Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Od çərşənbəsindən sonra təbiətdə baharın nəfəsi yetərincə duyulmaqdadır. Özü də təkcə bizdə yox, bütün Şimal yarımkürəsində mülayim hava şəraiti müşahidə edilir. Təbii ki, belə bir hal özünü enerji daşıyıcılarının qiymətində əks etdirməyə bilməzdi.
MÖVZU İLƏ BAĞLI:
“Qara qızıl”dan “yaşıl enerji”yə KEÇİD – Neftdən asılılıq necə AZALDILIR? – İlham Şabanın ŞƏRHİ
Qlobal bazarlar
Yola saldığımız həftə qlobal bazarlarda enerji daşıyıcılarının qiymətində uzuclaşma özünü hər sahədə göstərib. Havanın istiləşməsi ilk olaraq təbii qaza olan tələbatın azalmasına gətirib çıxarıb ki, nəticədə də Avropa bazarlarında qiymət əvvəlcə 500 dollardan aşağı həddə düşüb, daha sonra isə Niderlandın TTF qaz qovşağında təhvil verilmək şərti ilə 457 dollaradək eniş edib.
“Qara qızıl”ın qiymətində azalma oldu. Özü də psixoloji hədd olan “70-dən aşağı” həddə düşməklə. Cari həftə London Əmtəə Birjasında Brent markalı neftin qiyməti 2021-ci ilin dekabrından sonra ən aşağı qiymətə ticarət edildi. Martın 5-də Brent-in ən ucuz partiyası 68 dollar 33 sentə satıldı. Həmin gün neft dünya barlarında dəyərini 2,5% itirdi. Baxmayaraq ki, həftə əvvəli neftin qiyməti 71 dollardan yuxarı qiymətdə idi.
Bəs neft qiymətlərini üzü aşağı aparan səbəblər nə idi?
Bunun iki əsas səbəbi vardı. Birincisi, martın 3-də videokonfrans formatında keçirilən görüşdə qərara alındı ki, OPEC+ çərçivəsində bu ilin 1 aprel tarixindən hasilatın tədricən artırılmasına başlanılsın. Təxminən gündəlik hasilatın 138 min barel artırılması nəzərdə tutulur.
Neft qiymətlərini aşağı çəkən ikinci səbəb isə daha qlobal xarakterlidir və bazara qısamüddətli deyil, uzunmüddətli təsir imkanına malik ola bilər. Çünki bu, artıq iqtisadi siyasətdən qaynaqlanır.
Martın 4-dən ABŞ-nin Meksika və Kanada mallarına 25%-lik vergi tətbiqi qüvvəyə mindi. Bundan əlavə Tramp Çin mallarına əvvəllər elan etdiyi gömrük tariflərini 10%-dən 20%-dək yüksəltdi. Necə deyərlər dünya qlobal ticarət müharibələrinin kəskin qarşıdurmalar fazasına keçidini əyani olaraq yaşamağa başlayır. Bəs nəticə nə olacaq? Ticarət zəifləyəcək, istehsal müəssisələri bəziləri bağlanacaq, bəziləri isə fəaliyyətini azaldacaq.
Yəni dünyanın siyasi və iqtisadi həyatında yaşananlara indidən baxdıqda, onu görmək olur ki, cari il üçün proqnoz edilən çox göstərici özünü doğrultmayacaq.
İqtisadi münasibətlər zəiflədiyi şəraitdə enerjiyə olan tələbat da azalmağa doğru getməlidir. Belə olan halda isə neftin qiyməti 70-dən yuxarı deyil, daha çox ondan aşağı dəhlizə keçidi təxmin edilir.
İğdır-Naxçıvan qaz kəməri
Azərbaycanın enerji həyatında baş verən ən mühüm hadisə isə şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında yaradılan yeni enerji infrastrukturunun işə salınması ilə bağlıdır. Martın 5-də Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə iki ölkəni birləşdirən yeni İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi əlamətdar hadisə kimi iqtisadi tariximizə yazıldı.
Azərbaycan Prezidenti İlham Əliyev Ankarada videoformat rejimində keçirilən açılış mərasimində bəyan etdi ki, “bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi”.
Öz növbəsində Türkiyə Cümhuriyyətinin dövlət başçısı Rəcəb Tayyib Erdoğan Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə toxunaraq əlavə edib ki, “bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq”.
Qeyd edim ki, Türkiyə və Azərbaycan energetika nazirləri Alparslan Bayraktar və Pərviz Şahbazovun açılışını fiziki olaraq həyata keçirdikləri İğdır-Naxçıvan boru xətti iki ölkə arasında strateji enerji tərəfdaşlığında yeni bir keçid olmaqla sayca üçüncü qaz kəməridir.
Burada xatırlatmaq istərdim ki, İğdır-Naxçıvan qaz kəmərinin tikintisi haqqında ilk razılaşma 2020-ci ilin dekabrın 15-də Ankarada imzalanıb, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. 2023-cü ilin 25 sentyabr tarixində isə Naxçıvanda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə kəmərin təməlqoyma mərasimi keçirilib.
Yeni kəmərin əhəmiyyəti
İlk növbədə Naxçıvan Muxtar Respublikasının enerji müstəqilliyinə verilən bir töhfədir. İkincisi, bu kəmər Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq.
Müstəqilliyimiz dövründə Naxçıvanın qaz təminatı 2005-ci ilin sonuna qədər olmayıb. Məhz Prezident İlham Əliyevin atdığı inamlı addımlar nəticəsində 2005-ci ilin qış mövsümündə ilk dəfə olaraq Naxçıvana İran üzərindən svop edilməklə mavi yanacağın verilməsi başlandı. Düzdür, belə bir addım bizim üçün heç də sərfəli qiymətə başa gəlməsə də, amma o zaman üçün başqa çıxış yolumuz da yox idi. İslam Respublikası qazın çatdırılmasına görə regiondakı mövcud tariflərdən təqribən 3 dəfə çox haqq alırdı bizdən.
Bu baxımdan İğdır-Naxçıvan qaz kəmərinin işə düşməsi Naxçıvanın qaz təminatında alternativ imkanları ortaya qoyur ki, zənnimcə, bunun nəticəsində İran tərəfi də artıq şərtlərini yumşaltmaq yolunda addımlar atacaq. Çünki Azərbaycanın məqsədi Astaradan ötürülən qaz həcmlərini kəsməyə hesablanmayıb. Rəsmi Bakı öz siyasətini dost ölkələrlə həmişə əməkdaşlığa, qarşılıqlı maraqlara və münasibətlərin inkişafına yönəldib.
Yeni enerji əməkdaşlığı
Yola saldığımız həftə regional əməkdaşlıq çərçivəsində Azərbaycan daha bir addım atıb. Martın 4-də Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransı çərçivəsində SOCAR ilə Qazaxıstanın “KazMunayQaz”, Tatarıstanın “Tatneft”və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri arasında dördtərəfli və ikitərəfli sənədlər imzalanıb.
Elə həmin gün SOCAR-la əməkdaşlığı genişləndirmək niyyətində olan şirkət rəhbərlərini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev yeni yaradılan əməkdaşlıq formatının perspektivlərinə toxunaraq onun ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Konfransda müzakirə edilən məsələlərdən biri də şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması idi. Çünki neft-qaz sahəsi iqtisadiyyatın və o cümlədən insan əməyinin riskli sahəsindən hesab edilir. Onu deyim ki, konfransdan bir gün sonra sanki tale özü bu sahədə şirkətimizi sınağa çəkdi. Belə ki, onun ən mühüm bir istehsalat obyektində fövqəladə hadisə baş verdi.
Fövqəladə hadisə
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində səhər yanğın başlanması ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yaydı. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ işi nəticəsində yanğının yayılmasının qarşısı alınmış və bir qədər sonra onu tam söndürmək mümkün olmuşdu. Amma mətbuatın da geniş işıqlandırdığı bu məsələdən görünən o idi ki, yanğın hansısa köməkçi bir təsərrüfat sahəsi ilə bağlı olmayıb.
Məsələnin ciddiliyini bir fakt da təsdiqləyir ki, Baş nazir Əli Əsədov Neft Emalı Zavodunda baş vermiş yanğının səbəblərini yerində araşdırmaq üçün hadisə yerinə gedib, bilavasitə yanğının söndürülməsi prosesini müşahidə edib.
Oxuculara bu məsələnin ciddiliyini izah etmək istəyirəm: yolda gedərkən “Oddan təhlükəli” yazılı yanacaq daşıyan avtomobilləri görərkən nə hiss keçirirsiniz? Adam istər-istəməz ondan uzaq durmağa, ehtiyatlı olmağa meylli olur. Çünki çəkindirici bir xəbərdarlıq var. İndi təsəvvür edin şəhərin ortasında həmin od-alov daşıyıcısından ucu-bucağı görünməyən böyük bir enerji obyektini. Amma üzərində adından başqa bir məlumat verilmir.
Yəni neft emalı zavodu nə qədər də yaxşı istismar edilsə də, nə qədər müasir avadanlıqlara malik olsa də, amma ilin 365 gününü fasiləsiz işləyən bir istehsal obyektidir, hər şey olması mümkündür, necə ki, martın 5-də artıq oldu və bundan əvvəllər də ara-sıra nəsə olurdu.
Ona görə də, mən hələ tam başa düşə bilmirəm ki, bu cür risk mənbəli obyektin Odlar Diyarının paytaxtından köçürülməməsini 10 il əvvəl hökumət necə əsaslandırıb? Baxmayaraq ki, Azərbaycan Prezidenti hələ 2008-ci ildə hökumətə tapşırıq vermişdi ki, Bakı şəhərində istismar olunan iki neft emalı zavodunun şəhər hüdudlarından kənara çıxarılmasını və tam yeni neft-kimya kompleksinin tikilməsini həyata keçirsin.
Neft emalının riskləri
Ümumiyyətlə, neft emalı zavodunun şəhər ərazisində yerləşməsi bir sıra ciddi risklər yarada bilər. Bu risklər əsasən 4 kateqoriyaya bölünür: Birincisi, ekoloji risklərdir ki, bura istehsal prosesləri zamanı atmosferin bir sıra zərərli qazlarla çirklənməsi aiddir. Bundan əlavə sızmalar nəticəsində neft və kimyəvi maddələrin yeraltı sulara və torpağa qarışaraq ekosistemə vura biləcəyi ziyanlardı. İkinci ən böyük risk Sağlamlıq məsələləri ilə bağlıdır. Zavoddan çıxan zərərli qazlar (kükürd dioksid, azot oksidləri, benzol və s.) nəfəs yolları xəstəliklərinə və xroniki sağlamlıq problemlərinə səbəb ola bilər.
Amma ən təhlükəli risk yanğın və partlayış hesab edilir. Çünki bu təkcə qurğuların dağılması, istehsal prosesinin pozulması deyil, həmçinin ətrafdakı insanların sağlamlığına kütləvi neqativ təsir edən faktor kimi çıxış edə bilər. Və nəhayət, Sosial və iqtisadi risklər gəlir. Daimi səs-küy, spesifik qoxulu hava, istehsalat məşəllərinin olması ətrafda yaşayış keyfiyyətinin azaldan faktorlardır. Bütün dünyada yüksək riskli sənaye obyektlərinin ətrafı əmlak dəyərlərini kifayət qədər azaldan faktor rolunda çıxış edir.
İndi təsəvvürünüzə gətirə bilərsinizmi ki, paytaxtda torpağın qızıl qiymətinə olduğu bir zamanda nə qədər böyük bir ərazi yüksək risk dərəcəsi olan sahəyə çevrilib və bu da o yerlərdə qeyri-neft sektorunda daha bahalı əlavə dəyərin yaradılmasının qarşısını alır. Amma elə bilməyin ki, bu problemi hökumətdə görmürlər.
Neft emal zavodunun köçürülməsi
Ötən həftənin ilk iş günü Milli Məclisdə Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmə zamanı Nazirlər Kabinetinin Sənaye və Energetika Şöbəsinin müdiri Elşən Hacızadə istisna etməyib ki, Bakının mərkəzindən neft emalı zavodu çıxarıla bilər. “Bu il Bakı şəhərindən neft emalı zavodunun köçürülməsi ilə bağlı qərar qəbul olunarsa, proses 2030-2031-ci illərdə həyata keçiriləcək”, deyə hökumət nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, hazırda Bakıdakı neft emalı zavodunun gələcəyi ilə bağlı iki ssenari nəzərdən keçirilir:
"Birinci ssenari zavodun modernləşdirilməsinin davam etdirilməsidir, ikinci isə zavodun köçürülməsini nəzərdə tutur”.
Bizim.Media