Azərbaycanda kərə yağının İSTEHSALI azalıb – Qiymət YÜKSƏLƏCƏK?

Azərbaycanda kərə yağının İSTEHSALI azalıb – Qiymət YÜKSƏLƏCƏK?

Hazırda oxunan: Azərbaycanda kərə yağının İSTEHSALI azalıb – Qiymət YÜKSƏLƏCƏK?

217770

“Təmiz kərə yağı 3,6 faiz yağlılığı olan süddən əldə edilir. 1 kiloqram təmiz kərə yağı almaq üçün 23 litr süd lazımdır. Azərbaycanda isə süd istehsalı çox baha başa gəlir”.

Bu fikirləri kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli Bizim.Media-ya ölkədə kərə yağının istehsalının azalması ilə bağlı danışarkən deyib.

Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada qadağan olunur, Azərbaycanda satışı davam edir - “Sloboda” yağları TƏHLÜKƏLİDİR?


O bildirib ki, Azərbaycanda 1 kiloqram təmiz kərə yağının istehsalının satış qiyməti ən azı 30 manat ola bilər:

“Çünki Azərbaycanda südün qiyməti bahadır. Bunun emalı, satışı kimi əlavə xərcləri də var. Ona görə də istehsalçı onu ən azı 30 manata satmalıdır ki, qazanc əldə etsin. Amma 30 manata yerli yağı heç kim almaz. Bu səbəblərdən də ölkədə kərə yağı istehsalı azalıb və təəssüf ki, azalmaqda da davam edəcək”.

“Bizdə heyvandarlığı inkişaf etdirə bilmirlər...”

Mütəxəssis deyir ki, südün baha olmasının başlıca səbəbi Azərbaycanda heyvandarlığın inkişafının zəif olmasıdır:

“Bizdə heyvandarlığı inkişaf etdirə bilmirlər. Çünki möhkəm yem bazası yoxdur. Süd istehsalı üçün önəmli olan senaj istehsal olunmalıdır. Təəssüf ki, Azərbaycanda demək olar ki, senaj yetişdirilmir. Şirəli yem, çuğundur istehsalı çox az həcmdə, təxminən min tondur. Azərbaycana isə bu məhsul 2 milyon ton lazımdır. Senaj isə ən azı 2,5 -3 milyon ton istehsal edilməlidir. Hələ silosu demirəm. 1 milyon 500 min ton da silos tələb olunur. Ot istehsalı da Azərbaycanda iki dəfədən azdır. Üstəlik, örüş yerlərimiz də getdikcə azalır”.

Vahid Məhərrəmlinin fikrincə, bunun üçün ilk olaraq örüş yerlərinin suvarılması təşkil olunmalıdır. Eləcə də, yemləmə, növbəli otarma olmalıdır:

“Bizdə qoyunçuluq üçün də kifayət qədər örüş yerləri yoxdur. Buna görə də iribuynuzlu heyvanlar üçün örüş yerlərinin yaradılması yönündə işlər görülməlidir. Yalnız yem bazası gücləndirilərsə, süd istehsalını təşkil edə bilərik. İndi bizdə çox az həcmdə, təxminən 2 milyon ton süd istehsal olunur. Onun da bir hissəsi ölkəyə gətirilən quru südə su qatılması yolu ilə əldə edilir.

Əgər aşağı qiymətə süd istehsal edə bilmiriksə, heç zaman kərə yağı istehsal edə bilməyəcəyik. Digər ölkələrdə südün bir litri 35-40, ən yuxarısı 50 qəpiyə əldə olunursa, Azərbaycanda bunun maya dəyəri 1 manatı keçir. Bu səbəbdən də biz kərə yağı istehsal edə bilmirik”.

İstehsalın azalması kərə yağının qiymətini qaldıracaqmı?

Vahid Məhərrəmlinin fikrincə, kərə yağlarının qiymətindəki son artım məhz bu səbəbdən olub:

“Sadəcə, statistikanı indi əldə etmişik. Amma bir ay öncə idxalla məşğul olanlar bundan daha tez məlumatlandıqları üçün gətirdikləri məhsulun qiymətini artırıblar”.

Mütəxəssis ölkəyə idxal olunan yağların keyfiyyətindən də danışıb. O, deyib ki, ölkələr var ki, keyfiyyətli kərə yağı istehsalçısı və idxalçısı kimi imicini qoruyur:

“Məsələn, indi Türkiyədən gətirilən yağlar yüksək keyfiyyətlidir. Ona görə də onların məhsulu xüsusi qablaşdırmada təklif olunur. Görünür, onlar bu məsələni xüsusi nəzarətdə saxlayırlar. Amma qiyməti də yüksəkdir. Bir kiloqramı 25 manat 50 qəpikdir.

Digər ölkələrdə, məsələn, Rusiyada normal kərə yağı tapmaq çətindir. Baxmayaraq ki, Rusiyada da südün maya dəyəri aşağıdır. Amma onlarda da xüsusi qatqılardan, bitki tərkibli yağlardan, heyvanların iç piyindən istifadə olunur deyə bunun natural kərə yağı, yoxsa saxta olduğunu ayırd etmək mümkün deyil”.

Ölkədə müstəqil laboratoriya yoxdur

Ekspertin fikrincə, yağların keyfiyyətini ancaq laboratoriya şəraitində təyin etmək olar:

“Azərbaycanda isə bunu dəqiq analiz edib cavab deyəcək müstəqil laboratoriya yoxdur. Ümid qalır, ancaq insanların ayıq-sayıq olmasına...

Kimi yeyəndə, kimi əridəndə keyfiyyətinin necə olduğunu bilir. Kəsəsi, bu ondan xəbər verir ki, xaricdən gətirilən yağların əksəriyyəti standarta cavab vermir. Biz keyfiyyətli yağı o zaman əldə edəcəyik ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olacaq və insaflı biznesmenlərimiz gedib oradan keyfiyyətli yağ gətirib satışını təşkil edəcəklər.


Digər tərəfdən, dediyim kimi, yem bazasının möhkəmləndiriləcəyi, süd, ət istehsalına xüsusi fikir veriləcəyi halda bu mümkün olacaq”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO