Trampın enerji bazarını təşvişə salan BƏYANATLARI – Qiymətlər DƏYİŞƏCƏK?

Trampın enerji bazarını təşvişə salan BƏYANATLARI – Qiymətlər DƏYİŞƏCƏK?

Hazırda oxunan: Trampın enerji bazarını təşvişə salan BƏYANATLARI – Qiymətlər DƏYİŞƏCƏK?

231882

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Ötən həftə ilin ən çox izlənilən hadisəsi artıq baş verdi. ABŞ-də hakimiyyət kürsüsünə yenidən Donald Tramp əyləşdi. ABŞ-də nə addımlar atılmasının, hansı bəyanatların səsləndirilməsinin dünyamıza çox böyük təsiri var: iqtisadiyyata da, siyasətə də.  Amma bizi maraqlandıran enerji bazarlarıdır.

Qlobal bazarlar

Yanvarın 20-də Donald Tramp ABŞ prezidenti kimi and içərkən “Amerikanın qızıl dövrü indidən başlayır” bəyanatının sədaları hələ qulaqlardan çəkilməmiş, özünün ölkənin enerji siyasətində mühüm dəyişikliklərin təşəbbüskarı olduğunu və “qara qızıl” dövrünün uzun illər olmasa da, ən azı onun rəhbərliyi zamanı dünyanın əsas enerji daşıyıcısı kimi qalmasını ortaya qoydu. Onun addımları qlobal bazarlara və yaşıl enerjinin inkişafına da təsirsiz ötüşmədi. Enerji siyasətində əsas dəyişikliklər neft və qaz hasilatında ABŞ-nin dünya liderliyini qorumasına yönəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Trampın “sehirli çubuğu” neft qiymətlərini AŞAĞI SALDI


Tramp ənənəvi enerji daşıyıcıları hasilatının stimullaşdırılmasına, o cümlədən əvvəllər qorunan federal ərazilərdə qazma işlərinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına yönəlmiş sərəncamlar imzaladı. Bundan əlavə, mayeləşdirilmiş təbii qazın (LNG) ixracına qoyulan moratoriumu aradan qaldırdı.

Təbii ki, Ağ Evdə atılan yeni enerji siyasəti qlobal bazarlarda da özünü göstərməyə başladı. Neft bazarlarında qiymətin az da olsa enməsi müşahidə edilməyə başladı. Belə ki, ötən həftə Brent markalı neft son 6 ayda ilk dəfə ən baha qiymət səviyyəsinə - bir barel üçün 82 dollara çatsa da, artıq Trampın and içmə mərasimindən sonra enişə başladı: həftənin əvvəli 80,15 dollara satılan “qara qızıl” həftə sonu 78 dollara qədər ucuzlaşdı.

Yanvarın 23-də Davosda keçirilən Dünya İqtisadi Forumunda distansion çıxışı zamanı Tramp bəyan edib ki, Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini aşağı salmalarını istəyəcək.

Onun sözlərinə görə, bu addım həm ABŞ-da inflyasiyanı azaltmağa, həm də Rusiyanın Ukraynada müharibəni dayandırmasına kömək edəcək:

"Nefti ucuzlaşdırmaqla bu müharibəyə son qoymaq olar. İndiyədək bunun edilməməsi məsuliyyətsizlikdir. Biz qiyməti düşürəcəyik və Rusiya dərhal Ukrayna ilə müharibəni dayandıracaq".

Artıq bu çıxışdan sonra məndə Trampın enerji siyasətinin dayanıqlığına bir şübhə yarandı. Çünki onun səsləndirdiyi bəyanatlarda məntiqdən daha çox emosiyalar yer alır. İndi bunu izah edim. Əvvəla, Tramp deyir ki, ölkəsində neftin bahalı olması yüksək inflyasiyanın əsasıdır və bunu aradan qaldırmaq üçün bazarda daha ucuz enerjinin əldə edilməsi vacibdir. Bu baxımdan da neftin hasilatının artırılması üçün nə lazımdırsa edir, sərəncamlar imzalayır, stimullaşdırıcı direktivləri təsdiq edir və s. Bununla da hasilatın daha 3 mln barel artırılacağını hədəfləyirlər.

Neft və qaz sənayesi iqtisadiyyatın elə bir sahəsidir ki, orada qısamüddətli dövrdə hasilatın artımını təmin etmək demək olar ki, mümkünsüzdür. Tranpın ilk prezidentlik dövründə (2017-2021) neft hasilatını dəstək siyasəti reallıqda 2 ildən sonra bəhrəsini verməyə başlayıb. Hətta onu əvəzləyən Baydenin nefti buxovlamaq istəyi belə ötən 4 ildə gündəlik hasilatın təqribən 2 mln barel artması ilə yadda qalıb.

ABŞ-ın neft hasilatının artımını təmin edən isə şist neft yataqlarıdır. Amma onun maya dəyəri ənənəvi üsulla laylardan çıxarılan neftdən bahadır. Yəni ABŞ-da neftin hasilatını artırmaq üçün onun qiymətinin aşağı salınması müşküldür. İkinci bir tərəfdən, ABŞ OPEC-in birinci skripkası rolunda çıxış edən Səudiyyəni yola gətirəcəyini də bildirir. Axı, OPEC neft ixrac edən və iqtisadiyyatları neftdən asılı olan ölkələrin təşkilatıdır. Onlar mürəkkəb “enerji keçidi” dövründə nədən özlərinin qazanclarından keçməlidirlər? Hər şeyin axı qiyməti var – qazanc birtərəfli olmur.

İqlim dəyişikliklərinə şübhə

Tramp həmçinin karbon emissiyalarının azaldılması üzrə beynəlxalq öhdəliklərdən imtina etdiyini nümayiş etdirərək, Paris iqlim sazişindən bir daha geri çəkildi. Artıq okeanın o tayında yaşıl enerjiyə dövlətin dəstəyinin azaldılması siyasəti yürüdülür və bərpa olunan enerji üçün federal subsidiyaların, dəstək proqramlarının kəsildiyi aydınlaşır.

Çünki Tramp və respublikaçılar  hesab edirlər ki, bazarda tələbat nəyədirsə, o da bazarda yerini rəqabət əsasında tutmalıdır, zorla bir enerjini bazardan çıxartmaq, yerinə isə müxtəlif stimullaşdırıcı addımlarla digərini gətirmək məqsədəuyğun deyil.

Tramp iqlim dəyişiklikləri məsələsinin elmi izahının inandırıcı olmadığını bəyan edir. Amma maraqlı hal odur ki, Tramp bunları deyərkən ABŞ, görmədiyi qışla üzləşmiş, sərt soyuqlar, ölkənin hətta indiyə qədər qar görməyən ştatlarında çovğunlar müşahidə edilirdi.

Davosdakı Forum

Bu həftə Azərbaycanın enerji siyasəti ilə bağlı əks-sədalar Bakıdan xeyli uzaqlarda – İsveçrənin Davos şəhərindən gəlib. “İntellektual dövr uğrunda əməkdaşlıq” şüarı altında keçirilən Dünya İqtisadi Forumu qlobal iqtisadi və siyasi prioritetlərin müəyyənləşməsi baxımından həlledici platforma olub.

Prezident İlham Əliyevin başçılığı ilə təmsil edilən Azərbaycan nümayəndə heyəti forum çərçivəsində keçirilən diskussiyalarda fəal şəkildə iştirak edib və aparılan müzakirələrdə etibarlı iqtisadi tərəfdaş və regional əməkdaşlıq mərkəzi, həmçinin etibarlı enerji təhçizatçısı kimi ölkəmizin artan rolu vurğulanıb.

Onu da deyim ki, Davos Forumundan öncə Şahdəniz yatağındakı “Alfa” platformasından hasilatın və ixracın bərpa edilməsi Azərbaycanın Bolqarıstan və bir sıra Balkan ölkələrinin enerji təhlükəsizliyi məsələlərində oynadığı önəmli rolu bir daha nümayiş etdirib.

Bu baxımdan Prezidenti İlham Əliyevin Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşü diqqət çəkib. Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirdilər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd etməklə yanaşı Azərbaycanın hazırda Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rolu, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı məsələsini, həmçinin qaz ixracının həcminin artırılması perspektivlərini müzakirə ediblər.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan artıq 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv ölkələrdir. Azərbaycanın bu rolu Avropa İttifaqı tərəfindən pan-Avropa enerji təchizatçısı kimi qiymətləndirilib. Qeyd edim ki, Pan-Avropa enerji bazarı vahid inteqrə olunmuş enerji sahəsinin yaradılmasına yönəlmiş Avropa İttifaqı təşəbbüsüdür.

Qlobal “yaşıl enerji” bazarında durum

Onu da qeyd edim ki, enerjinin yaşıllığının vəziyyəti Davosdakı Forumda müzakirə edilən əsas mövzulardan biri olub. Bununla  bağlı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen maraqlı faktlar açıqlayıb. Onun sözlərinə görə, təkcə ötən il “təmiz” enerjiyə çəkilən qlobal xərclərin həcmi rekord 2 trilyon dollara çatıb. Enerji sektorunda isə “təmiz” enerjiyə qoyulan investisiyalar ənənəvi yanacağa qoyulan investisiyaları 10 dəfə üstələyib.

“Biz Avropada 2030-cu ilə qədər bərpaoluna bilən enerji mənbələri üzrə hədəfimizi 42%-dən yüksəyə qaldırmışıq. Bugün biz 23%-lik səviyyəyə gəlib çatmışıq, ona görə bizi qarşıda daha çox işlər gözləyir”, - deyə Avropa hökumətinin rəhbəri bildirib.

Öz növbəsində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol panel diskussiyasında etdiyi çıxışda “təmiz” enerjiyə qlobal keçidin problemlərindən söz açıb. Onun sözlərinə görə, enerji səmərəliliyinin qlobal artımı üzrə planlarımız 4% faiz olduğu halda 2024-cü ildə bu göstərici cəmi 1% təşkil edib. 

O, “təmiz” enerjiyə qlobal keçidin yolunda duran əngəllərin bununla bitmədiyini deyib:

“Bugün “təmiz” enerjiyə qoyulan investisiyaların həcmi 2 trilyon dollar təşkil edir, hərçənd 10 il əvvəl bu göstərici 1 trilyon dollar idi. Düzdür, bu əhəmiyyətli artımdır, amma problem ondadır ki, “təmiz” enerjiyə ayrılan həmin investisiyanın 85 faizi məhz inkişaf etmiş ölkələrin və Çinin payına düşür. Yaşıl enerji üzrə investisiyaların yalnız 15%-i dünya əhalisinin 60%-nin yaşadığı digər ölkələrə yatırılıb". Bu cür qeyri-bərabərlik isə iqlim dəyişikliklərinə qarşı mübarizədə pozitiv nəticənin əldə olunmasını əngəlləyir.

Onu deyim ki, ötən il Bakıda keçirilən COP29 tədbirində də qabardılan ən böyük problem məhz ölkələrin inkişafının və imkanlarının çox qeyri-bərabər olması, məhz bun səbəbdən də inkişafı zəif olan ölkələrə yardımların artırılması idi. Təəssüf ki, hələ hər ölkə buna öz prizmasından baxır və bunun sonda nə ilə nəticələnəcəyini demək çox çətindir.

Azərbaycan qaz idxalını kəskin azaldıb

Yola saldığımız həftə “Azərbaycanın xarici ticarət əlaqələri”nə dair aylıq bülletendəki statistikadan ölkəmizin 2024-cü ilin yanvar-noyabr aylarında qaz idxalını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə azaltması məlum olub.  11 ayda Azərbaycan təxminən 82 milyon dollar dəyərində 513,5 milyon kubmetr təbii qaz idxal edib. Bundan bir il öncə isə idxal həcmləri 2 milyard 217,7 milyon kubmetr idi. İdxalın azalmasına səbəb isə ölkəmizdə qaz hasilatının 2 milyard kubmtr artımı olub.

İdxal olunan qazın 1000 kubmetrinin orta dəyəri Azərbaycana 159,67 dollara başa gəlib. Amma bundan narahatçılıq keçirməyə dəyməz, çünki həmin dövrdə Azərbaycan ixraca yönələn qazını 323,28 dollara satıb. Yəni idxal qiymətindən 2,02 dəfə bahasına.

Ötən ilin 11 ayı ərzində Azərbaycan iki ölkədən qaz idxal edib: Türkmənistandan qaz idxalı 371,9 milyon kubmetr, Rusiyadan isə 141,6 milyon kubmetr həcmində olub. Nəticədə Azərbaycan Türkmənistandan təbii qaz alışını 2,65 dəfə artırdığı halda, Rusiya qazının idxalını 5,65 dəfə azaldıb.
 

İndi soruşa bilərsiniz ki, bəs Azərbaycan niyə qaz idxal edib, axı özünün qazı yetərincə olub. Bunun cavabını vaxtı ilə xarici jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov belə vermişdi: bu, sadəcə biznesdir. Bunun daha sadə izahı belədir: bank kreditlərindən istifadə etmək o demək deyil ki, sənin pulun yoxdur. Sadəcə daha əlverişli şərtlərlə gələcək biznesin əsasını qoyursan.


Bu baxımdan çalışmaq lazımdır ki, həyatın rənglərini quru statistika ilə qiymətləndirməyəsən. Onun görünməyən dividendləri də var.  

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO