Xəbər verildiyi kimi, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Yunanıstanın Makedoniya və Frakiya inzibati ərazi vahidində xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi qeydə alınması səbəbilə onların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
AQTA başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda qida məhsullarının adambaşına istehlak göstəriciləri AÇIQLANDI
Belə ki, xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusunda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bəs, bu qadağa Azərbaycanın daxili bazarındakı qiymətlərə necə təsir edəcək?
Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Yunanıstandan Azərbaycana məhdud sayda xırda buynuzlu heyvan idxal edilir:
“Bir çox hallarda kəsim, bir çox hallarda isə döl üçün alınan heyvanların həcmi çox azdır. Nəzərə alaq ki, Azərbaycana ən çox xırda buynuzlu heyvan Gürcüstandan gətirilir. Qeyd edək ki, bu ilin fevralında anoloji qadağa Gürcüstana qarşı da tətbiq edilmişdi.
Bu qadağanın qüvvədə olduğu 2 ay müddətində Azərbaycanda quzu ətinin qiyməti xeyli artdı. Bu gün də qiymətlər yüksək olaraq qalır.
Bundan başqa ölkəmizə Rusiyadan və Qazaxıstandan böyük ölçüdə diri heyvan gətirilir. Digər ölkələrdən və o cümlədən Yunanıstandan məhdud sayda heyvan idxal edirirk. Ona görə də Yunanıstandan heyvan idxalına qoyulan qadağa Azərbaycan daxilində qiymətlərə elə də ciddi təsir etməyəcək”.
Surxay Atakişiyev, Bizim.Media