Xəbər verdiyimiz kimi, 50 kiloqramlıq un kisəsinin qiymətində 5 manata yaxın artım olub.
Belə ki, əvvəllər 27 manata satılan 50 kiloqramlıq un kisəsi hazırda satış məntəqələrində 32 manat və daha baha təklif olunur.
Maraqlıdır, artım tendensiyası nə vaxt dayanacaq, ucuzlaşmanı nə vaxt müşahidə edəcəyik?
MÖVZU İLƏ BAĞLI:
Qiymət MÜƏMMASI – Buğda ucuzlaşırsa, un niyə BAHALAŞIR?
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, unun çox yaxın zamanlarda bir az da bahalaşması gözlənilir:
“Çünki həm Rusiyadan, həm də Qazaxıstandan dünya bazarlarına taxıl ixrac olunurdu:
“Sözügedən ölkələr həm də Azərbaycanın əsas taxıl tədarükçüləridir. Yaz aylarında su daşqınları və şaxtalı havanı müşahidə etdik. Həmin ölkələrdən gələn məlumatlara görə, 20-25 faizə yaxın taxıl sahələri məhv oldu. Bu ərazilərin bir qismi su altında qaldı, digər qismi isə şaxtadan zərər gördü.
Dünya bazarında qiymətlərin artım trendi var. Azərbaycan özünü təxminən 24-25 faiz taxılla təmin edə bilir. Qalan hissəni xaricdən alırıq. Son illər taxıl aldığımız üç ölkə -Ukrayna, Rusiya və Qazaxıstan var idi. Ukraynadan müharibəyə görə taxıl almaq xeyli çətinləşib. Bu, mümkünsüz hala gəlib. Rusiya isə öz daxili tələbatını ödəmək üçün taxıl ixracı ilə bağlı tez-tez qadağalar qoyur. İndi əsas bazarımız Qazaxıstandır”.
N.Cəfərli qeyd edib ki, dünya bazarında qiymət artımı yay aylarında da davam edəcək:
“Bu, yaz əkininin zərər görməsindən yaranan qiymət artımıdır. Ola bilər ki, payızlıq buğda daha uğurlu olsun, dünya bazarına daha çox taxıl çıxarılsın. Məhsuldarlıq olarsa, payızda ucuzlaşma ola bilər. Məhsuldarlıqla bağlı problemlər qalsa, bu ilin sonuna qədər qiymət artımını dalğa şəklində müşahidə edə bilərik”.
O, çörəyin qiymətinin perspektivi ilə bağlı bu fikirləri deyib:
“Azərbaycanda çörəklə bağlı çox maraqlı bir yanaşma var. Un bahalaşan kimi çörəyi bahalaşdırmırlar. Çox həssas mövzu olduğu üçün bunu etmirlər. Əksinə, çörəyin çəkisini azaldırlar. Əslində, bu da bahalaşmadır. Sadəcə vizual olaraq qiymət dəyişmir deyə rahatlıqla belə addım atırlar. Ola bilsin ki, yenə qiymət dəyişməsin, amma çəkisi azalsın. Bir müddətdən sonra unun qiyməti elə bir həddə çata bilər ki, artıq onu çəki ilə tənzimləmək mümkün olmasın. Ona görə də qiymət artımı gözləniləndir”.
Məhərrəm Əliyev, Bizim.Media