Pandemiya Azərbaycan turizmini 90-ci illərə qaytardı – Məmur “MACƏRA YAXINDADIR” dedi! 

Pandemiya Azərbaycan turizmini 90-ci illərə qaytardı – Məmur “MACƏRA YAXINDADIR” dedi! 

Hazırda oxunan: Pandemiya Azərbaycan turizmini 90-ci illərə qaytardı – Məmur “MACƏRA YAXINDADIR” dedi! 

22232

2020-ci il Azərbaycanda turizm üçün itirilmiş il hesab olundu. Daha əvvəlki illərdə əsasən artım istiqaməti götürmüş bu sahə demək olar ki, iflas səviyyəsinə düşdü. Qeyd edək ki, pandemiyadan əvvəlki 2019-cu il ərzində Azərbaycana gələn turistlərin sayı 3 milyonu ötmüşdü və bu rəqəmin sonrakı illərdə daha da artacağı proqnozlaşdırılırdı. Pandemiya isə gözləntləri alt-üst etdi.

Əslində 2020-ci il bütün dünya turizmi üçün itirilmiş il hesab olundu. BMT-nin Dünya Turizm Təşkilatının məlumatına görə, ilin ilk 10 ayında beynəlxalq səyahət edənlərin sayının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 72 faiz azalıb. Həmin il turizmdəki maddi itki isə 935 milyard dollara çatıb. Təşkilat dünyada turizmin 1990-cı il səviyyəsinə qayıtdığını qeyd edib. 

Ötən il turizm sektorunda baş verən kəskin geriləmə Azərbaycanda bir sıra digər sahələrin də inkişafının dayanmasını, işsizliyin artmasını, əhalinin sosial durumunun pisləşməsini şərtləndirdi.

Məlumdur ki, yanvar ayından etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkəmizdə karantin tədbirləri nisbətən yumşaldılıb. Ötən ildən fərqli olaraq, bu il daxili turuzmin sükut vəziyyətindən çıxdığı sezilir. Şəhərdə əcnəbi qonaqlar gözə dəyməsə də, qarşıdakı ərəfələrdə keçiriləcək beynəlxalq yarışlar onların gəlişini gözlənlən edib. 

Ölkəmizdə turizmin dirçəlməsi üçün hansı addımlar atılır?

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəbəri Kənan Quluzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, ölkədə yanvar ayından daxili turizmdə canlanma başlansa da, bu məhdud çərçivəli turizm sayılır: 

“Bu şəraitdə bizim əsas vəzifəmiz turizmin təhlükəsizliyini təmin etməkdir, yəni çalışırıq ki, turistlərimiz səyahət zamanı pandemiya ilə bağlı heç bir təhlükə ilə üzləşməsinlər. Bunun üçün ötən ilin avqustundan digər dövlət strukturları ilə birlikdə gündəlik olaraq monitorinqlər aparılır. 200-dən çox oteldə aparılan monitorinqlər Nazirlər Kabineti tərəfindən təsdiqlənən maska, sosial məsafə, dezinfeksiya və digər punktlarla bağlı məsələləri əhatə edir”. 

Agentlik sözcüsü bildirib ki, yay mövsümündə  Dövlət Turizm Agentliyi tərəfindən daxili turizmi dəstəkləmək üçün “Məcara yaxındadır” platforması təqdim olunub. Qiymətlərə gəlincə, aparılan monitorinqlər ucuzlaşmanın olduğunu üzə çıxarıb. Bu azalma xüsusilə Bakı otellərini əhatə edib. Kənan Quluzadə deyir ki, bu amil Bakı otellərinin xüsusilə gəlmə turizmə hesablanması ilə əlaqədardır.

Xarici turizmlə bağlı gözləntilərə gəlincə, Kənan Quluzadə bildirib ki, Agentlik dövlət qurumları müəyyən ölkələrlə ikitərəfli olaraq sərhədlərin açılması ilə əlaqədar müzakirələr aparır:

“Burada vaksinasiyanın yüksək səviyyədə aparıldığı ölkələr nəzərdə tutulur. Digər tərəfdən isə çoxtərəfli açılış həm qlobal, həm də ölkə səviyyəsində verilən qərarlardan asılı olacaq. Futbol üzrə Avropa cempionatının keçiriləcəyi iyun ayında pandemiya dövründə ilk dəfə ölkəyə turistlərin axını gözlənilir”.

Agentlik sözcüsü bildirib ki, Azərbaycan turizm sənayesi turistləri qəbul etməyə hazırdır.

Gəlmə turizmin tam olaraq bərpası, yəni 2019-cu il rəqəmlərinin təkrarlanması hələ ki, nə bu il, nə də gələn il mümkün olmayacaq. Kənan Quluzadə deyir ki, beynəlxalq və yerli mütəxəssislər hesab edirlər ki, bu rəqəmlərə yalnız 2023-cü ildə yaxınlaşmaq mümkün olacaq. Amma bu il Azərbaycanda daxili turizm ili olacaq.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO