Məlum olduğu kimi Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün Dövlət Büdcəsi zərfinin müzakirələri başlayacaq. İlkin olaraq parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi aparılacaq.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
MÖVZU İLƏ BAĞLI:
Dollar yanvarda BAHALAŞACAQ? – MÜHÜM AÇIQLAMA
Bəs, 2025-ci ilin Dövlət Büdcəsi sosial, yoxsa iqtisadi yönümlü olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov deyib ki, 2025-ci ilin dövlət büdcəsində sosial xərclər öz ağırlığını qoruyub saxlayacaq:
“Beləki, büdcə vəsaitlərinin 45 faizə yaxını sosial xərclərə yönəldiləcək. Bu da o deməkdir ki, növbəti ildə büdcədən xərclənən hər 100 manatın 45 manatı sosial yönümlü olacaq. Eyni zamanda gələn il sosial təminat və sosial müdafiə xərclərinin artırılması da nəzərdə tutulur. Növbəti ildə bu istiqamətə ayrılan vəsaitin həcmi 4 milyard 988 milyon manat olacaq. Bu da 2024-cü illə müqayisədə 14 faiz çoxdur.
Bu o anlama gəlir ki, gələn il sosial müdafiə və sosial təminat xərclərinə daha çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu da 2025-ci ildə sosial paketin dərinləşəcəyindən xəbər verir. Cənab Prezidentin tapşırığı ilə yanvar ayının 1-dən minimum əmək haqqı, minimum pensiyalar və eləcə də bütün əmək pensiyaların minimum həddinin artırılacağı gözlənilir. Beləcə növbəti ildə biz sosial sahəyə daha çox büdcə vəsaitinin ayrılacağını görəcəyik”.
Qarabağın bərpasına ayrılan xərclər də artırılacaq
Müsahibimiz onu da qeyd edib ki, növbəti ildə iqtisadi istiqamətlərə, o cümlədən də Qarabağ və Şərqi Zəngəzurun bərpasına da daha çox vəsaitin ayrılacağı gözlənilir:
“İlkin büdcə sənədində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 4 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur. Bu da işğaldan azad olunmuş ərazilərin bərpasının və məskunlaşmanın daha sürətlə aparılacağından xəbər verir. Ümumilikdə, həm təhlükəsizlik, həm iqtisadi, həm də bərpa istiqamətlərinə vəsaitlərin ayrılmasına baxmayaraq 2025-ci ilin Dövlət Büdcəsi sosial yönümlü büdcədir. Bu da o deməkdir ki, hökümət üçün 2025-ci ildə də sosial məsələlər prioritet olaraq qalacaq”.
Surxay Atakişiyev, Bizim.Media