Dolların qiyməti sabit qalsa da, Azərbaycanda dollara tələbat ötən illərə nisbətən kəskin artıb. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub. Cəmiyyət arasında dolların bahalaşması ilə bağlı iddialar var. ABŞ valyutasının 2 manata bərabər olacağı ilə bağlı məlumatlar da yayılıb.
Bəs reallıq necədir?
İqtisadçı Elşad Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, dollara tələbin artmasının bir sıra səbəbləri var. Onlardan biri də ölkədən kapital çıxışına olan meyillərlə bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
Manat bu tarixə qədər məzənnəsini qoruyacaq - PROQNOZ
“Zənnimcə, bu proses hələ də dollara olan tələbata kifayət qədər ciddi təsirlər göstərməkdədir. Mənə elə gəlir ki, bu məqam Mərkəzi Bankı ciddi şəkildə narahat etməlidir və bu prosesin qarşısı alınmalıdır. Burda müvafiq tənzimləyici tədbirlərin həyata keçirilməsi, kapital çıxışı ilə bağlı qabaqlayıcı tədbirlərin olması vacibdir. Xüsusilə nəzərə aldıqda ki, xarici ticarətdəki müsbət saldonun həcmi azalır”.
Dollara olan tələbatın tənzimlənməsi
İqtisadçı valyuta bazarındakı sabitliyin zərurətindən də danışıb.
“Bütün bunlar onu deməyə əsas verir ki, biz Mərkəzi Bankdan effektiv şəkildə pul-kredit siyasətinin idarə olunması və tənzimlənməsini gözləməliyik. Valyuta bazarındakı sabitlik qorunmalıdır. Bu kritik dərəcədə ölkə iqtisadiyyatındakı müsbət inkişaf xəttinin reallaşdırılması üçün lazımdır. Düşünürəm ki, xarici ticarətdə cari əməliyyatlarla bağlı valyuta mübadiləsində heç bir məhdudiyyət tətbiq edilməməlidir”.
Nuray, Bizim.Media