Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftə Azərbaycanda tətil dövrünə təsadüf edir. Özü də bu tətilin müddəti əvvəlkilərdən xeyli fərqlənir: mart ayının yarıdan çoxu, daha dəqiq desək, 58%-i istirahət dövrünə düşüb. Bəs bunun iqtisadiyyata təsirləri necədir? Daha çox istirahət etməklə iqtisadiyyatı artırmağa nail olmaq mümkündürmü?
Bayramların pulu hardandır?
Cari ilin yanvarında Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ÜDM istehsalı 9,4 mlrd manat təşkil etmiş və iqtisadiyyatımız ötən ilin ilk ayı ilə müqayisədə 0,9% azalmışdı. Yanvar-fevralda isə ÜDM istehsalı 19,1 mlrd manata çatmış və iqtisadiyyat ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% artıma nail olub. Baxmayaraq ki, fevral 28 gün, yanvar isə 31 gün idi. Amma daha dərinə getsək, görürük ki, iqtisadiyyatımızın artımı üçün ayın neçə gününün iş günü olmasının birbaşa önəmi yoxdur. Niyə?
Bu ilin yanvarında neft-qaz sektoru üzrə ÜDM 4% azalma nümayiş etdirmişdi, iki ayın nəticəsinə görə isə bu göstərici 2,7% olmuşdu. Baxmayaraq ki, həm yanvarda, həm də fevralda qeyri neft-qaz sektoru üzrə artım qeydə alınmışdı. Demək yanvarda neft-qaz sektorundakı ciddi azalma ÜDM-ə hiss ediləcək təsir göstərən amil rolunda çıxış edib. Bəs yanvarda neft-qaz sektorundakı belə azalma nədən qaynaqlanırdı?
Deyə bilərsiniz ki, neft azalır. Bu amil var, ancaq neft-qaz sektoru ÜDM-ni 4% azaldacaq gücə malik deyil. Bu dəfə neft-qaz ÜDM-nin azalma tempini aşağı çəkən amil kimi ilk dəfə qaz çıxış edib. Çünki yanvarda “Şahdəniz” yatağındakı “Alfa” platformasından sahilə gələn sualtı boru kəmərində texniki problemin yaranması nəticəsində hasilat 11 günə yaxın dayandırılmışdı.
Ona görə də Azərbaycan iqtisadiyyatının strukturunda neft-qaz sektorunun payı hazırda 34,1% təşkil etsə də, onun ölkəyə gətirdiyi gəlir kifayət qədər böyükdür. Belə ki, Dövlət Gömrük Komitəsinin yanvar-fevral ayları üzrə hesabatına görə, neft-qaz sektorunun Azərbaycanın ixracında xüsusi çəkisi 89,82% təşkil edir. Bunun 56,08%-i xam neftin payına, 1,21%-i neft məhsullarının və 32,53%-i isə təbii qazın payına düşür.
Neft-qaz sektoru da bildiyimiz kimi istər hasilatı olsun, istər emalı, istərsə də satışı fasiləsiz rejimdə həyata keçirilir və Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sahəsində 1 fevral 2025-ci il tarixinə bilavasitə çalışan işçilərin sayı 31,6 min nəfər olub, yəni ölkə üzrə muzdla çalışan işçilərin ümumi sayının 1,8%-ni təşkil edib.
Yəni bütün bunları deməyimin məqsədi bilirsiniz nədir? Azərbaycandakı çoxgünlük tətillərin nəyin hesabına mümkünlüyünü Sizlərə çatdırmaq istəyirəm. Ölkəmizin sərvəti olmasaydı, hökumət həmin sərvəti kapitala çevirə bilməsəydi və muzdla çalışan işçilərin yarısı da dövlətdən əmək almasaydı, onda heç zaman bu qədər bayram və tətillə dolanmaq da mümkün olmazdı.
Bu baxımdan elə bilməyin ki, həmişə belə olacaq. Bizim də yerin altındakı resurslar azalır, çünki tükənənlər seqmentinə aiddirlər, getdikcə daxili bazarda da rəqabət artacaq və yaxşı işləmək həvəsi indiki ilə müqayisədə daha qabarıq hiss ediləcək. Ona görə də indiki resursun qədirini bilib növbəti mərhələyə hazırlaşmaq gərəkdir ki, həm indiki yaşayışdan daha yaxşısına qadir olasan, həm də qohum-qonşudan geri qalmayasan.
Amerikalı yeni səhmdar
Bu həftə Azərbaycanın enerji sektorunda uzun illərdir ki, bir nömrəli xarici sərmayəçi kimi çıxış edən Böyük Britaniyanın bp şirkəti bizim qaz layihələrimizə birbaşa təsir gücündə olan, sayılıb-seçilən infrastruktur müqaviləsində maraqlı bir gediş etdi. Onun maraqlı cəhəti isə ondan qaynaqlanır ki, Amerika Birləşmiş Ştatlarını təmsil edən şirkəti də meqa layihəyə qoşur.
ABŞ-ın “Apollo Funds” investisiya şirkəti Xəzər dənizindən Türkiyə üzərindən Avropaya qaz nəql edən Cənub Qaz Dəhlizi boru kəməri sisteminin ən uzun hissəsi olan Trans-Anadolu Təbii Qaz Boru Kəmərində pay alır.
Bununla bağlı şirkətlər artıq saziş imzalayıblar. Sazişə əsasən, Apollo TANAP-da 12% paya malik olan BP Pipelines (TANAP) Ltd şirkətində nəzarət hüququ olmadan 25 faizlik pay alacaq.
Razılaşmaya əsasən, Apollo bp-nin TANAP layihəsindəki payına qoşulmaq üçün təxminən 1 milyard dollar vəsait ödəməli olacaq. Bu əməliyyatdan əldə edilən gəlir bp-nin 20 milyard dollar dəyərində aktiv satışı və digər kapital artımı proqramına töhfə verməlidir.
Bu əməliyyat bp-yə TANAP-dakı payını monetizasiya etməyə imkan versə də, bp TANAP-ın səhmdarı olaraq qalacaq və bp tərəfindən idarə olunan Azərbaycanın Şahdəniz qaz yatağının qaz təchizatı zəncirinin mühüm hissəsi olan boru kəmərində uzunmüddətli kommersiya və strateji maraqlarını, o cümlədən, idarəetmə hüquqlarını qoruyub saxlayacaq. Sövdələşmənin tənzimləyici orqanlar və TANAP səhmdarlarının təsdiqi ilə 2025-ci ilin 2-ci rübündə bağlanacağı gözlənilir.
Anqlo-saks sövdələşməsinin açması
İndi sadə şəkildə izah edim bu anlaşmanın məğzini. BP şirkəti TANAP-da öz payından hüquqi olaraq imtina etmir. Lakin Amerika şirkətinə özünün özünün indiki dövrə qədər ortala olan dividendləri çərçivəsində gəlirlərini 1 mlrd dollar olmaqla əvvəlcədən alır. Bəs belə bir sövdələşmə nəyə lazımdır?
BP üçün öz biznesini daha gəlirli səviyyəyə çatdırmaq üçün kapital lazımdır. Həmin kapitalın maliyyə qurumlarından, yəni banklardan alınması borc içində olan Britaniya şirkəti üçün sərfəli deyil. Bəs Amerika şirkəti nədən belə razılaşmaya gedir? Onun azad kapitalı var. Və o buna sırf investisiya layihəsi kimi baxır.
Yəni başa düşür ki, Cənub Qaz Dəhlizinin rolu artacaq, onunla qaz nəqli həcmləri də yaxın və orta perspektivdə artıma doğru yönələcək. Demək, layihənin bundan sonra gətirəcəyi dividendlər daha yüksək olacaq. Məhz onların hesabına indi ödədiyi 1 mlrd dollardan daha çox vəsait qazanmaq şansı yaranacaq ki, bu da onun xalis mənfəətliyini yüksəldəcək. Necə deyərlər hər iki tərəf öz maraqları çərçivəsində çıxış edir və bunu hazırkı məqamda düzgün addım hesab edir: birinə bu saat kapital gərəkdir, digərinə isə əlindəki kapitalı artırmaq.
Bundan əlavə Apollo şirkəti hesab edir ki, onlar təkcə uzunmüddətli dövr üçün kapitalı miqyaslana bilən layihəyə yatırım etmirlər, həmçinin daha aşağı karbonlu enerji aktivlərini əhatə edən strateji məqsədlərə çatmaq üçün dünya qarşısında duran ümumbəşəri məqsədlərə töhfə naminə addımlar atırlar.
İndi rəsmi Bakının və tərəfdaşlarının zamanında necə bir masştablı, eyni zamanda iqtisadi baxımdan cəlbedici və həmçinin qlobal mənada ekoloji məsələlərə yardım edə biləcək bir meqa layihəyə imza atdığının düzgünlüyünə və uzaqgörənliyinə bir daha əmin olmaq mümkündür.
Avropa bizdən nə qədər qaz alıb?
Bu həftə Avropa İttifaqı 2024-cü il üzrə Azərbaycandan idxal etdiyi təbii qazın dəqiqləşdirilmiş həcmlərini açıqlayıb. Avropa İttifaqının Statistika İdarəsinin, yəni “Eurostat”ın məlumatına görə, ötən il Azərbaycandan İttifaq ölkələrinə 11 mlrd 604 mln kubmetr qaz alınıb. Onu deyim ki, Avropa İttifaqı bizim qazı öz standartları ilə ölçdüyündən müəyyən fərqlər əmələ gəlir. Bunu nəzərə alsaq, Avropada qəbul edilən qazın həcmi bizim standartlarla təxminən 11,9 mlrd kubmetr edir.
Diqqətli oxucu sual edə bilər ki, axı Azərbaycan Energetika nazirliyi ötən il Avropa bazarlarında 12,9 mlrd kubmetr həcmində qaz satdığımızı qeyd etmişdi. Bəli, belədir. Lakin bu, ilkin statistika idi. Adətən, daha sonra Energetika nazirliyi dəqiqləşdirilmiş statistikanı özünün illik hesabatında müfəssəl şəkildə açıqlayırdı. Çox təəssüflər olsun ki, nazirlik bu günə qədər onu dərc etməyib.
Nə sirdisə, heç Azərbaycan Dövlət Neft Şirkəti də ötən illə bağlı təsərrüfat göstəricilərini açıqlamayıb. Gömrük Komitəsinin məlumatları əsasında tərtib edilən Azərbaycan Respublikasının 2024-cü ildə “Xarici ticarət əlaqələri” bülletenində ölkəmizin qaz ixracının həcmi 25,77 mlrd kubmetr göstərilsə də, Dövlət Statistika Komitəsinin hasilatçı şirkətlərin məlumatları əsasında dərc etdiyi qaz ixracı 26,1 mlrd kubmetr təşkil etmişdi.
Bu baxımdan da ortada müxtəlif statistika, müxtəlif göstəricilər olduğundan və müvafiq yerli qurumlar tərəfindən yekun bir rəy verilmədiyindən hazırda çətindir real qaz ixracı göstəriciləri haqda mülahizə yürütmək. Sadəcə əldə olan hansısa mənbənin göstəriciləri əsasında təhlillər aparmaq məcburiyyətindəyik.
Avropaya satdığımız qazın qiyməti
“Eurostat” həmçinin bildirir ki, ötən il Azərbaycandan satın alınan qazın dəyəri 4,35 mlrd avro təşkil edib. Bu statistikaya əsasən demək olar ki, Azərbaycan 2024-cü ildə Avropa İttifaqına 1000 kubmetr qazı orta hesabla 375 avrodan satıb. Əgər Avropa Mərkəzi Bankının statistikasına nəzər yetirsək, ötən il avronun ABŞ dollarına qarşı orta kursu 1,0822 olub. Onda məlum olur ki, 2024-cü ildə Azərbaycan Avropa məkanında mavi yanacağının 1000 kubmetrini orta hesabla 405 dollar 82 sentdən satıb.
Onu deyim ki, bu, Azərbaycan üçün kommersiya nöqteyi nəzərindən kifayət qədər uğurlu hesab ediləcək bir satış qiymətidir. Çünki 2025-ci ilin əvvəlindən Avropa bazarlarında qiymətlər daha da yüksəlib. Belə ki, Niderlandın TTF qaz qovşağında təhvil verilmək şərti ilə satılan mavi yanacağın hər 1000 kubmetrinin qiyməti cari ilin yanvarında 517 dollar, fevralında 542 dollar, martın bu gün keçirilən sonuncu hərracları nəzərə alınmadan isə 473 dollar təşkil edib. Yəni birinci rübdə orta qiymət 509 dolları aşıb.
Burada xatırlatmaq yerinə düşərdi ki, ötən ilin noyabrında Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı maliyyə naziri bildirmişdi ki, təbii qazın min kubmetrinin orta ixrac qiyməti 242 dollar səviyyəsində proqnoz edilib. Bu baxımdan cari ildə qazın faktiki ixrac qiymətlərinin proqnoz göstəricilərini üstələməsi şübhə doğurmur.
Qaz mövzusunu davam etdirərək bildirmək istərdim ki, Azərbaycanın Avropa istiqamətində qaz ixracını genişləndirməsi yaxın və orta perspektivdə gündəmdə olan vacib məsələlər sırasında olacaq. Çünki Rusiya-Ukrayna müharibəsinin hansı nəticələrlə başa çatmasından asılı olmayaraq artıq aydındır ki, Avropa İttifaqı özünün gələcək enerji təminatında Rusiyanı bir tərəfdaş kimi görmür və bütün siyasətini ondan uzaqlaşmağa yönəldir.
Bu kontekstə Avropanın Cənubunda, Şərqində və Balkan ölkələrində Rusiya qazından asılı olan bazarların alternativ mənbə kimi Azərbaycana daha çox diqqət etməsi onu göstərir ki, hələ ən azı 20 il Avropada bizim qaza tələbat indiki səviyyədən az olmayacaq.
Bu baxımdan mavi yanacaqdan əldə etdiyimiz enerjinin kapitala çevrilməsi imkanları üzərində daim işləməli, tərəfdaşlarla münasibətləri çoxşaxəli müstəviyə keçirməli və iri bazarlarda mövqelərimizi möhkəmləndirməliyik.
Bizim.Media