Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd
Artıq ilin ikinci yarısına qədəm qoymuşuq. Qlobal neft və qaz bazarlarında qiymət gözləntiləri kifayət qədər üstələməkdədir. Bu səbəbdən də Azərbaycanın büdcə yığımları ilə bağlı hər hansı bir sıxıntısı yoxdur. Əlavə gəlirlər isə hökumətə daha aktiv və çevik büdcə siyasəti aparmağa imkanlar yaradır. Başqa bir tərəfdən isə enerjiyə tələbat Azərbaycana marağı da artırır.
Türk dövlətlərinin enerji əməkdaşlığı
Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.
Həqiqətən də, son illər Türk Dövlətləri Təşkilatı üzvləri arasında enerji əməkdaşlığı get-gedə genişlənir. Bu ilk növbədə özünü neft, neft məhsulları və təbii qazın ticarətində göstərir. Həmçinin türk dövlətləri arasında elektrik enerjisinin ticarəti də həyata keçirilir. Azərbaycan və Türkiyə birbaşa olaraq bunu həyata keçirirlər, Türkmənistan və Türkiyə isə İran üzərindən svop əməliyyatlarla elektrik enerjisi ticarətinə qatılıblar. Türkmənistan eyni zamanda Qırğızıstana və Özbəkistana elektrik enerjisi ixrac edir, sonuncuya eyni zamanda təbii qaz da satır.
Azərbaycan Türkmənistanın neft və neft məhsullarının öz ərazisindən dünya bazarlarına çıxarılmasında fəal iştirak edir. Qazaxıstan neftinin Azərbaycanın əsas ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhanla dünya bazarına çıxarılması isə ötən ildən daha da intensivləşib və bu il həmin həcmlərin 1,5 milyon tona çatdırılması gözlənilir.
Türkmən qazına ümidli olan Türkiyə
Türkmənistan qazının Türkiyə vasitəsilə nəqli Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək bir hadisə ola bilər, deyə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.
O, Şərqlə Qərbi birləşdirən irimiqyaslı enerji və nəqliyyat infrastrukturu layihələrinin uğurla həyata keçirildiyini qeyd edərkən Azərbaycanla bu sahədə həyata keçirilən layihələri nümunə kimi göstərib.
“Transxəzər enerji resurslarının, xüsusən də Türkmənistan təbii qazının Türkiyə və Avropaya nəqli həm milli rifahımıza, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək Türk dövlətlərinin birgə layihələrin inkişafına dəstək olar”, - deyə Cevdet Yılmaz “Anadolu” agentliyinə açıqlamasında deyib.
Yılmaz Türkiyənin bərpa olunan enerji, enerji səmərəliliyi və bazarın tənzimlənməsi kimi mövzularda təcrübəsini Türk Dövlətləri Təşkilatı üzv ölkələrlə bölüşməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, rəsmi Aşqabad Türkmənistan təbii qazının Avropaya nəqli layihəsini gündəmdən çıxarmır. Belə ki, cari ilin martın 1-də “Türkmənqaz” və BOTAŞ şirkətləri arasında türkmən qazının Türkiyəyə və daha sonra Avropaya nəqli məqsədi ilə qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
“Moody's” Azərbaycan qazı haqda
Beynəlxalq reytinq agentliyi “Moody's” "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) yüksək təminatsız xarici valyuta reytinqlərinin “Ba1” səviyyəsində təsdiq edib və proqnozu sabitdən müsbətə dəyişib.
Agentliyin rəyinə görə, Azərbaycan Avropa İttifaqının onun təbii qaz resurslarına olan yüksək tələbatındən faydalanır. Bu da təşkilatın Rusiya “mavi yanacağı”ndan asılılığını azaltmaq üçün mənbələri və tədarük marşrutlarını şaxələndirmək səylərini əks etdirir.
“Son 2 il ərzində Azərbaycan Avropa Komissiyası, eləcə də ayrı-ayrı Avropa ölkələri ilə qaz tədarükü ilə bağlı bir sıra sazişlər imzalayıb. Nəticədə 2022-ci ildən bəri qaz hasilatı və ixracı əhəmiyyətli dərəcədə artıb və SGC boru kəmərinin kəşfiyyatı və genişləndirilməsi layihələri sayəsində əlavə artım imkanları yaranıb. Xüsusən də neft ehtiyatlarının tükənməsi səbəbindən bu enerji resursunun hasilatının azaldığını nəzərə alsaq, karbohidrogen sektorunda qaz tədarükünün artırılmasının ənənəvi neftdən asılılığın şaxələndirilməsini təmin edəcəyini söyləyə bilərik”, - deyə “Moody's” təhlilçiləri bildirir.
Azərbaycanı tərk edən Rusiya şirkəti
Publik Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərən "RussNeft" neft şirkəti Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxartdığını rəsmən elan edib. Bu barədə şirkətin yarım illik hesabatında affilə edilmiş hüquqi şəxslərinin yenilənmiş siyahısında məlumat verilib.
Belə ki, "RussNeft"in məlumatına əsasən, Publik Səhmdar Cəmiyyətinin SOCAR ilə bir sıra müqavilələrdə iştirak edən Britaniya-Virciniya şirkəti (GEA Holdings Ltd.) ilə əlaqəsi kəsilib.
Qeyd edək ki, Rusiya şirkəti "GEA Holdings" vasitəsilə Abşeron, Binəqədi, Neftçala və Şirvan yataqlarının işlənilməsində iştirak edirdi.
Həmçinin Kayman adalarının dörd şirkəti də "RussNeft"in strukturundan çıxarılıb. Bunlar 2000-ci illərin sonunda müvafiq olaraq Azərbaycanın "Padar-Harami" və "Mişovdağ-Kəlaməddin" bloklarının operatorları olmuş "Kura Valley Holdings Ltd." və "Karasu Operating Company", eləcə də "Karasu Petroleum Company" və "Karasu Development Company" strukturlarıdır.
Azərbaycandakı aktivlərdən imtina etməklə "RussNeft"in faktiki olaraq xarici hasilat aktivləri qalmayıb.
SOCAR Rusiya şirkətinin məlumatına hələ münasibət bildirməyib. Çox güman ki, həmin yataqlardakı paylar SOCAR-ın tam nəzarətinə keçib.
Enerji effektivliyinin artırılması
Yola saldığımız həftə Azərbaycan Respublikası Energetika Nazirliyi, Avropa İttifaqı və Dünya Bankı Azərbaycan üçün Çevik Texniki Yardım Proqramı (AZTAF) çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində enerji effektivliyinin artırılması üçün bir araya gəliblər.
Bu layihənin həyata keçirilməsi Enerji Effektivliyi Fondunun fəaliyyətə başlamasını, enerji effektivliyi üzrə hökumətin siyasətinin gücləndirilməsini və bu sahədə investisiya imkanlarının müəyyən edilməsini əhatə edir. Bundan başqa, AZTAF proqramı hökumətə enerjiyə qənaət göstəricilərini yaxşılaşdırmaq məqsədilə özəl və ictimai binaların yeniləşdirilməsini əhatə edən hərtərəfli tədbirlər toplusunun hazırlanmasında da dəstək göstərir.
Qeyd edək ki, AZTAF Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən icra olunan ümumi büdcəsi 5,25 milyon avro olan üçillik proqramdır. Proqramın məqsədi Azərbaycanın 2030-cu ilə Milli Prioritetləri və 2022-2026-cı illər üzrə Milli Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq hökumətə məsləhət və analitik dəstək göstərməkdir.
Dünyada qazma aktivliyi artır
2024-cü ilin iyun ayında dünyada aktiv neft və qaz qazma qurğularının sayı son dörd ayda ilk dəfə olaraq 32 ədəd artıb. Bunu neft sənayesinə xidmət üzrə ixtisaslaşmış Amerikanın “Baker Hughes” şirkətinin məlumatları sübut edir.
Şirkətin açıqladığı məlumatlara əsasən, qlobal qazma qurğularının sayı iyunda 1707 ədəd təşkil edib. Son aylarla müqayisədə qazma qurğularının sayı daim artım nümayiş etdirsə də, amma ötən ilin iyun ayı ilə müqayisədə hələ də geridə qalır. Bu da ondan irəli gəlir ki, ənənəvi enerjiyə şirkətlər kapital qoyuluşlarını get-gedə azaldırlar.
Dünya bazarlarında qiymətlər
Yola saldığımız həftə CIF müqavilələri əsasında "Azeri Light" markalı neftin orta qiyməti əvvəlki həftəyə nisbətən 1,84 dollar (2,08 faiz) artaraq 90,17 dollar/barel təşkil edib. Bu dövrdə maksimal qiymət 91,32 dollar/barel, minimum isə 88,65 dollar/barel təşkil edib.
Bu həftə Türkiyənin Ceyhan limanında FOB müqavilələri əsasında satılan “Azeri Light” markalı neftin orta qiyməti 1,85 dollar və ya 2,13% artaraq 88,74 dollar/barel təşkil edib. Bu zaman maksimal qiymət 89,89 dollar/barel, minimum isə 87,17 dollar/barel təşkil edib.
“Brent” markalı neftin orta qiyməti isə dünya bazarlarında 1,36 dollar (1,57 faiz) artaraq 88,01 dollar/barelə bərabər olub. Bu marka neftinin maksimal qiyməti 88,96 dollar/barel, minimum isə 86,83 dollar/barel təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:00 / 07.07.2024
Azərbaycanın enerji potensialı dünyanın diqqət MƏRKƏZİNDƏ – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: Azərbaycanın enerji potensialı dünyanın diqqət MƏRKƏZİNDƏ – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: Azərbaycanın enerji potensialı dünyanın diqqət MƏRKƏZİNDƏ – İlham Şabanın ŞƏRHİ
200879
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.