Azərbaycan qazının əsas alıcıları kimlərdir? – İlham Şabanın ŞƏRHİ 

Azərbaycan qazının əsas alıcıları kimlərdir? – İlham Şabanın ŞƏRHİ 

Hazırda oxunan: Azərbaycan qazının əsas alıcıları kimlərdir? – İlham Şabanın ŞƏRHİ 

197417

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Hazırda dünya enerji balansında ən yüksək pillədə qərarlaşan enerji daşıyıcısı isə neftdir.

Neftin istehlak zirvəsi

Beynəlxalq Enerji Agentliyinin (EİA) bu həftə açıqladığı proqnozuna əsasən, dünya üzrə neftə tələbatın pik həddə çatması 2029-cu ilə təsadüf edə bilər. Onu qeyd edim ki, əvvəllər bunun 2035-2040-cı illər arasında baş verməsi gözlənilirdi.

Amma indi vəziyyət dünyada dəyişir, özü də daha sürətlə. Agentliyin ekspertlərinin qənaətincə, elektrik avtomobillərinin yüksək templə bazara daxil olması qlobal səviyyədə neftə olan marağı tədricən azalmağa başlayacaq, çünki neftin yarıdan çoxu məhz nəqliyyat sektorunda istehlak edilir.

EİA hesab edir ki, 2024-cü ilin sonuna neftə qlobal gündəlik tələbat 1 milyon barel artaraq 103,2 milyona çatacaq. Gələn il bu rəqəm daha bir milyon artım nümayiş etdirərək 104,2 milyona, 2026-cı ildə isə 800 min barel artaraq 105 milyona çatacaq.

Bundan sonra dünyada neftə qlobal tələbat bir qədər səngiyəcək. 2027-ci ildə bu göstərici 105,3 milyon barel, 2028-ci ildə isə 105,6 milyon barel olacaq. Qeyd olunur ki, 2029-cu ildə qlobal neft tələbi 2028-ci il səviyyəsində sabitləşəcək və nəhayət, 2030-cu ildə 105,4 milyon barelə qədər azalacaq.

Bu, həqiqətənmi belə olacaq, indidən təsdiq etmək müşkül bir məsələdir, amma özümüzün ətrafda müşahidə etdiyimiz məsələlər onu göstərir ki, enerjiyə qənaətcillik istər-istəməz məişətimizə daxil olur, əvvəllər elektrik avtomobillərinə istehza ilə yanaşanlar hazırda onun istehlakçısına çevriliblər. Bunu statistika da təsdiq edir: 2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycana yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 54% və ya 438 ədəd avtomobil artaraq 1250 ədəd təşkil edib.

Neft qiymətləri

Bu həftə isə Brent markalı neft yenidən 80-85 dollar dəhlizində ticarət edilməyə başladı. Yəni mayın sonlarında olan qiymət diapazonuna qayıtdı.

Azərbaycan neftinə gəldikdə isə, həftənin əvvəlində bir bareli 82,35 dollara satılan “Azeri Light” markalı neft həftə sonu 83,94 dollaradək bahalaşdı.

OPEC analitikləri bildiriblər ki, bundan öncə neft fyuçerslərinin ucuzlaşaraq 80 dollardan aşağı qiymətdə ticarət edilməsi spekulyativ satışlar, geosiyasi risklərin azaldılması gözləntiləri, bəzi iri ölkələrin mərkəzi banklarının monetar siyasətindəki qeyri-müəyyənlik və qarışıq iqtisadi göstəricilərin bazar iştirakçılarının əhval-ruhiyyəsinə təsir göstərməsi səbəbindən baş verib.

Neftin qiymət proqnozu

Dünya Bankı isə bu həftə 2024-cü ildə neftin orta qiyməti ilə bağlı proqnozunu yenidən nəzərdən keçirərək, Brent markalı neftin bir barelini 84 dollara qədər yüksəldib ki, bu da əvvəlki hesabatdan 3 dollar çoxdur. 2025-ci il üçün təşkilat nefti 79 dollar səviyyəsində proqnozlaşdırır. Bu, yanvarın proqnozundan 1 dollar yüksəkdir. Bankın hesabatında Brent markalı neftin 2026-cı ildə orta hesabla 78,1 dollara ticarət edəcəyi proqnozlaşdırılır.

Dünya Bankının bu proqnozu bizim üçün o baxımdan əhəmiyyətlidir ki, Azərbaycanın cari il üçün korrektə edilmiş dövlət büdcəsinin parametrləri tərtib edilərkən 1 barel ixrac neftimizin qiyməti 75 dollardan götürülüb. Və neftin qiyməti də ötən həftə 80-dən bir qədər aşağı həddə enəndə bu bəzi insanlarda müəyyən qədər təşviş hissi də yaratmışdı. Amma bir şeyi unutmaq lazım deyil ki, qısamüddətli dövr üçün enmələr və qiymət artımları neft üçün adi bir haldır. Əsas məsələ onun orta qiymətidir.

Azərbaycana qaz təklifləri

Cari həftə Azərbaycanın enerji həyatında ən maraqlı hadisələr qaz məsələləri ətrafında baş verib. Bu da başa düşüləndir. Çünki Azərbaycanın qaz bazarı genişlənir, ixrac imkanlarımız artır, Azərbaycanla potensial qaz ticarətini qurmaq istəyən ölkələrin siyahısı da çoxalır.

İkinci bir tərəfdən Azərbaycan özünün əsas qaz bazarı kimi Avropanı hədəfləyibsə və bura öz qazını tərəfdaşları ilə birlikdə çoxmilyardlı Cənub Qaz Dəhlizi ilə çıxardırsa, artıq rəsmi Bakıya Avropaya gedən yolun da şaxələndirilməsi ilə bağlı təkliflər gəlməyə başlayıb.

İlk təklif Türkiyə Cümhuriyyətindən edildi. Və bu təklif hərtərəfli öyrənildikdən sonra bu ayın əvvəlində Bakı Enerji Həftəsində SOCAR və BOTAŞ şirkətləri Azərbaycan qazının Avropaya tranzitinə dair sənəd də imzaladılar. Üstündən bir həftə keçmiş məlum oldu ki, belə təklif yeganə deyilmiş.

Ukrayna üzərindən qaz ixracı variantı

Sükutu ilk olaraq Amerikanın “Bloomberg” agentliyi pozdu. İyunun 10-da agentlik “Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki kəmərlərlə  nəql etmək istəyir” məlumatını özünün mənbələrinə istinadən yayıb.

Məlumata görə, Avropa İttifaqı rəsmiləri 2024-cü ilin sonunda Ukrayna üzərindən Avropa ölkələrinə gedən Rusiya qazının tranzitinin başa çatması ilə əlaqədar bu qazın digər mənbələrdən olan qazla əvəzlənməsi üzərində Kiyevlə danışıqlar aparır.

Qeyd olunub ki, hazırda müzakirə olunan variantlardan biri də Avropanın Azərbaycandan qaz alması və onun Rusiya və Ukrayna boru kəmərləri vasitəsi ilə nəqlidir.

Məqalədə vurğulanır ki, bu, Aİ-nın enerji resurslarından imtina etməyə çalışdığı Rusiya Federasiyasının özündən qaz almaq imkanını aradan qaldırır. Yəni məsələ heç də Rusiyadan qaz almaqdan getmir. İndiyə qədər olan müqavilə tarixə qovuşmalıdır. Ukrayna ərazisindən tranziti saxlamaq niyyəti Avropa İttifaqının bunu Kiyevin iqtisadiyyatını qorumaq amillərdən biri hesab etməsi ilə bağlıdır.

Bundan əlavə, Avropa rəsmiləri boru kəmərlərinin fəaliyyətsiz qalacağı təqdirdə yararsız hala düşə və ya hərbi hədəfə çevrilə biləcəyindən ehtiyat edirlər.

Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Aleksey Çernışovun agentliyə verdiyi məlumata görə, Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və Ukraynanın qaz infrastrukturundan istifadənin davam etdirmək niyyətində olduğunu açıqlayıb. Eyni zamanda, o, Ukraynanın Rusiyanın “Qazprom”u ilə təmasları nəzərdə tutan tranzitin uzadılması üçün Aİ layihələrində iştirakını istisna edib.

İyunun 13-də isə bu məsələni “Politico” qəzeti və “Reuters” agentlikləri inkişaf etdiriblər. Hər iki dərgi Azərbaycan rəsmisinə istinadən Bakının Avropa İttifaqından təklif aldığını və bunun əsasını Ukraynadan keçməklə Azərbaycan qazının Avropaya ixracı məsələsi olduğunu bildirib.

Hikmət Hacıyevdən açıqlama

Həmin rəsmi isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.

Özü də Hikmət Hacıyevlə söhbət elə Avropada baş tutub. Belə ki, Prezidentin köməkçisinin başçılıq etdiyi nümayəndə heyəti Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Aİ təhlükəsizlik dialoqunun 5-ci raundunda iştirak ediblər.

Bu tədbirdən sonra Hikmət Hacıyev iyunun 13-də “Reuters” agentliyinə bildirib ki, Avropa İttifaqı və Ukrayna Azərbaycandan bu ilin sonunda başa çatacaq qaz tranziti sazişi üzrə Rusiya ilə danışıqlara kömək etməyi xahiş ediblər.

“Bəli, Aİ və Ukrayna qaz tranziti təklifi ilə bağlı bizə müraciət ediblər. Hazırda biz bu prosesə necə töhfə verə biləcəyimizlə bağlı müxtəlif variantları nəzərdən keçiririk”, - deyə prezidentin köməkçisi bildirib.

Daha sonra bildirilir ki, Aİ Rusiyanın qaz idxalının əksər həcmlərini kəssə də, bəzi Avropa ölkələri hələ də Ukraynadan keçən boru kəməri vasitəsilə Rusiyadan qazından asılıdır. Ukrayna üzərindən Rusiyadan qaz alan ölkələr Slovakiya, Macarıstan və Avstriyadır.

Azərbaycan Prezidentinin köməkçisi Ukrayna üzərindən Azərbaycan qazının nəqlinə dair məsələnin təfərrüatları və müddətinə dair hansısa bir məlumat verməyib. Amma Azərbaycanın Avropa İttifaqı ilə qaz əməkdaşlığında həlli düyünə düşmüş bir neçə məsləni də xatırlatmağı unutmayıb.

Onun sözlərinə görə, Aİ qaz idxalını şaxələndirməyə çalışır və 2027-ci ilə qədər Azərbaycan qazının idxalını iki dəfə artıraraq ildə ən azı 20 milyard kubmetrə çatdırmaq barədə saziş imzalayıb, lakin buna nail olmaq üçün nə genişləndirilmiş infrastruktur, nə də onu yaratmaq üçün maliyyə məsələləri hələ də həllini tapmayıb.

Bununla belə “Politico” qəzeti Hikmət Hacıyevin rəsmi Bakının Aİ-nın təklifinə ciddi yanaşmasını qeyd edib, çünki ortada enerji təhlükəsizliyi kimi hər tərəfin marağında olan məsələ durur.

Yeni ixrac marşrutu realdırmı?

İndi gələk sözügedən bu məsələnin praktikada nə dərəcədə reallaşa biləcəyinə. Mümkündürmü ki, Azərbaycan Rusiyanın hazırkı səviyyədə Ukrayna üzərindən Avropanın 3 ölkəsinə nəql etdiyi həcmləri – yəni illik 15 mlrd kubmetr qazı qarşılaya bilsin.

Azərbaycan bu il Avropaya 12 mlrd kubmetr qaz satmağı proqnozlaşdırır. Gələn il ola bilsin bir qədər də artırsın. Yəni ümumi həcmlər arasında fərq o qədər də böyük deyil. Amma həmin həcmlərin demək olar ki, əksər hissəsini biz Cənub Qaz Dəhlizi ilə Avropa bazarına çatdırırıq. Yəni həcm etibarı ilə biz Qərb marşrutu ilə Avropaya axan qazı üzü Rusiyaya yönəldib oradan da Ukrayna infrastrukturu vasitəsi ilə həmin ölkələrə verə bilmərik.

Əvvəla bunun fiziki olaraq həyata keçirə bilmərik. Çünki Azərbaycanla Rusiya arasında olan mövcud qaz infrastrukturu cəmi ildə 5 mlrd kubmetr qazın nəqlinə imkan verir. İkincisi, “Şahdəniz” konsorsiumu ilə Avropadakı qaz idxalçılarının 25 illik öhdəlikləri var – 10 mlrd kubmetr qazın alqı-satqısına dair. Onların içərisində Slovakiya, Macarıstan və Avstriya yoxdur.

Onda sual edə bilərsiniz: bəs Avropa Komissiyasında belə sadə məsələləri bilmirlər ki, rəsmi Bakıya müraciət edirlər?  Əlbəttə bilirlər. Amma mənim anladığıma görə, məsələ burada heç də qaz ticarəti ilə məhdudlaşmır. Əgər belə olsaydı, onda bu məsələni Qərb mediasına Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi deyil, SOCAR-ın qaz məsələlərinə cavabdeh olan vitse-prezidenti Elşad Nəsirov şərh edərdi.

Yarı qaz satışımız Avropada

Azərbaycan Energetika nazirliyinin açıqladığı aylıq hesabata görə, cari ilin yanvar-may aylarında 20,9 mlrd kubmetr qaz hasil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 700 milyon kubmetr artıb.

Hesabat dövründə xarici bazarlarda 10,6 mlrd kubmetr qaz satışı həyata keçirib ki, bu da 2023-cü ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 3,4% artım deməkdir. Əgər ixracın strukturuna diqqət yetirsək görərik ki, onun 50%-i Avropa bazarının, 39%-i Türkiyə bazarının, 11%-i isə Gürcüstan bazarının payına düşüb.

Niyə ixracın bölgüsü üzərində belə diqqətlə dayandım. Fikrimcə, Azərbaycan qazının Ukrayna üzərindən nəqlinin bir məsələsi də svop (dəyiş-düyüş) həllər hesabına gerçəkləşə bilər: Türkiyəyə verdiyimiz həcmləri Rusiya və daha sonra Ukrayna qaz infrastrukturuna yönəldirik. Bu zaman bizə bir kəmər yetərli olmayacaq, ona görə də Rusiyadan Gürcüstana gələn kəməri də əks istiqamətdə tam gücü ilə istifadə edə bilərik. Əvəzində Rusiya bizim həcmlərimizi Türkiyə bazarına tam həcmdə çatdıra bilər.

Demək, gələcəkdə Azərbaycan qazı Avropaya 3 istiqamətdə ixrac edilə bilər: TAP boru kəməri ilə, Türkiyədən Bolqarıstana keçərək Trans-Balkan boru kəməri ilə və Ukrayna üzərindən Slovakiyaya və digər qonşu ölkələrə. Özü də sonuncu variant gerçəkləşdirildiyi təqdirdə heç Cənub Qaz Dəhlizi üzrə boruların genişləndirilməsinə də ehtiyac qalmaz. Nəticə etibarı ilə Azərbaycanın qazancı təkcə artan qazımız olmur axı, iqtisadi-siyasi nüfuzumuz daha da genişlənə bilər.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO