Qiymət MÜƏMMASI – Buğda ucuzlaşırsa, un niyə BAHALAŞIR? 

Qiymət MÜƏMMASI – Buğda ucuzlaşırsa, un niyə BAHALAŞIR? 

Hazırda oxunan: Qiymət MÜƏMMASI – Buğda ucuzlaşırsa, un niyə BAHALAŞIR? 

193446

Cari ilin ilk dörd ayında Azərbaycan xarici ölkələrdən 266 min 609 ton miqdarında buğda alıb.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 59 milyon 697 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 142 min 429 ton (34,8%), dəyər ifadəsi ilə 64 milyon 292 min ABŞ dolları (51,8%) azdır. 2023-cü ilin yanvar-aprel aylarında buğda idxalının miqdarı 409 min 38 ton, dəyəri isə 123 milyon 989 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə xaricdən alınan buğdanın bir tonu üçün orta qiyməti 223,9 ABŞ dolları olub ki, bu da illik müqayisədə 79,2 ABŞ dolları 26,1% ucuzdur. Ötən ilin eyni dövründə buğda idxalının bir tonu üçün orta qiyməti 303,1 ABŞ dolları olub.

Bununla belə son günlər topdan və pərakəndə satış məntəqələrində unun qiyməti bahalaşıb. Əldə etdiyimiz məlumata görə aprel ayında 50 kiloqramlıq un kisəsinin qiyməti 25 manat 5 qəpik təşkil etdiyi halda hazırda bu 27 manat 35 qəpiyə qədər təklif olunur.

Bəs, idxal olunan buğdanın qiyməti ucuzlaşdığı halda niyə un bahalaşır?

Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu süni qıtlığın yaradılması ilə bağlıdır:

“Bildiyimiz kimi, ərzaqlıq buğdanın idxalını əsasən özəl şirkətlər həyata keçirir. Ona görə də ölkəmizdə həm buğda idxalı, həm un istehsalı, həm də çörək istehsalı 5-6 şirkətin əlində cəmləşib. Azad rəqabətin olmaması səbəbi ilə də həmin şirkətlər bazarda dominantlıq edir. 

Görünən odur ki, unun qiymətindəki artımı obyektiv səbəblə yox, subyektiv qərarla bağlıdır. Məlumdur ki, may ayının həddən ziyadə soyuq və yağıntılı keçməsi dünyada taxılçılıq üçün müəyyən problemlər yaradıb. Bizim iş adamlarımız da bu xəbərdən istifadə edərək bəri başdan hərəkətə keçiblər”.

Mərkəzin sədri hesab edir ki, dünyada ərzaqlıq buğdanın qıtlığı gözlənilmir:

“2023-cü ildə dünyada ümumi tələbatdan 10 faiz artıq ərzaqlıq buğda istehsal olunub. Ona görə də ötən ilki ərzaqlıq buğda bu ilin iyun-iyul aylarında bazarda qiymətlərə öz təsirini göstərəcək. Yəni yaxın 2 ayda buğdanın bahalaşması gözlənilmir. 

Nəzərə alaq ki, biz əsasən Rusiyadan ərzaqlıq buğda alırıq. Bu buğdanınsa bir tonunun satış qiyməti hazırda 220-225 dollardır.  Bundan başqa, Azərbaycanda unun bir kiloqramının maya dəyəri 45 qəpik civarındadır. 
Ona görə də unun bir kiloqramının hazırda 55 qəpiyə təklif olunması reallıqdan uzaqdır. Bu qiymət artımının perspektivi də yoxdur. Çünki yeni taxıl biçininə sayılı günlər qalıb. Ən geci 1 aydan sonra bazara yeni buğda çıxarılacaq. Bu da qiymətlərə öz təsirini göstərəcək”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO