Xəbər verdiyimiz kimi 2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Yaşayış minimumunun artırılması nəyi dəyişəcək?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, yaşayış minimumu sosial müavinətlərin təyinatında önəmli rol oynayır:
MÖVZU İLƏ BAĞLI:
İnflyasiyanın artması ilə bağlı PROQNOZ – Qiymətlər necə dəyişəcək?
“Yaşayış minimumun 305 manat olması o deməkdir ki, ölkəmizdə iş qabiliyyətli insanların aylıq minimum xərcləri bu qədərdir. Ən əsası sosial müavinətlər, hansısa yardımlar və minimum əmək haqqı, minimum pensiya hesablanarkən bu göstərici nəzərə alınacaq. Nəzəri olaraq bunlar bir-birinə bağlı olan məsələlərdir.
Lakin praktikada hər şey başqa qanun və qaydalarla tənzimlənir. Məsələn, minimum əmək haqqı və yaxud minimum pensiya nə qədər artacaqsa, bunlar artıq ayrı qərarla tənzimlənəcək. Amma yaşayış minimumu sosial müavinətlərin təyinatında istinad edilə biləcək bir məsələdir”.
Surxay Atakişiyev, Bizim.Media