşdüyü məlum olur.
 

Energetika nazirliyinin açıqladığı məlumata görə, yanvar-aprel aylarında AÇG blokundan 5,3 mln ton neft hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə AÇG-də neft hasilatı 200 min ton azalıb. Bu həcm azdır ya yox? Bu suala cavab vermək üçün əvvəlki illərin ilk 4 ayında “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda nə qədər neft hasil edilməsi statistikasına diqqət yetirməliyik. 


2024-cü ilin yanvar-aprelində AÇG-də neft hasilatı ondan əvvəlki ilin eyni dövrü ilə müqayisədə 700 min ton azalmışdı. 2023-cü ilin ilk 4 ayında isə azalma tempi hətta 800 min ton təşkil etmişdi. Yəni görünən odur ki, son ildə bp şirkəti başda olmaqla beynəlxalq konsorsium müqavilə sahəsində neft hasilatının azalma tempini kifayət qədər aşağı salmağa nail olub. Bəs bunun səbəbi nədir? Təbii ki, AÇG-də yeni hasilat platformasının istismara verilməsi ilə əlaqədardır. “bp-Azərbaycan” şirkətinin son hesabatına görə, cari ilin I rübünün yekunlarına görə, “Azəri Mərkəzi Şərqi” platformasında orta günlük hasilat 25 min barel təşkil edib. Yəni bu o deməkdir ki, AÇG-dəki hasilatın 7,6%-i bu platformanın hesabına baş verib.

Elə cari ilin əvvəlindən AÇG-də aylıq hasilat göstəricilərinə nəzər yetirsək, görərik ki, hasilat stabildir və 1,3 milyon ton ətrafında bərqərar olub. Hətta mart ayında bu göstəricini 100 min ton artırmaq da mümkün olubmuş. Ümumən, nəticə ümidvericidir, əgər nəzərə alsaq ki, bundan sonrakı dövrdə həmin platformada hasilat artan xətt üzrə inkişaf edəcək.

Yanacağa xərclənən vəsait artır

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 156 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə istehlakçılar yanacağa 7% çox vəsait xərcləyiblər. Buna səbəb ölkədə daxili yanma mühərrikli avtomobillərin sayının artımıdır.

2025-ci ilin I rübündə Azərbaycana 20946 ədəd minik avtomobili, 1780 ədəd yük avtomobili, 112 ədəd avtobus idxal olunmuşdur. Ölkəyə gətirilən təqribən 23 minə yaxın avtomobildən yalnız elektriklə işləyənlərin sayı cəmi 428 ədəd olub, yəni 1,9%-i.
 

2025-сi ilin yanvar-aprel aylarında Azərbaycanda 1824 ədəd minik avtomobili və 33 ədəd yük avtomobili istehsal edilib. Ölkədə istehsal edilən avtomobillər isə yalnız yanacaqla hərəkətə gətirilir. Bundan əlavə, ölkədə daşınan yüklərin 59,2%, sərnişin daşımasının isə 88,3%-i avtomobillərlə həyata keçirilib.


Bütün bunları ona görə dəqiq statistika ilə izah edirəm ki, oxucular nədən istehlakçıların yanacağa çəkdikləri xərclərinin artmasını aydın başa düşə bilsinlər. Hər il 80 mindən çox avtomobil ölkəyə gətirilir və təqribən də 5 min ədəd də yerli istehsal olur. Bu qədər artımın müqabilində təbii ki, yanacağın istehlakının çoxalması məntiqlidir.    

Süni intellektin gətirdiyi mənfəət

Bu həftə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) süni intellektin öz istehsalat obyektlərində tətbiqinin nəticələrinə dair maraqlı bir məlumat açıqladı. Özü də bunun maraqlı tərəfi təkcə süni intellektin tətbiqi deyildi, onun faydasının statistik göstəricilərlə təqdim edilməsiydi. 

Beləliklə, SOCAR “Caspian AI Institute” qurumunu təsis edərək istehsal obyektlərində mövcud avtomatlaşdırma texnologiyalarına daxildə inkişaf etdirdiyi süni intellekt modellərini də əlavə edib. Süni intellekt real zamanda zavoddan toplanan minlərlə məlumatları təhlil edir, proses davranışlarını öyrənir və özünü təkmilləşdirən, dinamik tövsiyələr təqdim edir. Nəticədə yalnız daha səmərəli əməliyyatlar deyil, həm də real vaxtda proqnoz verə bilən, adaptasiya olunan və inkişaf edən “ağıllı” bir zavod formalaşır".
 

SOCAR-ın ictimailəşdirdiyi məlumata görə, mürəkkəb texnoloji proseslərlə zəngin olan "SOCAR Karbamid" zavodunda süni intellektin istehsal proseslərinə tətbiqi nəticəsində 2024-cü ilin yekunları üzrə aşağıdakı nailiyyətlər əldə edilib:13 mln dollar əlavə dəyər, 7 mln kubmetr təbii qaza qənaət, 1,5 mln kVt/saat elektrik enerjisinə qənaət və 70 min ton suya qənaət.


Görürsünüzmü, elmin, texnologiyanın nailiyyətlərindən yerində və zamanında istifadə təkcə əl əməyinin yüngülləşdirilməsi və keyfiyyətin yaxşılaşdırılması deyil, həm də istehsal proseslərində istifadə edilən xammal və enerjiyə qənaət deməkdir. Bundan yetərincə yararlanmaq üçün isə ilk növbədə kamil insan lazımdır. Lap dahi Nəsiminin arzusunda olduğu o kamil insan kimi...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO