Valideyn himayəsindən məhrum olmuş, valideynlərini itirmiş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq.
Başqa sözlə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.
Bildirilib ki, birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əmək haqqı aylar və illər üzrə dəyişir.
Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media