Xəbər verdiyimiz kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Türk standartları əsasında AZS TS 11848:2024 “Zərgərlik xidmətləri – Ümumi qaydalar” və AZS TS 12376:2024 "Zərgər – İstehsal – İşçilər üzrə tələblər" yeni dövlət standartları qəbul edilib.
Yeni dövlət standartları zərgərlik xidmətləri ilə əlaqəli ümumi qaydaları və zərgərlik peşəsi, bu peşə ilə məşğul olanların təsnifatını, istifadə olunan alətləri, vasitələri və avadanlıqları, həmçinin hər bir sinfə aid olan işçinin zərgərlik peşəsi ilə əlaqədar yiyələnməsi vacib olan bilikləri, bacarıqları, rəftar və davranışları əhatə edir.
MÖVZU İLƏ BAĞLI:
Qızıl yenidən BAHALAŞDI
Yeni dövlət standartları “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 36) tərəfindən müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədləri Dövlət Fonduna daxil edilib.
Bəs bu standartlar qızıl bazarına necə təsir edəcək?
Suala aydınlıq gətirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, bu qərar zəruri olsa da kafi deyil:
“Ona görə ki, istehlakçılar məhz satış məntəqələrində aldadılır. Zərgərlərin Əxlaq Kodeksini yaradırlarsa, qoy olsun. Amma illər əvvəl Azərbaycanda Əyyar Palatası mövcud idi. Bu Palata satışda olan qızılları test eləyirdi, sonra üstünə rombvari bir işarə vururdu. Ona görə də istehlakçılar üzərində bu işarə olan məhsullara inanırdı.
Əyyar Palatası artıq 8 ildir ki, ləğv olunub. İndi qızıl bazarına heç bir nəzarət yoxdur. Üstəlik Nazirlər Kabinetinin 114 saylı qərarı qızıl və digər daş-qaşlar dəyişdirilən, qaytarılan mallar siyahısında deyil. Ona görə də bu sahədə özbaşınalıq var”.
Eyyub Hüseynov təklif edir ki, Əyyar Palatasına bənzər bir qurumun yaradılması çox vacibdir:
“Bazara daxil olan bütün qızıl məmulatları həmin qurum tərəfindən yoxlanmalıdır. Hesab edirəm ki, Daxili İşlər Nazirliyinin müvafiq qurumları da bu sahəni nəzarətə götürməlidir. Çünki bazarın bu seqmentində çox böyük qanun pozuntuları var. Ümid edirəm ki, İqtisadiyyat Nazirliyinin növbəti addımı qızıl bazarına nəzarət edəcək bir qurumun yaradılması olacaq”.
Surxay Atakişiyev, Bizim.Media