İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsi Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri ilə görüş keçirib.
Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə vergiödəyicilərinə göstərilən xidmətlər, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri, o cümlədən, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumat verilib.
Tədbirdə çıxış edən Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin üzvü Emin Şirinov təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb.
Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kreditin ayrılması təmin edilib.
O, bu mexanizmi sahibkarlara çatdırmaqda Fondun xüsusilə maraqlı olduğunu vurğulayıb. Qeyd edib ki, SİF üzləşdikləri çətinliklərin həlli istiqamətində sahibkarlara səlahiyyətləri çərçivəsində dəstək verməyə hazırdır.
Bizim.Media