Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftə qlobal neft bazarlarında yaşanan qəfil təlatümləri də gördük, iqlim dəyişmələrini də hiss etdik. Belə ab-havada, sözün düzü, adamda termometrə baxmağa hövsələ də qalmayıb, çünki bütün diqqət siyasətin digər sahələrə nə qədər sirayət etməsinə yönəlib.
MÖVZU İLƏ BAĞLI:
Bəşəriyyətin SONU YAXINLAŞIR – Dünyanı təşvişə salan STATİSTİKA
Neft qiymətlərinin ucuzlaşması
ABŞ prezidenti Donald Tramp faktiki olaraq dünyaya ticarət müharibəsi elan edən sənədi imzalayandan sonra əmtəə bazarları buna kəskin reaksiya verdilər. Çünki yeni gömrük tarifləri indiyə qədər mövcud olan ticari əlaqələrdə əlavə baryerlərin yaradılması deməkdir. Təbii ki, dövlətlərarası alış-verişin zəifləməsi, sənaye məhsullarının azalması və bunun nəticəsi kimi gələcək aylarda enerjiyə olan tələbatın azalması da mümkündür.
Əgər London Əmtəə Birjasında Brent markalı neftin qiymətinin dəyişmə dinamikasına diqqət yetirsək görərik ki, aprelin 2-də hərraclar 74,95 qiyməti ilə bağlanmışdı və sonrakı 4 sessiya ancaq enmələrlə müşahidə edildi. Minimumda neftin ən ucuz partiyası aprelin 9-da 58 dollar 40 sentə satıldı ki, bu da 2021-ci ilin fevralında ticarət edilən qiymətə bərabər idi. Bir həftə ərzində neft dəyərini, əgər ən baha partiya ilə ən ucuz partiya arasındakı göstəricilərlə götürsək, nə az, nə çox düz 22% itirdi.
Dəyişən proqnozlar
Cari ildə neft qiymətlərinin ötən illə müqayisədə daha aşağı olacağı hələ 2024-cü ilin IV rübündən təxmin edilirdi. Ötən ilin noyabrında Beynəlxalq Enerji Agentliyi (IEA) təklifin tələbi üstələyəcəyi, yəni qlobal bazarda ehtiyacdan çox neft olacağı barədə xəbərdarlıq etmişdi. Əsas səbəb kimi isə dünya iqtisadiyyatın yaxşı formada olmaması və bunun nəticəsində enerjiyə tələbatın azalması göstərilirdi.
Nəticədə, əgər 2024-cü ildə Brent orta hesabla 82 dollardan bir qədər artıq qiymətə ticarət edilmişdisə, cari ildə əksər ekspertlər onun dəyərinin 70 dollara qədər azalmasını gözləyirdilər. Hətta böhran ssenariləri çərçivəsində daha əhəmiyyətli azalma da nəzərdən keçirilirdi. Bizim hazırda yaşadıqlarımız əslində böhrana gedən yolun ssenarisidir.
Onu qeyd edim ki, “qara qızılın” qiymətində baş verən bu eniş özü-özlüyündə hələlik qlobal iqtisadi böhranın başlanğıcı kimi təsir bağışlasa da, digər risk faktorları ilə birlikdə nəzərə alındıqda, dünya iqtisadiyyatı üçün çox ciddi xəbərdarlıq siqnalıdır.
Bütün bu proseslərin fonunda dünyanın aparıcı enerji institutları və bankları Brent markalı neftin 2025-ci il üzrə orta qiymət proqnozlarını yenidən nəzərdən keçirməyə başladılar.
Məsələn, Amerikanın “Goldman Sachs” bankı aprelin 8-də 2025-ci il üçün müxtəlif ssenarilər üzrə Brent neftinin qiymətləri ilə bağlı yenilənmiş proqnozlarını təqdim etdi. Əsas ssenari ABŞ-da iqtisadi böhranın olmaması və OPEC+ hasilatının mülayim artımı kimi amilləri nəzərə alaraq cari ildə Brentin bir barelinin orta hesabla 62 dollara satılacağını nəzərdə tutur. Bank təhlilçiləri hesab edirlər ki, əgər bundan sonra da prezident Trampın iqtisadi və siyasi eksperimentləri davam edərsə və nəticədə ABŞ tənəzzül yoluna qədəm qoyarsa, onda 2025-ci ilin sonuna Brent-in 58 dollara qədər ucuzlaşma ehtimalı daha real görünər.
“Citigroup” bankının təhlilçiləri də bu həftə Brent markalı neftin qiyməti üzrə ötən ilin sonunda verdikləri 75 dollar proqnoza korrektə edərək bu ilin sonuna satış qiymətlərinin ortalama olaraq 60 dollara düşəcəyini təxmin edirlər.
Nəticə etibarilə, neft qiymətlərindəki bu çaxnaşma, geosiyasi gərginliklər, iqtisadi meyllər və enerji bazarındakı güclərin strateji qərarları arasında mürəkkəb bir əlaqənin bariz təzahürüdür. Neftin qiymətlərinin cari ildə üzüyuxarı və ya əks istiqamətə yönəlməsi isə təbii ki, yaxın aylarda dünyanın aparıcı ölkələrinin atacağı addımlardan, ticari münasibətlərinin taleyindən, OPEC+ qərarlarından və dünya iqtisadiyyatının ümumi dinamikasından asılı olacaq.
Azərbaycanın Avropadakı yeni qaz layihələri
Bu həftə Azərbaycanın enerji əməkdaşlığında, xüsusi ilə də region və uzaq xaricdəki ölkələrlə qaz ticarəti əməkdaşlığında tutduğu mövqe, yeni ölkələrə mavi yanacağın ixracı məsələlərinə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən maraqlı açıqlamalar eşitdik. Özü də bunlar ADA Universitetində dövlət başçısı İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda səsləndirildi.
Birinci maraqlı məsələ Azərbaycanın Albaniyanın qazlaşdırılması layihəsinə qoşulması ilə bağlıdır. Prezident bəyan edib ki, Albaniyanın Korça şəhərində qazlaşdırma layihəsi Azərbaycan sərmayələri hesabına həyata keçiriləcək. Dövlət başçısının sözlərinə görə, artıq həmin layihə razılaşdırılıb. Albaniya hökuməti həmin şəhəri seçib və 2025-ci ildə Azərbaycan bu ölkədə qazlaşdırmaya sərmayə yatırmasına start verəcək. Özü də bu məsələlərə aydınlıq gətirərkən Albaniya hökuməti Azərbaycanın digər ölkələrdə bu sahədə apardığı təcrübəsi əsasında belə addımı atıb.
Dövlət başçısının sözlərindən məlum olur ki, Azərbaycan Avropanın başqa bir ölkəsindən də qazlaşdırma ilə bağlı təklif alıb. “Hazırda Bolqarıstanda qazlaşdırma layihəsini müzakirə edirik. Əslində, həmin ölkədə qazlaşdırma var, lakin məhduddur. Bu gün Bolqarıstan öz qaz istehlakının təxminən 50 faizini Azərbaycan hesabına təmin edir”, deyə Prezident Əliyev bildirib.
Forumda Xorvatiyadan olan ekspertin sualını cavablandırarkən Azərbaycan Prezidenti bildirib ki, ölkəmiz bu Avropa ölkəsinə ötən ildən qaz ixracına başlasa da daha irimiqyaslı enerji əməkdaşlıq məsələlərini hədəfləyib. İşimiz yalnız qazlaşdırmanın və ya qaz təchizatının müzakirəsi ilə məhdudlaşmır, energetikaya aid digər məsələlər də var.
Avropada nə qədər qaz satmışıq?
Xatırladım ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin 31 dekabr tarixindən başlayıb. Avropaya “Şahdəniz” yatağının ikinci mərhələsi üzrə hasil edilən qaz ixrac edilir. Qazın ixracı əsasən Transadriatik Boru Kəməri – TAP vasitəsi ilə həyata keçirilir. İndiyə qədər bu kəmərlə 45 mlrd kubmetrdən çox qaz nəql edilib.
Onu da əlavə edim ki, bu Azərbaycan qazının Avropaya çatdırılması üçün yeganə marşrut deyil. 2024-cü ilin yayında Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin BOTAŞ şirkəti arasında imzalanan müqaviləyə görə, Azərbaycan qazı həmçinin Türkiyə-Bolqarıstan kəməri ilə də Avropaya daşına bilir. Bu marşruta isə ehtiyac ona görə yaranıb ki, Avropa Birliyi özündə 3 ayrı-ayrı kəməri birləşdirən Cənub Qaz Dəhlizinin genişləndirilməsinə nədənsə əvvəlki şərtlərlə marağını ortaya qoymağa hələ də tərəddüd edir.
Azərbaycanın qazının alternativ bazarları
Bu mövzunu dünyanın bir çox ölkəsindən gəlmiş ekspertlərə incələyən Azərbaycan Prezidenti ilk dəfə Azərbaycanın qaz ixracı üçün alternativ bazarların da olduğunu bəyan edib. “Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik”, deyə Prezident Əliyev çoxlarını təəccübləndirib.
Və bundan sonra dövlət başçısı məsələnin mahiyyətini tədbir iştirakçılarına izah edib. Onun sözlərinə görə, əgər Avropa maliyyə təsisatları və Avropa Komissiyası böyük həcmdə qazı almağı davam etmək və Azərbaycandan qaz idxalını artırmaq istəyirlərsə, onda onlar iki mühüm məsələni həll etməlidirlər.
Avropa ilə Azərbaycanın qaza müxtəlif baxışları
Birincisi, təsisatların maliyyə siyasətidir. Bütün enerji layihələrimiz icra edilərkən adətən yatırılması nəzərdə tutulan vəsaitlərin 70 faizi kredit şəklində götürülür. Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyini açıqlayır, amma maliyyələşmə məsələsində artıq əvvəlki addımlarını atmır.
Azərbaycan qazının ixrac nəqletmə infrastrukturu olan Cənub Qaz Dəhlizinin buraxma qabiliyyəti artıq tam dolub, boruda əlavə yer yoxdur və o, genişləndirilməlidir. Lakin yenə sual yaranır: necə? Əlbətt ki, kredit vəsaitləri və korporativ vəsaitlər hesabına!
Amma Prezident Əliyev bildirir ki, Avropa İnvestisiya Bankı faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırıb. Bu ilin yanvarında Davosda bu bankın prezidenti ilə söhbət zamanı mən həmin məsələni qaldırdım. Mən Almaniya Prezidentinin Azərbaycana səfəri zamanı da bu məsələni qaldırdım, çünki Avropanın aparıcı ölkəsi kimi Almaniya həmin siyasətə təsir etmək üçün bir çox vasitələrə malikdir. Aprelin 4-də Məşvərət Şurasında çıxışım zamanı bu məsələni açıq qeyd etdim və sonra Avropanın enerji komissarı ilə də görüş zamanı bunu onun diqqətinə çatdırdım. Bir sözlə, Azərbaycan Prezidenti vurğulayır ki, bu, bir nömrəli məsələdir və faydalı qazıntıya tətbiq edilən embarqo aradan qaldırılmalıdır.
Cənab İlham Əliyev ikinci mühüm meyarın uzunmüddətli qaz müqavilələrinin olmasında görür. Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə bizdən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Amma sual yaranır: həmin qaz nə vaxt və haraya nəql olunacaq?
“Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam?
Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, orda da Azərbaycan qazına tələbat var. Bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı və Avropanın enerji təhlükəsizliyi üçün vacibdir”, deyə Prezident Əliyev məsələnin mahiyyətini açır. Yəni məsələ qarşılıqlı maraqlar çərçivəsində həllini tapmalıdır.
Neftin Azərbaycan büdcəsinə təsiri
O ki qaldı “qara qızıl” bazarlarında baş verənlərin Azərbaycan iqtisadiyyatına və büdcəsinə təsirlərindən, qeyd etmək istərdim ki, cari ilin büdcəsi neftimizin ixrac qiymətinin hər barel üçün ortalama olaraq 70 dollardan satışı üzərində tərtib edilib. Qiymətlərin qəfil ucuzlaşmasına hələ hökumət münasibət bildirməyib, sözün düzü heç birinci rübün ilkin nəticələri ilə bağlı məlumatlar da ictimailəşdirilməyib.
Amma Maliyyə Nazirliyinin əvvəl açıqladığı proqnoza əsasən, neftin proqnoz qiymətindən 10 dollar aşağı göstərici dövlət büdcəsinin gəlirlərini 0,8% və yaxud 340 milyon manat, Dövlət Neft Fondunun gəlirlərini isə 14,5 % və yaxud 2,1 milyard manat azalda bilər.
“Bizim Barel” açıq mənbələrdə olan məlumatları təhlil edərkən 2025-ci ilin I rübündə Azərbaycan neftinin FOB müqavilələr çərçivəsində, yəni Ceyhan terminalında satılmaq şərti ilə orta qiymətinin 76,21 dollar təşkil etdiyini müəyyənləşdirib. Aprelin ilk ongünlüyündə isə Azəri Layt-ın orta ixrac qiyməti 70,62 dollar olub. Yəni hələ ki, təşviş doğuracaq bir həddə çatmamışıq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu məsələni mətbuat üçün şərh edərkən “son günlər dünya bazarında neftin qiyməti aşağı düşsə də, bu, Azərbaycanın dövlət büdcəsinin icrasına ciddi risk yaratmır” fikrini səsləndirib. Statistikadan da görünür ki, həqiqətən də belədir.
Ona görə də sonrakı dövrdə qlobal bazarda yaşananlara çox bağlı olmamaq üçün qeyri-neft gəlirlərinin artımı üzərində fikirləşmək gərəkdir. Özü də artıq çox ciddi.
Bizim.Media