Xəbər verildiyi kimi, Azərbaycanın tərəvəz ehtiyatı 2 milyon 200 min tonu keçib. Tərəvəzlərin 1,4 milyon tonu əhali tərəfindən istehlak edilib, 180 min tonu xaricə ixrac olunub, 130 min ton tərəvəz isə itkiyə gedib.
Bəs, 130 min ton tərəvəzin itkisinin qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kənd təsərrüfatı məhsullarında itkilərin olması təbiidir:
MÖVZU İLƏ BAĞLI:
Qiymətlər “od tutub” YANIR - Mövsümi meyvələrin baha olmasına SƏBƏB nədir?
“Amma bu itkilər çox zaman subyektiv səbəblər üzündən baş verir. Məsələn, fermer bazara çıxış əldə edə bilmir, ona hazır məhsulu realizə etməsinə süni əngəllər yaradılır və s. Ona görə də hər il eyni mənzərə təkrar olunur. Bəzi fermerlərin məhsulu sahədəcə qalır. Bəziləri hazır məhsulu sata bilmədiyi üçün zibilliyə atır. Başqa metodlara əl atan fermerlər də var. Beləcə, hər il yay-payız aylarında on min tonlarla məhsul zay olub gedir. Bu da fermeri həvəsdən salmaqla yanaşı növbəti il üçün həmin məhsulların daha az əkilməsinə səbəb olur”.
Müsahibimiz hesab edir ki, müvafiq dövlət qurumları bununla bağlı bazar siyasəti aparmalıdır:
“Tələbə uyğun olaraq, fermerlərə hansı məhsulun əkib-becərilməsini təklif etməlidir. Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi bol olan məhsulu uyğun qiymətə alıb anbarlara yığsın və sonrakı aylarda daha münasib qiymətə bazara çıxarsın. Əslində Nazirliyin tabeliyində tədarüklə məşğul olan bir qurum da var.
Bu qurumun geniş maliyyə imkanları var. Bu imkanlardan istifadə edib yayda tərəvəzlərin, payızda isə meyvələrin tədarükünü aparmaq olar. Bunun hesabına da eyni vaxtda 3 problem öz həllini tapar.
Birincisi, orqanik və yüksək keyfiyyətli məhsulların bazara daha çox daxil olmasına imkan yaradılar.
İkincisi, on min tonlarla məhsulun zibilliyə atılmasının qarşısı alınar. Üçüncüsü və ən əsası fermerlərdə daha çox məhsul yetişdirmək həvəsi yaranar. Bu da son nəticədə il boyu bazarda məhsul bolluğuna və qiymət ucuzluğuna şərait yaradar”.
Surxay Atakişiyev, Bizim.Media