Bu gündən Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı avtomobil benzini bahalaşıb. Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib.
Məlumdur ki, bu yanacaq növləri Azərbaycana xaricdən idxal olunur və az istehlak olunur. Bununla belə qiymət artımının digər sahələrə təsiri və bahalaşmaya səbəb olacağı gözlənilirmi?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda benzinin qiyməti qalxdı - FOTO
İqtisadçı Natiq Cəfərli Bizim.Media-ya açlıqlamasında bildirib ki, Aİ-95 markalı benzinin istifadəsi ölkədə təqribən 10-12 faizdir:
“Ona görə də birbaşa iqtisadiyyata təsiri yoxdur. Bu yanacaq növləri əsasən yeni avtomabillərdə istifadə olunur. Yeni texnologiyalarla çalışan avtomobillərdə Avro-5 standartlarına uyğun benzin işlədilməli olduğu üçün onlar bu markalı benzindən istifadə etməyə məcburdurlar. Qiymət artımı əsasən yeni avtomabil sahiblərinin cibinə ziyan vuracaq. Amma təbii ki, bazarda bir psixoloji gərginlik yaradır, gözlənti formalaşdırır ki, bunun digər sahələrə də təsiri olacaq”.
İqtisadçı bildirib ki, Aİ-95 benzinin qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün burada bazar iqtisadiyyatı qaydaları işləməlidir:
“Şirkətlər azad şəkildə bu benzini ölkəyə gətirib satmalıdır. Qiymətlər də əslində müxtəlif olmalıdır. Məsələn, Azərbaycanın Gürcüstanla sərhədində qiymət Bakıdan daha ucuz olmalıdır. Çünki ən azı onun bu qədər məsafədə daşınması üçün vəsait sərf olunmur”.
Xatirə Nəsirli, Bizim.Media