Dollar alışında KƏSKİN ARTIM – Devalvasiya GÖZLƏNİLİR? 

Dollar alışında KƏSKİN ARTIM – Devalvasiya GÖZLƏNİLİR? 

Hazırda oxunan: Dollar alışında KƏSKİN ARTIM – Devalvasiya GÖZLƏNİLİR? 

195436

Dollara tələbat durmadan artır. 2024-cü ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 37 valyuta hərracında, ümumilikdə, banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb.

Satılan dolların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-may aylarında keçirilən valyuta hərraclarında banklara cəmi 1 milyard 492.4 milyon ABŞ dolları satılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl erası BAŞLAYIR – Dolların dominantlığına SON QOYULACAQ?


May ayında keçirilən 7 valyuta hərracında isə valyuta satışının məbləği 558.6 milyon dollar təşkil edib. Bu da ötən ilin may ayındakı satışlardan 2 dəfə yüksəkdir. 

Azərbaycanda əhalinin banklardan əldə etdiyi nağd ABŞ dollarına tələbi də kəskin artıb. Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində banklar əhaliyə nağd 931.3 milyon ABŞ dolları satıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz (2 dəfə) artım deməkdir. 

Aylar üzrə götürsək, 2024-cü ilin yanvarında əhali banklardan 211.5 milyon dollar, fevralında 499.58 milyon dollar, martında isə 220.21 milyon dollar nağd alış edib. 2023-cü ilin ilk rübündə əhali banklardan nağd 439.78 milyon dollar əldə etmişdi.

Birinci rübdə həmçinin bankların əhalidən dollar alışında azalma var. Belə ki, rüb ərzində banklar əhalidən 351.27 milyon dollar alıb. 2023-cü ilin eyni dövründə alışların həcmi 367.96 milyon dollar olmuşdu. Göründüyü kimi, bu ilin birinci rübündə banklardan əhaliyə 580.02 milyon ABŞ dolları axın olub.

Bəs, dollara artan tələbat devalvasiya riski yarada bilərmi?

Suala Millət vəkili Vüqar Bayramov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, dollara tələbin yüksək olması həm dövlət xərcləmələrinin və idxalın artması ilə bağlıdır:

“Məlumdur ki, dövlət xərcləmələri birmənalı şəkildə daha çox pulun dövriyyəyə daxil olması deməkdir. Bu zamansa həmin pul kütləsinin bir qisminin idxal və yığım vasitəsi kimi dollar tələbinin yaranmasına gətirib çıxarır. Amma dekabr-yanvar-fevral ayları ilə müqayisədə biz prosesin Mərkəzi Bank tərəfindən daha çox nəzarətdə olduğunu və aylıq valyuta satışının, xüsusən də ilin əvvəllərindən nisbətən stabilləşməsini müşahidə edirik. 

Təbii ki, Mərkəzi Bank ötən ilin sonlarında da, bu ilin əvvəllərində də prosesi nəzarətdə saxlaya bildi. Mərkəzi Bankın intervensiya imkanları var. Bundan faydalanaraq Mərkəzi Bank prosesə təsir göstərə bilir. Amma yaxın gələcəkdə milli valyutanın məzənnəsinin dəyişməsi birmənalı şəkildə Mərkəzi Bankın mövqeyindən asılı olacaq. 
Mərkəzi Bank faktiki olaraq intervensiya yolu ilə bu prosesə təsir imkanlarını qoruyub saxlayır. Təbii ki, neftin dünya bazarındakı qiyməti də bütövlükdə valyuta tələbinə təsir göstərən faktorlardandır. Çünki neftin dünya qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Amma Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutamızın növbəti dövr üçün kursu birmənalı şəkildə Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO