Azərbaycanda geyim almaq istəyənlərin çoxu “mall”lara üz tutur. Əvvəl insanlar alternativ geyim dükanları üçün Sədərərək, Binə kimi ticarət mərkəzlərinə gedirdilərsə, indi orda da qiymətlər demək olar ki, eynidir. Şəhərin mərkəz küçələrində isə münasib qiymətə geyim tapmaq müşkülə çevrilib.
Yeraltı mağazaların çoxunda olan geyimlər isə keyfiyyətsiz və zövqsüzdür. Buna görə də, insanlar üçün ən rahat, daha az vaxt sərf edərək seçim edə biləcəkləri məkanlar “mall”lardır.
Amma nəzərə almaq lazımdır ki, onlarda da geyimlər xaricdəki qiymətlərə nisbətən 2 dəfəyə qədər çoxdur. Ən sadə köynəklərin qiyməti belə 50 manatdan başlayır. Keyfiyyətləri də sual işarəsi altındadır. Elə ən yaxın ölkələrdən biri olan Türkiyəyə nəzər salsaq görərik ki, onlar “çarşı” dedikləri geyim bazarlarından keyfiyyətli və dəbli geyimləri ucuz qiymətə tapa bilirlər.
Bəs Azərbaycanda niyə alternativ geyim sektorları inkişaf etmir?
İqtisadçı Elşad Məmmədov Bizim.Media-ya bildirib ki, geyim sektorunda olan boşluğun bir çox səbəbləri var.
“Yerli istehsalın stimullaşdırılmasına ehtiyac var, geyim istehsalına təkan vermək lazımdır. Bunun üçün pul kredit siyasəti yumşaldılmalıdır. İnvestisiyaların həcmi artmalıdır. İnvestisiyaların artımı hesabına məhsulun istehsalının çoxaldılması təbii ki, qiymətlərin sabitləşməsinə və enməsinə şərait yaradacaq. Eyni zamanda ticarət infrastrukturu genişləndirilməlidir. Ticarət sektorunda inhisarçılıqla effektiv mübarizə aparılmalıdır.
“Mall”lar üzərində ticarət şəbəkəsinin fokuslaşması istər-istəməz qiymət artımına şərait yaradır. Çünki “mall”ların icarə aktları, digər istismar xərcləri yüksəkdir. İdxalın yüksək göstəricilərlə ifadə olunması istər-istəməz ölkədə idxal inflyasiyasının xeyli dərəcədə ölkənin daxili bazarına təzyiqlərin olmasına şərait yaradır”.
Nuray, Bizim.Media