Mənzili olmayan vətəndaşların mənzil əldə etməsi üçün ölkədə müxtəlif layihələr mövcuddur. Onlardan biri də İpoteka və Kredit Zəmanət Fondunun reallaşdırdığı kirayə mənzillərdir. Müəyyən müddətdir layihə icra olunur.
İnsanların bəzisi bu cür layihələrdən yararlanmaq üçün şərtlərin çətin olduğunu, bəziləri isə bu vasitə ilə mənzilə sahib olduqlarını bildirirlər.
Maraqlıdır bugünədək satmaq öhdəliyi ilə kirayə mexanizm vasitəsilə neçə vətəndaş mənzil sahibi olub?
MÖVZU İLƏ BAĞLI:
Daha 149 kirayə mənzil satışa ÇIXARILDI
İpoteka və Kredit Zəmanət Fondundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu vaxtadək 5078 vətəndaş bu yolla mənzil sahibi olub:
“Məlum olduğu kimi, satmaq öhdəliyi ilə kirayə mexanizmi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə yaradılıb. Mexanizmin praktiki tətbiqinə 2020-ci ildən start verilib və bu günədək 5078 vətəndaş və ailə bu yolla mənzil sahibi olub. O cümlədən, cari ilin əvvəlindən 700-ə yaxın kirayə müqaviləsi bağlanıb və hazırda bu proses davam etdirilir. İndiyədək mənzil sahibi olan vətəndaşların 71%-ni gənclər və gənc ailələr təşkil edir”.
Bəs şərtlər necədir? Şərtlərdə hər hansı dəyişiklik varmı?
Fonddan qeyd olunub ki, rəsmi gəliri olan, həmçinin, sosial müavinət alanlar da mənzil üçün müraciət edə bilərlər:
“Satmaq öhdəliyi ilə kirayə mexanizminin əsas məqsədi şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Mexanizmdən müvafiq qaydaların tələblərinə cavab verən bütün Azərbaycan Respublikasının vətəndaşları faydalana bilərlər. Bunun üçün vətəndaşın müraciət anına yaşı 60 yaşdan yuxarı olmamalı, vaxtı keçmiş aktiv kredit öhdəliyi olmamalı və rəsmi gəlirləri olmalıdır.
Rəsmi gəlir dedikdə, muzdlu işdən, sahibkarlıq və qeyri sahibkarlıq fəaliyyətindən gələn gəlirlər və cari transfertlər nəzərdə tutulur. Bu isə o deməkdir ki, pensiya (yaşa görə pensiya istisna olmaqla) və sosial müavinət alan vətəndaşlar da kirayə mənzil üçün müraciət edə bilərlər.
2022-ci ildən tətbiq olunan digər yeniliyə əsasən isə, dövriyyəsini sənədlə təsdiq edə bilməyən şəxslər, yəni sabit vergi ödəyiciləri də kirayə mənzil mexanizmindən faydalanmaqla uzunmüddətə ödəmə imkanı ilə mənzil tələbatını ödəyə bilirlər.
Söhbət bərbər, dərzi və digər bu qəbildən olan peşə sahiblərindən gedir.
Krediti olan şəxslər, hətta mənfi kredit tarixçəsi olan şəxslər də bu mexanizmdən faydalana bilirlər. Kredit öhdəliyinin olması həmin vətəndaş üçün təyin edilən aylıq ödənişin məbləğinə təsir edə bilər.
Proses Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçirilir. Vətəndaş mənzil seçdikdən sonra cəmi 7 iş günü ərzində kirayə müqaviləsi rəsmiləşdirilir və tam təmirli mənzilin açarları növbəti günlərdə vətəndaşa təhvil verilir”.
Fonddan bildirilib ki, vətəndaşlar cəmi 12 aylıq kirayə haqqını qabaqcadan ödəməklə tam təmirli mənzil əldə etmiş olurlar.
Kirayə mənzil mexanizmdə vətəndaşları narazı salan məsələ isə mənzillərin ünvanları ilə bağlıdır. Çünki hazırda satmaq öhdəliyi ilə kirayə mənzillər paytaxtdakı bütün əraziləri əhatə etmir.
Fonddan isə bildirilib ki, kirayə mənzil fondu bilavasitə vətəndaşlar arasında keçirilən rəy sorğuları əsasında, onların tələbatı nəzərə alınmaqla formalaşdırılır:
“İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 14 fərqli ünvanda vətəndaşlara mənzillər təklif edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində və daha 2 ünvan isə Sumqayıt şəhərindədir. Həmçinin, tələbat nəzərə alınaraq gələcəkdə yeni ərazilərdə mənzillərin alınması ilə bağlı araşdırmalar aparılır. Mənzil fondu yeniləndikdə vətəndaşlara qabaqcadan məlumat verilir”.
Günay Şahmar, Bizim.Media