Sloveniyaya qaz ixracı, “Şahdəniz”in artan hasilatı... – İlham Şabanın ŞƏRHİNDƏ

Sloveniyaya qaz ixracı, “Şahdəniz”in artan hasilatı... – İlham Şabanın ŞƏRHİNDƏ

Hazırda oxunan: Sloveniyaya qaz ixracı, “Şahdəniz”in artan hasilatı... – İlham Şabanın ŞƏRHİNDƏ

204902

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Baxmayaraq ki, yayın ən çox istirahət edilməli olan ayındayıq, amma enerji bazarında hansısa durğunluq hiss edilmir. Bütün sahələrdə bir canlanma var. İstər neft-qaz sektorunda, istərsə də enerjinin paylayıcı şəbəkələrində. “Azərişıq” və “Azəriqaz” infrastrukturda genişmiqyaslı təmir-sazlama işləri həyata keçirirlər. Bu da səbəbsiz deyil, çünki payız-qış mövsümünə hazırlığın əsl zamanıdır.

Sloveniyaya qaz ixracı

Avqustun ilk günü Azərbaycan özünün qaz ixracı coğrafiyasını genişləndirmək yolunda daha bir addım atdı. Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti avqustun 1-dən Sloveniyaya qaz ixracına başlandığını elan etdi.

Rəsmi açıqlanan məlumata görə, tədarük cari ilin iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilir.

Qazın həcmləri və müqavilənin müddəti haqda məlumat verilməsə də, amma SOCAR və “Geoplin” şirkətlərinin uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirilməsi hədəflənib

Lyublyanada Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Azərbaycandan  qaz idxalının başlanması ilə bağlı jurnalistlərə açıqlamasında bəyan edib ki, Azərbaycan Avropa İttifaqının vacib strateji təchizatçısı kimi Sloveniyaya qaz tədarükünün şaxələndirilməsi üçün əlavə imkan yaradır. “Bunun sayəsində biz sözün həqiqi mənasında Sloveniyanı qarşıdan gələn qış üçün xilas etdik və təhlükəsiz şəkildə təbii qazla təmin etdik”, - deyə nazir bildirib.

Bununla da Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olub.

Avropaya artan qaz ixracı

Bu ilin əvvəlindən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 6,53 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edilib. Bunu “TAP AG” şirkətinin (TAP boru kəmərini idarə edən qurum) icraçı direktoru Luka Skiepatti yol saldığımız həftə açıqlayıb.

“2024-cü ilin əvvəlindən biz 6,53 milyard kubmetrdən çox, o cümlədən Bolqarıstana 0,46 milyard kubmetr, Yunanıstana 0,60 milyard kubmetr və İtaliyaya 5,42 milyard kubmetrdən çox qaz nəql etmişik”, - deyə TAP rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, boru kəməri fəaliyyətə başlayandan indiyədək 37,53 milyard kubmetrdən çox Azərbaycan qazı Avropadakı istehlakçılara çatdırılıb. Onun 2,29 milyard kubmetri Bolqarıstana, 3,63 milyard kubmetri Yunanıstana, 31,33 milyard kubmetri İtaliyaya tədarük edilib.

Bir məsələni də qeyd etmək lazımdır ki, TAP 2022-ci il fevralın ortalarından başlayaraq tam gücü ilə işləyir və bundan sonrakı dövrdə daxili imkanlar hesabına onun buraxıcılıq gücü təqribən 15%-dək artırılıb. Buraxıcılıq gücünün artırılmasının növbəti mərhələsi 2026-cı ildə tamamlanacaq və o zaman kəmər əlavə olaraq daha 1,2 milyard kubmetr qaz həcmlərini daşımağa malik olacaq.

“Azəri-Çıraq-Günəşli”də hasilat

“BP-Azerbaijan” şirkəti bu həftə yarım ildə gördüyü işlərin hesabatını ictimaiyyət üçün açıqladı. Təbii ki, bu işlər içərisində “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” layihələri önəmli mövqe tutur.

Bu ilin yanvar-iyun aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən AÇG blokunda gündəlik orta hesabla 336 min barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton hasil edilib. AÇG-dən hasilatın həcmi 2023-cü ilin müvafiq dövründən gündəlik 39 min barel və ya 10% azdır.

AÇG-də hasilat “Çıraq” (gündəlik ortalama hasilat 22 min barel olub), “Mərkəzi Azəri” (96 min barel), “Qərbi Azəri” (77 min barel), “Şərqi Azəri” (52 min barel), “Dərinsulu Günəşli” (57 min barel) və “Qərbi Çıraq” (29 min barel) platformalarından aparılıb.

Rübün sonunda AÇG-də ümumilikdə 144 neft hasilatı quyusu, 45 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.

AÇG-də neftin maya dəyəri

Xəzərin Azəri-Çıraq-Günəşli blokunda neft hasilatının pik həddi 2010-cu ildə baş verib: o zaman gündəlik 823,1 min barel hasil edilib. 2024-cü ilin ortalarında hasilat həcmi 2,45 dəfə azalaraq sutkada 336 min barel təşkil edib. Eyni zamanda, müqavilə sahəsində hasilat quyularının sayı 2,48 dəfə artıb.

Maraqlı fakt bir barel neftin istismar xərcləridir. Mənim hesablamalarıma görə, AÇG-də pik hasilatı dövründə bu, 1,42 dollar təşkil edib. Cari ilin birinci yarısının yekunlarına görə isə AÇG-də bir barel nefti hasil etmək üçün çəkilən xərclər artıq 3,97 dollara qədər yüksəlib. Buna baxmayaraq dənizin dərin sularında neft hasilatı üçün bu göstərici nəinki Xəzərdə, hətta dünya miqyaslı layihələr arasında belə əlamətdar nəticədir və buna görə də “bp-Azərbaycan” komandasını təbrik etmək olar.

“Şahdəniz”in artan qazı

Ötən ilin yekunlarına görə, Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz”də hasilat artıq layihə gücünə - yəni ildə 26 milyard kubmetr səviyyəsinə çatdı. Açıqlanan proqnozlara görə, bundan sonra hasilat layihə gücünə uyğun olaraq stabil şəkildə bir neçə il davam etdirilməli idi. Amma indi cari ilin ilk yarısını geridə qoyarkən məlum olur ki, hasilat heç də yerində qalmayıb.

2024-cü ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağındakı “Alfa” və “Bravo” platformalarından ümumilikdə 14 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% artım deməkdir. Həmçinin yataqdan 2 milyon tondan çox kondensat hasilatına nail olunub və maye karbohidrogen hasilatı stabil qalıb.

BP-nin hesabatından məlum olur ki, “Şahdəniz” layihəsi üzrə mövcud qurğuların gündəlik hasilat gücü hazırda 80,7 milyon kubmetrə təşkil edir ki, bu da il ərzində təqribən 29,5 milyard kubmetr təbii qazın çıxarılmasına imkan verir.

“Şahdəniz-2”də görülən işlər

“Ümumilikdə “Şahdəniz-2” çərçivəsində 21 hasilat quyusu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

BP şirkətinin açıqladığı hesabata əsasən, 2024-cü ilin birinci yarısında “Şahdəniz-2” layihəsi çərçivəsində iki mühüm nailiyyət əldə olundu - şərq-şimal cinahında iki quyudan müvafiq olaraq 13 fevral və 19 iyun tarixlərində hasilat başlandı.

“Xankəndi” sualtı tikinti gəmisi "Şahdəniz-2" çərçivəsində quraşdırma işlərini və istismar sınaqlarını davam etdirməklə yanaşı yatağın işlənməsi ilə bağlı ümumi işlərə də dəstək verməyə başlayıb. Bura hazırda istismarda olan bütün “Şahdəniz-2” sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə işləri daxildir.

“Şahdəniz”in xərcləri nə qədərdir?

Onu qeyd edim ki, Bakıdan 70 km cənub-şərq istiqamətində yerləşən, həmçinin dənizin dərinliyinin 500 metrədək hissəsindən yerin təkindən 7000 metrdən çıxarılan “Şahdəniz”in təbii qazı böyük xərclər tələb edir. Çünki mavi yanacağın çıxarılması mürəkkəb coğrafi və geoloji şəraitdə baş verir.

Bu ilin birinci yarısında “Şahdəniz” layihəsi üzrə ümumi xərclər 1 milyard 658 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisə etsək xərclər 42 milyon dollar artıb. Bu da başa düşüləndir, çünki hasilatın artımı üçün kapital qoyuluşu da armalıdır.

Hesabat dövründə “Şahdəniz” üzrə istismar xərclərinə 1 milyard 251 milyon dollar vəsait yönəldilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 43 milyon dollar artım deməkdir. Amma əsaslı (kapital) xərcləmələri 1 milyon dollar azalaraq 407 milyon dollar təşkil edib.

BP-də yerli vətəndaşların sayı artır

Bu il iyulun 1-nə BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 386 nəfər olub və şirkətin hesabatında qeyd edilir ki, bu saya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 2023-cü ilin eyni dövrü ilə müqayisədə yerli işçilərin sayı 37 nəfər artıb.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO