Özəl təhsil müəssisələrinə dövlət büdcəsindən vəsait ayrıla bilər? – TƏZADLI YANAŞMA

Özəl təhsil müəssisələrinə dövlət büdcəsindən vəsait ayrıla bilər? – TƏZADLI YANAŞMA

Hazırda oxunan: Özəl təhsil müəssisələrinə dövlət büdcəsindən vəsait ayrıla bilər? – TƏZADLI YANAŞMA

219479

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb. Müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib.

Qeyd edək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir.

Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.

Bu təşəbbüsün ardınca başqa bir ideya ortaya atılıb.

Bəziləri iddia edir ki, şagird sıxlığını aradan qaldırmaq üçün belə bir layihə özəl liseylərə də tətbiq oluna bilər. Amma bu təşəbbüs birmənalı qarşılanmayıb. Çünki əks düşüncədə olanlar bu addımın dövlət vəsaitinin səmərəsiz istifadəsi ilə nəticələnəcəyi qənaətindədirlər.

Bəs millət vəkillərinin mövzu ilə bağlı düşüncələri necədir?

Millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında deyib ki, bu cür məsələlərə yanaşmada çox diqqətli olmalıyıq:

“Uşaq bağçalarının çatışmazlığı problemini həll etmək üçün özəl uşaq bağçalarının dövlət himayəsinə götürülməsi əvəzinə yaxşı olardı ki, yeni uşaq bağçaları inşa edilsin.

Nəzərə alaq ki, regionlarda uşaq bağçalarının az olması ciddi narahatlıq doğurur. Bakı və digər mərkəzi şəhərlərdə insanlar uşaqlarını dövlət müəssisələrinə qoya bilməsələr də özəl uşaq bağçalarına yerləşdirə bilirlər. Amma regionda heç bir seçim imkanı yoxdur. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır. Özəl baxçalara dövlət yardımı edilincə, həmin vəsaitə yeni uşaq bağçaları tikmək olar. Bununla da yaxın 1-2 ilə məsələ öz həllini tapar.

Amma özəl bağçalara vəsait ayırmaqla ancaq problemi dondurmuş oluruq. Hələ onu demirəm ki, özəl uşaq bağçalarının fəaliyyətində xeyli nöqsanlar var. Ona görə də məsələyə həssaslıqla yanaşılmalıdır”.

Müsahibimiz  özəl məktəblərə dövlət dəstəyi təşəbbüsünə də toxunub:

“Onu deyə bilərəm ki, bu bir təşəbbüsün özü belə anlaşılan deyil. Unutmayaq ki, özəl məktəblərdə təhsil haqları çox yüksəkdir. Dövlətin belə bir layihəyə qatılması çox böyük vəsaitin özəl məktəblərə ötürülməsinə səbəb ola bilər. Hansı ki, həmin vəsaitlər hesabına yeni məktəblər, korpuslar tikmək olar. Beləcə, problem kökündən həll edilər”.

Məsələ ilə bağlı Millət vəkili Vüqar Bayramov isə fərqli düşünür:

“Təhsil, o cümlədən özəl təhsil sistemi ilə bağlı təklifimiz ondan ibarətdir ki, özəl məktəblərdə dövlətin təşviq alətləri, o cümlədən də subsidiyalar birbaşa həmin təhsil müəssisələrinin göstərdikləri nəticələrə uyğun olaraq müəyyən edilsin. İnkişaf etmiş ölkələrdə təhsilə dövlət dəstəyi həm orta məktəblərin, həm unversitetlərin qazandıqları uğurlara görə müəyyən edilir.

Məsələn, təhsil müəssisəsindən ali məktəblərə qəbul olma sayı, eləcə də prezident təqaüdçülərinin sayı və yaxud, 600-dən yüksək bal yığmış abituriyentlərin sayı əsas göstəricilər ola bilər. Bu göstəricilərə uyğun olaraq da həmin özəl məktəblərin dəstəklənməsi həyata keçirilə bilər. Ona görə də bu məsələ ilə bağlı təklifimiz ondan ibarətdir ki, özəl təhsil müəssisələri onların əldə etdiyi göstəricilərə uyğun olaraq dövlətdən dəstək alsın”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO