Xəbər verdiyimiz kimi 2024-cü ilin əvvəllərindən Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesini həyata keçirmək üçün zəruri tədbirlərin icrasına başlanılıb.
Bu günlərdə Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı prosesin gedişatından danışıb.
MÖVZU İLƏ BAĞLI:
Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər VERİLƏCƏK
O deyib ki, iqlim dəyişikliyi əhalinin həyat şəraitinə ciddi təsir göstərir:
“Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri də ekoloji sağlamlıq üçün yeni imkanlar yaradır”.
“Proses könüllüdür”
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Millət vəkil Vüqar Bayramov bildirib ki. Azərbaycanda utilizasiya prosesi könüllüdür:
“Artıq Utilizasiya Fondu yaradılıb. Artıq 2024-cü ilin fevralından həmin fonda ödənişlər daxil olmaqdadır. Fondun vəsaiti hesabına köhnə avtomobillərin alınması və vətəndaşa ödənişin edilməsi nəzərdə tutulur. Yəni məqsəd odur ki, köhnə avtomobillər könüllü şəkildə vətəndaşlardan alınsın. Əvəzində isə vətəndaşa daha yeni avtomobil alınması üçün maliyyə dəstəyi göstərilsin və köhnə avtomobillərin ətraf mühitə vurduğu zərər tədricən azaldılsın.
Çünki utilizasiyanın hədəfi ekoloji tarazlığın bərpasıdır. Eləcə də, istismar müddəti başa çatmış avtomobillərin avtoqəzadakı payını əsaslı şəkildə azaltmaqdır. Amma bütün hallarda bu ekoloji baxımdan çox vacib bir layihədir”.
Millət vəkili onu da vurğulayıb ki, ilkin mərhələdə daha köhnə avtomobillər döriyyədən çıxarılmasına çalışılacaq:
“Nəzərə alaq ki, vətəndaşlarla yanaşı hüquqi şəxslərin də istifadəsində olan çoxsaylı köhnə maşın-mexanizm var. Stimullaşdırıcı tədbirlər imkan verəcək ki, köhnə avtomobillər döriyyədən çıxarılsın və müasir tələblərə cavab verən avtomobillər dövriyyədə daha çox olsun. Bununla da avtomobillərin yaratdığı CO2 emissiyası minimum endirilsin”.
Surxay Atakişiyev, Bizim.Media