Bir neçə ölkədə yeni üsullarla süni ət əldə edirlər. Sinqapur 2020-ci ildə süni ət satışına icazə verən ilk ölkə olub. 2021-ci ildə İsraildə süni ət yetişdirilməsi üçün dünyanın ilk sənaye sistemi istifadəyə verilib.
Bəzi tədqiqatlara görə, yaxın beş ildə laboratoriya şəraitində təşkil olunan ət istehsalı canlı heyvanlardan əldə olunan ət istehsalı ilə rəqabət aparacaq. 2040-cı ildə isə dünya ət bazarında süni ətin xüsusi çəkisinin 35 faizə çatacağı proqnozlaşdırlır.
MÖVZU İLƏ BAĞLI:
İsrail süni mal ətinin satışına icazə verən ilk ölkə OLDU
Hələki Azərbaycanda süni ətin əldə edilməsi ilə bağlı məlumatlara rast gəlinmir. Lakin istehlakçılar ölkəyə idxal olunan ət məhsullarında, kolbasa və sosislərdə süni ətdən istifadə olunduğunu iddia edirlər.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı Bizim.Media danışıb.
O deyib ki, Azərbaycanda süni ət istehsalına qadağa yoxdur:
“Azərbaycanda süni kürü istehsalı neçə illərdir mövcuddur. Ölkədə süni ət istehsalı yoxdur və əmtəə bazarında süni ət satılmır. Bu, digər ölkələrdə mövcuddur. Amma buna qadağa da yoxdur, hansısa müəssisə müəyyən texniki şərtlərlə bunu istehsal edə bilər. Azərbaycanda süni düyü, süni yumurta da yoxdur.
Bəzən əhali arasında bunların ölkəmizdə olması ilə bağlı məlumatlar yayılır, amma bunlar Azərbaycanda yoxdur. Qidaların təhlükəsizliyinə dövlət orqanları tərəfindən nəzarət olunur. Əgər kimsə mənə süni düyü, süni ət və yaxud süni yumurtanın nümunəsini gətirərsə, ona qiymətli hədiyyə verərəm”.
Sədr ölkəyə gətirilən ət məhsullarında süni ətdən istifadənin mümkün olduğunu bildirib:
“Xarici ölkələrdən gətirilən ət məhsullarının tərkibində qarışıq şəkildə süni ətin olması istisna olunmur. Bunu da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi araşdıra bilər”.
Günay Şahmar, Bizim.Media