Özbəkistan elektrik enerjisini Azərbaycan vasitəsilə Avropaya ixrac edəcək

Özbəkistan elektrik enerjisini Azərbaycan vasitəsilə Avropaya ixrac edəcək

Hazırda oxunan: Özbəkistan elektrik enerjisini Azərbaycan vasitəsilə Avropaya ixrac edəcək

205392

Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsi üzrə Qazaxıstan-Özbəkistan-Azərbaycan birgə üçtərəfli layihəsinin uğurla həyata keçiriləcəyi halda Özbəkistan 2030-cu ildən etibarən artıq qalan elektrik enerjisini Avropaya ixrac edə biləcək.

Bizim.Media xəbər verir ki, bunu report.az-a Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən I görüşü çərçivəsində deyib.

“Bu ilin sonuna kimi biz bərpa olunan enerji mənbələrindən əldə olunan ümumi enerji tutumunu 4 GVt-dan artıq səviyyəyə çatdıracağıq. 2030-cu ilə qədər 20 GVt-dan çox olacaq bu həcmin 2 GVt-dan 5 GVt-a qədəri Avropaya ixrac ediləcək”, - o bildirib.

Nazirin sözlərinə görə, ixracın dəqiq həcmi elektrik enerjisinin ötürülməsi sisteminin gücündən və avropalı alıcıların tələbatından asılı olacaq.

O izah edib ki, Özbəkistandan elektrik enerjisi Mərkəzi Asiyanın Ümumi Enerji Sistemi ilə Qazaxıstan ərazisindən keçəcək, daha sonra Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xətti ilə Azərbaycana, oradan da Gürcüstana, Qara dənizin dibi ilə kabel xətti ilə isə Rumıniya, Macarıstan və Bolqarıstana göndəriləcək.
 

Özbəkistanın inkişaf strategiyasına uyğun olaraq 2030-cu ilə qədər ümumi generasiya gücü 2,4 dəfə artırılaraq 44,9 GVt-a çatdırılacaq. Eyni zamanda, bərpa olunan enerji mənbələrinin payı 40 %-ə qədər artırılacaq və bu məqsədlə ümumi gücü 18,8 GVt (8,6 GVt – günəş, 10,2 GVt – külək) olan günəş və külək enerjisi istehsalı ilə bağlı layihələr həyata keçiriləcək.


Xatırladaq ki, mayın 1-də Daşkənd İnvestisiya Forumu çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan arasında Avropaya “yaşıl elektrik enerjisi”nin tədarükü üçün enerji sistemlərinin inteqrasiyasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO