Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd
Artıq yayın ilk günüdür. Amma hələ də yazın yağmurlu havası kəsilmək bilmir. Nəinki dağlıq və dağətəyi bölgələrimizdə, elə Bakıda göy gurultusunu da eşidirik, ildırım çaxmasını da müşahidə edirik. Hələ Şəmkir rayonunda ildırımın Yerə düşməsi nəticəsində insan ölümü də baş verib. Yəni iqlim dəyişmələrinin fəsadları getdikcə özünü daha çox qabarıq hiss etdirir.
COP29-a gedən yol
Bu həftənin əvvəli COP-la bağlı bir sıra məlumatlar ictimailəşdirildi. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatdan aydın oldu ki, Bakıda İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti keçiriləcək. Zirvə görüşü bu il noyabrın 12-13-də baş tutacaq. Və məhz bu tədbirlə də BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a start veriləcək. Bu baxımdan da rəsmi Bakının atdığı addımlar, Azərbaycana dünya ictimaiyyəti tərəfindən marağın artması başa düşüləndir.
Elə COP29-un Baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin Yaponiyanın "Nikkei" nəşrinə müsahibəsi də maraqla qarşılanan hadisələr içərisində yer alıb. Baş danışıqçı Azərbaycanın neft və qaz ixracatçısı olsa da, ölkənin bərpa olunan enerji mənbələrinə sərmayə yatırmaq yolundan da söz açıb, “yaşıl enerji” kursunun artan xətlə davam etməsini və metan emissiyalarının azaldılması üçün rəsmi Bakının böyük səylər göstərdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın Dövlət Neft Şirkətinin 2050-ci ilə qədər emissiyaları sıfıra endirmək kimi məqsədini də xatırladıb.
“Yaşıl enerji”
Bazar ertəsi Bakıda “yaşıl enerji” ilə bağlı hökumət səviyyəsində keçirilən bir tədbirdə Azərbaycanın gündəmində olan alternativ enerji layihələrinin dəyəri açıqlandı.
Energetika nazirinin müavini Samir Vəliyev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı Azərbaycanın qarşısında enerji keçidi sahəsində ambisiyalı məqsəd və vəzifələrin dayandığını söyləyib və əlavə edib ki, Azərbaycanda enerji keçidi üzrə reallaşdırılan və reallaşdırılması yaxın illərdə baş tutacaq layihələr çərçivəsində ümumilikdə 1,5 milyard dollar məbləğində investisiya yatırılması planlaşdırılır.
"Azərbaycan tarixən zəngin ehtiyatlara malik neft-qaz ölkəsi olub və bunları uğurla ixrac edir. Beynəlxalq arenada Azərbaycan iqlim dəyişmələri ilə mübarizə və atmosferə buraxılan tullantıların azaldılmasında fəal iştirak edir. Bu kontekstdə ölkə daha dayanıqlı inkişafa keçid üçün könüllü olaraq öz qarşısında “yaşıl istiqamətli” məqsədlər qoyur", - deyə Vəliyev bildirib.
Nazir müavini qeyd edib ki, hazırda 1870 MVt gücündə "yaşıl" enerji mənbələri ilə əlaqəli layihələrin icrası və 2027-ci ilədək onların enerji sisteminə inteqrasiyası nəzərdə tutulur.
Təkcə bu il “yaşıl” mənbəli 5 elektrik stansiyasının təməlinin qoyulması planlaşdırılır ki, onlardan da 2026-cı ilin sonundadək elektrik enerjisinin alınması gözlənilir. O cümlədən “Masdar” şirkətinin Azərbaycanın Biləsuvar və Neftçalar rayonlarında günəş elektrik stansiyalarının, həmçinin Qaradağ rayonunda inşa edəcəyi külək elektrik stansiyasının gücü təxminən 1000 MVt-dır.
Həmin tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva isə diqqəti ölkəmizin "yaşıl iqtisadiyyat"a hazırlığına yönəldib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri ilə bağlı real nəticələrə nail olmaq üçün bilik və bacarıqlar daim artırılmalı, enerjidən hər bir sahədə qənaətlə istifadə edilməsi erkən yaşlarından ölkə vətəndaşlarına öyrədilməlidir. Xanım Andreyeva bu yolda təhsilin keyfiyyətinin artırılmasının əhəmiyyətini xüsusilə qeyd edib. Mən deyərdim ki, qızıl kəlamlardır. Çünki ətrafımızda nə qədər vətəndaşımız öz evində nəyəsə qənaətcil yanaşsa belə, ictimai yerlərdə və o cümlədən iş başında sanki belə şeylərdən qaçmağa meyllidir.
“Azərenerji”nin almaq istədiyi kredit
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurası bu ilin son rübünədək “AzərEnerji” ASC-yə ayrılacaq 30 milyon dollarlıq krediti təsdiqləyə bilər. Bankın açıqlamasına görə, layihə hazırda son araşdırılma mərhələsinə keçid edib.
Qeyd edək ki, borcalan qismində Maliyyə Nazirliyi, icraçı qismində isə “AzərEnerji” ASC çıxış edəcək. Kredit hesabına Azərbaycanda fəaliyyət göstərən 4 yarımstansiyada avtotransformator avadanlığının alınması və quraşdırılması məsələləri həllini tapmalıdır.
Bu layihə təsdiq edildiyi təqdirdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda enerji şəbəkəsinin ötürücülüyünü yaxşılaşdırmaq və bərpa olunan enerji potensialını inteqrasiya etmək üçün zəruri olan elektrik şəbəkəsinin modernləşdirilməsinə yönəlmiş ilk xarici maliyyələşmə layihəsi olacaq.
“Yaşıl enerji dəhlizi”
Elə bu yerdə diqqətinizi Azərbaycanın “yaşıl enerji dəhlizi” layihəsinə, Qara dənizin dibi ilə Avropa İttifaqı ölkələrinə ixrac etmək istədiyi elektrik enerjisinə yönəltmək istərdim. Çünki bu həftə Rumıniyanın elektrik şəbəkəsi operatoru “Transelectrica”nın yaydığı məlumata görə, beynəlxalq tərəfdaşları olan Azərbaycanın enerji operatoru “AzərEnerji”, Gürcüstanın Dövlət Elektrik Sistemi və Macarıstanın MVM şirkəti Buxarestdə yaradılacaq birgə müəssisə üzrə Anlaşma Memorandumu imzalayıb.
Birgə müəssisənin əsas məqsədinin 4 ölkənin hökumətləri tərəfindən qəbul edilən "Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsidir. Həmçinin bu layihə Avropa Komissiyasının dəstəyi ilə qəbul edilən bir razılaşmadır.
Artıq COP29 ərəfəsində bu layihənin texniki-iqtisadi əsaslandırılması hazır olmalıdır və onun əsasında artıq gələn ildən tərəfdaş ölkələr layihənin praktiki icra edilməsi əməliyyatlarına start verməyi planlaşdırırlar.
Bahalı neftin iqtisadiyyata təsiri
Dünya bazarlarında cari ilin əvvəlindən neft qiymətlərinin ötən il proqnoz edilən göstəricilərini üstələyir. Bəs onun Azərbaycan iqtisadiyyatına necə təsirləri necədir?
Artıq hökumət bu yöndə araşdırmalarını aparıb və dövlət büdcəsinə dəyişikliklərin edilməsini mümkün sayıb.
Büdcəyə dəyişikliklər edilməsinin əsas baiskarı isə təbii ki, neftin faktiki qiymətinin proqnoz qiymətlərini xeyli üstələməsidir.
2024-cü ilin yanvar-aprel aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 dollara bərabər olubr ki, bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 dollar və ya nə az, nə çox düz 45,5% çoxdur.
Bu səbəbdən də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilmiş və neftin bir barelinin orta illik ixrac qiymətinin 75 dollar götürülməsi tövsiyə edilib.
Bəs belə bir ciddi artım ilin sonunadək olan dövrdə neft qiymətlərinin dünya bazarında mümkün azalması fonunda dövlət büdcəsi üçün əlavə risklər yaratmayacaq ki?
Əlbəttə istənilən işdə risk mövcuddur, amma baxır onun mümkün ehtimalı nə qədər böyükdür! Bu baxımdan da neft qiymətlərinin 75 dollardan aşağı bir səviyyəyə enməsini demək olar ki, heç bir beynəlxalq maliyyə qurumu və ya enerji təşkilatı proqnozlaşdırmır.
Hətta bazar iştirakçıları da ilin ikinci yarısında neftin 80-dən aşağı qiymətlərin olmasını istisna hal kimi yalnız qısa müddət üçün planlayırlar. İkinci bir tərəfdən, hökumət də öz işini ehtiyatla tutur: ilin ikinci yarısı üçün neftin orta ixrac qiymətini 70 dollardan hesabladığını açıqlayır. Yəni büdcənin yeni parametrlərdə icrası üçün neft qiymətləri üzrə kifayət qədər “təhlükəsizlik yastığı” yaradılıb ki, qlobal bazarda hansısa şok effektləri müşahidə edilən zaman gəlir və xərcləmələri idarə etmək mümkün olsun.
2024-cü ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 12,1 milyard manat proqnoza qarşı 13 mlrd 259,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 mlrd manatdan çox artım deməkdir. Bu zaman dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8%, neft-qaz sektoru üzrə isə 48,2% olub.
Maliyyə nazirliyinin açıqlamasına görə, dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar, vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət büdcələrinin yenidən baxılma ilə optimallaşdırılması cari il üzrə makroiqtisadi proqnozların yenilənməsinə gətirib çıxarıb.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36 mlrd 353 milyon manat proqnozlaşdırılır ki, bu da hazırkı təsdiq olunmuş göstəriciyə nisbətən 6,4% çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 17 mlrd 769 milyon manatı neft sektorunun, 18 mlrd 584 milyon manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə gəlirlər 3,5% artırılır, qeyri-neft sektoru üzrə isə artımın 9,3% olması nəzərdə tutulur.
Azalan neft həcmlərinin fəsadları
Mənim diqqətimi həmçinin Maliyyə naziri Samir Şərifovun Milli Məclisdə 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxışının bir məqamı çəkdi.
Nazir hazırda Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun payına toxunur və sonra diplomatikcəsinə millət vəkillərinin nəzərinə çatdırır ki, “neft hasilatı azalır və bunun nəticəsində biz ortamüddətli perspektivdə neft-qaz sektorunun iqtisadiyyatdakı payının 22-25%-ə qədər azalacağını proqnozlaşdırırıq”.
Onu qeyd edim ki, Dövlət Statistika Komitəsinin məlumatlarından çıxış etsək, görərik ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM-də neft-qaz sektorunun payı 36,5% təşkil edib. Ötən il isə bu göstərici 36,9%-ə yaxın idi. 2022-ci ildə isə 47,8%-dən də çox idi.
Neft qiymətlərinin kəskin ucuzlaşdığı 2015 və 2020-ci illərdə isə neft-qaz sektorunun ÜDM-də payı 30% ətrafında olub. Yəni qiymətlərin buna təsiri xeyli böyükdür. Demək, nazirin sözlərindəki həqiqət ondan ibarətdir ki, bundan sonra enerji qiymətlərinə bel bağlamaq olmaz, çünki “yaşıl enerji” kursu dünyanın ənənəvi enerjiyə olan tələbatın artımını cilovlayan amildir və siyasi risklər aradan götürüldüyü təqdirdə, indiki qiymətlərin ucuzlaşması riskləri kifayət qədər yüksəkdir. Bundan əlavə Azərbaycan neftinin hasilat həcmləri də azalır. Deməli, qeyri-neft sektoru üzrə dənizdə külüng vuran neftçidən bir neçə dəfə çox çalışmaq gərəkdir ki, “qara qızılın” yerini müəyyən qədər əvəzləmək mümkün olsun.
Prezidentin qəbulunda olan şirkət
Mayın 29-da dövlət başçımızın Lüksemburqun “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədri Rolli Van Rappardı qəbul etməsi də məhz kapitalın idarə edilməsi ilə bağlı idi.
Onu deyim ki, bu şirkət alternativ investisiyaların idarə edilməsi üzrə Avropanın ən böyük və nüfuzlu investisiya şirkətlərindən biridir və dünyanın 40 şəhərində ofisi olan, özəl səhmlər, özəl kredit, infrastruktur və digər fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 187 milyard avrodur. Və bu şirkət Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə əməkdaşlıq edir.
Prezident İlham Əliyev isə həmin qəbul zamanı bu tərəfdaşlıq əlaqələrini müsbət qiymətləndirərək mövcud münasibətlərin daha da genişləndirilməsini tövsiyə edib. Çünki qeyri-sabit maliyyə bazarları mühitində də Fondun aktivlərinin artımı vacib məsələdir. Əslində Azərbaycanın Neft Fondun yaradılmasının məqsədlərindən biri də budur.
Demək, dövlətimiz və onun qurumları heç də bəzilərinin düşündüyü kimi “neftə ümidlə” yaşamır, onun gəlirlərinin kifayət qədər azalacağı dövrlərə də hazırlaşır. Özü də daha ciddi.
Neft həcmlərinin ölkədə azalmasının yerini həm də Azərbaycandan kənardakı neft layihələrinə daxil olmaqla əvəzləmək mümkündür.
SOCAR-ın xaricdə yeni payı
Mayın 30-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Ərəb körfəzinin dayazsulu hissəsində yerləşən “Sarb” və “Umm Lulu” yataqlarında iştirak payının 3%-nin SOCAR-a verilməsinə dair Saziş imzalanıb.
Sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və ADNOC-un “upstream” üzrə icraçı direktoru Abdulmunim Saif Əl Kindi imzalayıb. İmzalanma mərasimində Azərbaycan ilə BƏƏ arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin SOCAR-ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi bildirilib.
Bizim.Media