Dünyada ən çox yayılan yatırım növlərindən biri də səhmlərdir. İnvestorlar “Apple”, “Google”, “Tesla”, “Amazon”, “Microsoft”, “Alibaba” kimi böyük şirkətlərə sərmayə qoymaqda maraqlıdırlar. Azərbaycanda da bu yatırım növünə maraq artıb. Amma kifayət qədər geniş yayılmayıb.
Kriptovalyuta üzrə mütəxəssis Kamil Hüseynov Bizim.Media-ya səhmlərə edilən investisiyalardan danışıb. Onun fikrincə, Azərbaycanda bu sahəyə marağın az olması cəmiyyətin yeniliklərə açıq olmamağından irəli gəlir.
MÖVZU İLƏ BAĞLI:
Qlobal birjalarda SON VƏZİYYƏT
“Çünki, bizim cəmiyyət, “görmədikləri”, “toxunmadıqları”na sərmayə ayırmağa qorxur. Düşünürlər ki, risk etməkdənsə, daşınmaz əmlak bazarına, hər-hansısa klassik biznes modelinə yatırım daha güvənli, daha məqsədəuyğundur. Təbii ki, bunu hamıya aid etmirəm, lakin təəssüflər olsun ki, böyük əksəriyyət belə düşünür. Səhmlərə, dividendlərə, S&P500-ə, kriptovalyutalara, start-up layihələrə, yeni biznes modellərinə yatırım etməkdənsə, qızıl alıb saxlamağı, mənzil və ya obyekt alıb kirayə verib passiv gəlir yaratmağı daha üstün qəbul edirlər, bu bir faktdır. Halbuki, ora ayrılan sərmayəni daha effektiv sahələrə ayırıb daha uğurlu ola bilərlər”.
Maarifləndirilməyə ehtiyac var
Mütəxəssis deyir ki, inkişafın ləngiməsində başqa səbəblər də var.
“Dünyada ən çox yayılan yatırım növlərinin ölkəmizdə inkişaf etməməsinin səbəblərindən biri, investisiya və broker xidmətləri təklif edən şirkətlərin uğursuz fəaliyyətləridir. Ölkəmizdə elə şirkətlər var ki, sanki vətəndaşlarımızı maliyyə bazarlarına yatırımdan “çəkindirmək üçün” əllərindən gələn hər şeyi edirlər. İlk öncə bu sahələrdə düzgün maarifləndirmələr olsa, bu sahə ilə əlaqədar mühitlər yaradılsa, xarici təcrübələrdən düzgün nümunələr götürülsə, bu halda inkişafdan söhbət etmək olar”.
Səhmlərə yatırım edərkən nələrə diqqət edilməli?
Kamil Hüseynov deyir ki, yatırım edərkən öncəliklə düzgün analiz tələb olunur.
“Məsələn, hər-hansısa bir şirkətin səhmlərinə yatırım edərkən, həmin şirkətin maliyyə vəziyyətini, gəlir və zərərlərini, bazar mövqeyini, sənaye trendlərini və ümumi iqtisadi şəraiti nəzərə almaq vacibdir. Bundan başqa risklərin idarə edilməsi, diversifikasiya da mühüm amillərdəndir.
Diversifikasiya, sərmayələrin müxtəlif investisiya alətlərinə, sektorlara və ya coğrafi bölgələrə yayılması deməkdir. Bu strategiya, riski azaltmaq məqsədini güdür, çünki bir investisiya alətindəki və ya sektorundakı problemlər digər investisiyalardan gələn gəlir ilə kompensasiya oluna bilər. Məsələn, əgər aldığınız hər hansısa səhmin qiyməti düşərsə, digər sərmayələr hələ də gəlir gətirə bilər və bununla siz itkilərinizi kompensasiya etmiş olarsınız. Diversifikasiya, sərmayələrin daha balanslı və stabilləşdirilmiş bir portfel ilə idarə olunmasına kömək edir. Necə deyərlər, diversifikasiya prosesi bir növ “bütün yumurtaları eyni səbətə qoymamaq” prinsipidir”.
“Səhmlərə yatırım günbəgün daha da asanlaşır”
Mütəxəssis bildirib ki, insanlar çox maraqlı olmasalar da, bu sahənin inkişafı üçün ölkədə bir çox işlər görülür.
“Bu bir faktdır ki, əvvəlki dövrlərlə müqayisədə ölkəmizdə yatırım mühiti inkişafdadır və bir çox sahələrdə irəliləyişlərə də nail olunub. Amma sözsüz bəzi çətinliklər hələ də öz aktuallığını qoruyur. Ümumən Azərbaycanda yatırımın asanlaşması üçün bir çox yerli brokerlər mövcuddur. Bu brokerlər yatırımla bağlı köməklik göstərirlər, suallarınıza cavab verirlər, seminarlar keçirirlər və s.
Yatırım üçün əvvəlcə broker hesabı açmaq lazımdır. Daha sonra ölkəmizdə fəaliyyət göstərən maliyyə institutları və broker şirkətlərin vasitəsi ilə hər bir kəs səhmlərə yatırım edə bilər. Alış-satış əməliyyatları aparmaq üçün düzgün ticarət platforması seçimi də vacibdir”.
Nuray, Bizim.Media