Uzun müddətdir ki, müzakirə olunan islam bankçılığı Azərbaycanın maliyyə bazarına hələ də qədəm qoya bilmir. Görünən odur ki, hələ bir müddət də biz maliyyə bazarımızda islam bankçılığını görə bilməyəcəyik.
Mərkəzi Bankın sədri Taleh Kazımov ötən həftə keçirdiyi brifinqdə bildirib ki, qurum əsasən sükuk istiqrazlarının buraxılmasına fokuslanıb və Dünya Bankı ilə birlikdə müvafiq qanunvericiliyin hazırlanmasına başlanılıb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda İslam Bankı hansı səbəbdən yaradılmır? – Deputatın təklifinə CAVAB
“Bu məsələdə irəliləyiş banklarsız çətin olar, çünki onlar istiqrazların müştərilərini daha yaxşı tanıyır. Bir bankla test rejimində fəaliyyət üçün danışıqlar gedir. Əvvəlcə sükuk buraxılması, daha sonra isə islam bankçılığının tətbiqi gözlənilir. Açığını desəm, bu layihənin icrasına 3-5 il vaxt lazımdır. Əsas məqsədimiz maliyyə inklüzivliyini və maliyyə əlçatanlığını artırmaqdır".
Baş bankir onu da qeyd edib ki, indiyə qədər islam bankçılığı ilə bağlı Mərkəzi Banka yalnız bir yerli bank müraciət edib.
Nəzərə alaq indiki bankçılıq daha doğru sələmçiliklə məşğuldur. Ona görə də Azərbaycanda hər 5 sahibkardan 1-i bankla davamlı işləmir. Təsadüfi deyil ki, “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev bu günlərdə deyib ki, Azərbaycanda sahibkarların 21 %-i bank xidmətlərindən istifadə etmirlər:
"Azərbaycanda 1 000 kiçik və orta sahibkar arasında keçirdiyimiz tədqiqatlarımıza əsasən, ölkədə sahibkarlıq subyektlərinin təxminən 62%-nin islam bankçılığı barədə məlumatı yoxdur və ya bu haqda informasiyaları doğru deyil. Sorğuda iştirak edənlərin 39%-i isə faizli kreditləri məcburiyyətdən götürdüklərini deyiblər”.
Bu gün verilən kreditlərin 60 faizdən çoxu istehlak kreditlərinə yönəlib.
Bu isə heç bir iqtisadi dayanıqlıq yaratmır. Amma İslam bankçılığı iqtisadiyyatın dayanıqlılığına çox böyük təkan verir. Çünki İslam bankçılığında hər iki tərəf qazanır. Eləcə də, ziyanı bank və müştəri bərabər qarşılayır.
İslam bankçılığının tətbiqi nəyi dəyişəcək?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, İslam bankçılığının işləmə qaydası Azərbaycanın mövcud qanunvericiliyindən tam fərqlidir:
“İslam bankçılığının ölkəmizdə tətbiqi üçün ilk növbədə ayrıca qanunvericilik bazası hazırlanmalıdır. Bunun üçün də müəyyən zaman lazımdır. Amma ən əsas lazım olan odur ki, islam bankçılığını seçən bankla müştəri arasında, eləcə də həmin bankla dövlət arasında hansısa problem yaşanmasın.
Hazırda Mərkəzi Bank və dövlət strukturları indiki qanunvericiliyə uyğun olaraq əmanətləri sığortalayır, kredit verirlər və kreditlərin geri qaytarılmasını təmin edirlər.
Lakin İslam bankçılığı tamam başqa təməllər üzərində inşa olunur. Məsələn, islami dəyərlərə görə islam bankçılığında faiz qadağandır. Ona görə də islam bankçılığında nəzərdə tutulmuş əsas məsələ bankın iqtisadi layihələrdə iştirakçı olmasıdır. Yəni siz banka hansısa layihə təqdim edirsiniz. Bank da sizə kredit əvəzinə ortaqlıq təklif edir. Beləcə, bank layihə sahibini “faizə oturtmur”, sadəcə birgə iş qurur və qazanca şərik olur. Bu olduqca həssas məsələdir. Ona görə də bu prosesə keçid müəyyən zaman tələb edir”.
Surxay Atakişiyev, Bizim.Media