Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin dəstəyi ilə Laçın şəhərində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş maarifləndirici-kütləvi tədbir təşkil edilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, “Böyük Qayıdış”ın başlandığı müddətdə rayon ərazisinə geri dönən yerli sakinlərin iştirakı ilə “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” devizi altında keçirilən tədbir yaşıl enerji zonasına dəstək məqsədi daşıyıb.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş əraziləri “yaşıl enerji zonası” elan etdiyini, bu ərazilərdə ekoloji cəhətdən təmiz və səmərəli enerji mənbələrinin yaradılması istiqamətində fəal iş aparıldığını vurğulayan Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov doğma yurda qayıdan əhalinin ekosistemin bərpasına, ətraf mühitin qorunmasına töhfələrini verməsinin vacibliyini diqqətə çatdırıb.
F. Hüseynov ölkəmizin qlobal ekoloji böhranla mübarizə sahəsində mühüm rol oynayacaq mötəbər beynəlxalq foruma – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladaraq, bunun Azərbaycan dövlətinin “yaşıl keçid”lə bağlı səylərinə göstərilən inam və etimadın nümayişi kimi səciyyələndirib.
O əlavə edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə birlikdə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər həyata keçirir.
Bildirilib ki, Laçın rayonunun yenidən tikilmiş Zabux kəndində yerli sakinlərin iştirakı ilə ağacəkmə aksiyası təşkil olunub.
Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Qalib Abasov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəsmisi Türkan Qasımova çıxışlarında işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən biri kim “yaşıl enerji" zonasının yaradılmasının əhəmiyyətindən danışıb, bu sahədə gələcəkdə görüləcək işlər barədə məlumat veriblər.
Tədbirdə təlimçi Orxan Quluzadənin günəş panelləri ilə bağlı təqdimatı maraqla qarşılanıb. Təlimçi işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinin enerji təchizatında tətbiq olunan günəş panellərinin xüsusiyyətləri, onlardan istifadə qaydaları və təhlükəsizlik məsələləri barədə ətraflı məlumat verib.
Tədbir iştirakçılarına Komitənin Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəşr etdirdiyi “Ekologiya və ətraf mühitin mühafizəsi”nə həsr olunmuş, həmçinin Laçın rayonunun tarixini və işğaldan sonra başlanmış bərpa-quruculuq işlərini barədə broşürlər paylanıb.
Bizim.Media