Bu gün Azərbaycanda hər 5 sahibkardan 1-i bankla davamlı işləmir. Bunu “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib. O bildirib ki, Azərbaycanda sahibkarların 21 %-i bank xidmətlərindən istifadə etmirlər.
"Azərbaycanda 1 000 kiçik və orta sahibkar arasında keçirdiyimiz tədqiqatlarımıza əsasən, ölkədə sahibkarlıq subyektlərinin təxminən 62%-nin islam bankçılığı barədə məlumatı yoxdur və ya bu haqda informasiyaları doğru deyil. Sorğuda iştirak edənlərin 39%-i isə faizli kreditləri məcburiyyətdən götürdüklərini deyiblər.
Bəs, sahibkarlar banklardan niyə uzaq durur?
Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, belə vəziyyət təkcə Azərbaycanda deyil:
MÖVZU İLƏ BAĞLI:
Sahibkarlara 500 milyon manatdan artıq kredit verildi
“Dünyanın inkişaf etmiş ölkələrində belə nağd hesablaşmalara üstünlük verilir. Yəqin ki, xarici ölkələrə səfər edənlər görüb ki, hotel və restoranlarda nağd ödənişə daha çox həvəs göstərilir. Bunun da tək səbəbi çox qazanmaq həvəsidir. Çünki nağd hesablaşmada vergidən yayınmaq mümkündür. Lakin nağdsız hesablaşmada bu kifayət qədər çətindir.
Ona görə də sahibkarların və eləcə də insanların nağdsız hesablaşmaya marağını artırmaq üçün vergi dərəcələrini aşağı salmalıyıq. Elə etmək lazımdır ki, sahibkarlar bankla işləməkdə daha çox maraqlı olsunlar. Nəzərə alaq ki, vergi dərəcələri münasib olsa, nağdsız əməliyyatların da həcmi daha böyük olar. Nəticədə, sahibkar yenə də həmin vergini ödəmiş olacaq. Sadəcə, nağdsız əməliyyatın həcmi böyüyəcək. Bundansa hər kəs, o cümlədən sahibkar da, bank da və hətta vergi xidməti də qazanclı çıxacaq”.
Surxay Atakişiyev, Bizim.Media