Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri və Bakıda keçirilən yüksəviyyəli görüşlər dünya ölkələri tərəfindən diqqətlə izlənildi və geniş müzakirə mövzusuna çevrildi.
Amma özünü sözdə Azərbaycana dost kimi təqdim edən Ukraynanın bəzi dairələri son günlər Rusiya-Azərbaycan münasibətlərini və Putinin son səfərini kontekstdən çıxararaq fərqli formada təqdim etməyə çalışırlar.
MÖVZU İLƏ BAĞLI:
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi
Məsələn, Ukraynanın tanınmış teleaparıcısı Aleksey Molçanov, “Svaboda” Youtube kanalının aparıcısı Vladislav Siderenko və Zelenski hakimiyyətinə yaxınlığı ilə seçilən bir neçə bloger Rusiya liderinin Bakı səfərindən sonra media üzərindən ölkəmizə qarşı savaş açıblar.
Onlar Azərbaycanı Rusiya ilə əməkdaşlıqda ittiham etməkdən çəkinmir, hətta bir qədər də irəli gedərək Ukraynada SOCAR-ın boykot edilməsi tələbini irəli sürürlər.
Bu cür absurd reaksiyaya səbəb nədir?
Bu gün Ukrayna Rusiya ilə müharibə şəraitinində yaşayır. Bu müharibədən Ukrayna dövləti və Ukrayna xalqı böyük ölçüdə zərər görür. Ona görə də ukraynalıların Rusiyaya qarşı antipatiyasını anlamaq çətin deyil. Amma Azərbaycanı Rusiya ilə iqtisadi əlaqələrə görə ittiham etmək olduqca məntiqsiz və yanlış yanaşmadır.
Çünki hər bir ölkənin öz hədəfləri var və bu hədəflərə çatmaq üçün də müəyyən Yol Xəritəsi olur. Ona görə də hansısa ölkəni öz siyasətini yürütməkdə ittiham etmək sadəcə ağılsızlıqdır. Bu cür abusurd iddiaların heç bir hüquqi və siyasi izahı yoxdur.
Azərbaycan hər zaman Ukraynanın yanında olub
Ancaq bəzi ukraynalı “həmkarlarımız” göstərilən yardımları çox tez unudublar. Əvvəla qeyd edək ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü hər zaman tanıyıb, onun suveren hüquqlarına da hörmətlə yanaşıb. Bundan əlavə Rusiya ilə münaqişə başlayandan bəri Azərbaycan Ukraynaya hər cür siyasi, iqtisadi və mənəvi dəstək göstərib.
Özü də bu dəstək bir dəfə ilə yekunlaşmayıb, davamlı olub. Yardımların həcmi kimi, çeşidi də çox və böyük olub.
Bu yardımlara görə Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə hər zaman minnətdarlığını ifadə edib. Maraqlıdır ki, Azərbaycan bütün yardımları heç bir qarşılıq gözləmədən və ehtiyac olan sahələr üzrə edib. Ukrayna lideri də bütün minnətdarlıq müraciətlərində Azərbaycanı dost və strateji tərəfdaş adlandırıb.
Ən nəhayət Ukrayna üçün çətin günlərdə SOCAR hər zaman Ukrayna xalqının və dövlətinin yanında olub. SOCAR öz fəaliyyəti dövründə bir qayda olaraq Ukraynaya təmənnasız yardımlar edib. Bu yardımları isə saymaqla qurtarmaq olmaz.
Ədalət hissini unudanlar…
Bütün bunlardan sonra Azərbaycan öz strateji maraqları üçün Rusiya ilə iqtisadi sahədə əməkdaşlıqda ittiham etmək ən azı ədalətsizlik və haqsızlıqdır. Hələ onu demirik ki, bu bir az da həyasızlıqdır. Çünki bizim də Ukraynanı ittiham etmək üçün əlimizdə kifayət qədər faktlar var. Məsələn, bizi nədəsə ittiham edən ukraynalı “həmkarlar”ın öz gözlərində “tiri” görməməsi xeyli təəccüblü görünür. Onlar hər kəsi Rusiya ilə əlaqələri kəsməyə çağırır.
Amma bu çağırışları edərkən hər gün xərclədikləri pulun bir hissəsinin Rusiyadan gəldiyini nədənsə unudurlar. Hər kəsə məlumdur ki, Rusiyadan Avropaya uzanan karbohidrogen dəhlizlər məhz Ukraynadan keçib gedir. Bu kommunikasiya dəhlizinə görə Ukrayna hər il Rusiyadan yüz milyonlarla dollar vəsait alır.
Amma Rusiyanı düşmən hesab edən və ruslara “salam verdiyinə” görə Azərbaycanı qınayan molçanovlar, siderenkolar nədənsə bu böyüklükdə faktı görməzlikdən gəlirlər.
Bu söz qəhrəmanları bir məsələni də unudur ki, Azərbaycan yox, Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Ən pisi də odur ki, Ukrayna ərazisində Rusiya tərəfdən vuruşan xeyli sayda erməni hərbçilər var. Amma Ukrayna üçün canından və malından keçən N qədər azərbaycanlı var.
Bundan əlavə, Ukrayna Ermənistanla strateji əməkdaşlıq edir. Lakin buna görə Azərbaycan heç zaman Ukraynanı ittiham etməyib. Çünki hər bir dövlətin müəyyən etdiyi siyasi xətt var. Müstəqil dövlət də öz siyasi xəttini müəyyən edərkən kimlərinsə korporativ maraqlarını nəzərə almır. Bu gün Azərbaycan müstəqil və qətiyyətli xarici siyasət yürdür.
Azərbaycan bütün ölkələrlə iqtisdi əlaqələrini gücləndirir və genişləndirir. Bu da iqtisadi dayanıqlığını təmin etmək istəyən dövlət üçün normal yanaşmadır. Amma Azərbaycan Türkiyədən başqa heç bir ölkə ilə, o cümlədən Rusiya ilə hərbi əməkdaşlıq etmir. Putinin son səfərində də bu sahədə heç bir razılaşma əldə olunmayıb.
Bununla belə, Ukraynanın bəzi dairələrinin Azərbaycana qarşı düşmənçilik mövqedən çıxış etməsi ancaq təəssüf doğurur. Görünür, həmin dairələr Azərbaycanı sevməyən bəzi Qərb ölkələrindən həm sifariş, həm də maddi dəstək alıblar.
Surxay Atakişiyev, Bizim.Media