Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd
Artıq ikinci həftədir ki, havalar əvvəllər öyrəşdiyimiz may durumuna bənzəmir. Daha sərin və daha yağıntılı keçir. Təkcə bizdə deyil, Şimal yarımkürəsinin əksər yerlərində belədir.
Qlobal bazarlar
Təbii ki, təbiətin belə ab-havası enerji istehlakına da təsirsiz ötüşmür. Məsələn, mayın 15-dən Avropada mavi yanacağın qiymətləri artıma başlayıb. Artıq min kubmetrinin qiyməti 350 dollar ətrafında ticarət edilir. Çünki gündüzlər yeraltı anbarlara qaz vurulduğu halda bir sıra məkanlarda tələbatı ödəmək üçün gecələr anbarlardan qaz götürülməsi halları çoxalıb.
Neft bazarında isə vəziyyət fərqlidir. Çünki mayın əvvəlində Brent markalı neftin 1 bareli 83 dollara təklif edilirdisə, elə indi də faktiki həmin qiymətdir. Baxmayaraq ki, gah OPEC, gah da Beynəlxalq Enerji Agentliyi bir-birindən fərqli proqnozlarla çıxış edir və hətta bazarın tələb-təklifi ilə bağlı məlumatlar da bəzən üst-üstə düşmür. Bunun da səbəbi ondan qaynaqlanır ki, dünyanın siyasi nizamı pozulandan, onilliklər boyu oturuşmuş ticarət zənciri qırılmağa başlayandan sonra kimin düz, kimin yalan danışmasını ayırd etmək də çətinləşib. Çünki qütblərə bölünmüş dünyada hərə özünə sərf edən informasiyaların yayılmasına maraq göstərir.
Türkiyə-Azərbaycan qaz sazişi
Yola saldığımız həftə Azərbaycanın qaza bağlı həyatında çox maraqlı bir hadisə ilə yadda qaldı.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun mayın 14-də Türkiyəyə səfəri çərçivəsində bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşü keçirildi və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” imzalandı.
Azərbaycan tərəfinin açıqladığı rəsmi məlumata görə, görüşdə dövlət başçılarının səmimi münasibətləri və səyləri nəticəsində dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Türkiyənin Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşı olduğu qeyd edilib.
Tərəflər səmərəli enerji əməkdaşlığı, birgə reallaşdırılan layihələr və yeni tərəfdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbir çərçivəsində imzalanan hökumətlərarası “Təbii qaz sahəsində əməkdaşlıq Sazişi”nin Azərbaycan və Türkiyənin bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi üzrə əməkdaşlığı dərinləşdirəcəyi vurğulanıb. Sənədin qaz hasil, nəql və istehlak edən ölkələr, onların vətəndaşları və müəssisələri üçün qarşılıqlı fayda verəcəyi qeyd edilib.
Yəni Türkiyə Azərbaycandan alacağı qaz həcmlərinin artırılmasında maraqlı olduğunu gizlətmir, rəsmi Bakı isə özünün strateji tərəfdaşının mavi yanacaqla təminatı üçün imkanları olduğunu və bunun gerçəkləşdirilməsi üçün əlavə səylər göstərəcəyini ortaya qoyur.
Türkiyə-Azərbaycan qaz əməkdaşlığının tarixi
Bu yerdə oxuculara Azərbaycanla Türkiyə arasında olan qaz əməkdaşlığı haqda bir qədər ətraflı məlumat vermək istərdim. Bunun xeyli kökü var. Türkiyənin dövlət şirkəti olan TPAO 1996-cı ildən “Şahdəniz” layihəsinin aktiv iştirakçısıdır. Və 1999-cu ildə “Şahdəniz” yatağı açılanda rəsmi Ankara Azərbaycandan qaz almaq istədiyini bəyan edən ilk ölkə oldu.
2001-ci ildə ölkələrimizin hökumətləri arasında “qazın alqı-satqısına” dair saziş imzalandı. Türkiyənin bu cəsarətli addımı ilə Azərbaycan müstəqillik illərində ilk dəfə olaraq 2007-ci ildən adını qaz ixrac edən ölkələr siyahısına daxil etdi. Türkiyə şirkətləri bizim qazımızı o bazara çatdıracaq ilk kəmərində, onun sonradan genişləndirilməsi layihəsinin də aktiv oyunçuları oldular. Sonradan istər “Şahdəniz-2” layihəsinə gedən yolda, istərsə də ondan sonra ölkələrimiz qaz əməkdaşlığının artırılmasında maraqlı olduqlarını ortaya qoyublar.
Elə bu baxımdan da Sazişə münasibət bildirən Mikayıl Cabbarov qeyd edir ki, “imzalanan sazişin bir əhəmiyyəti odur ki, biz Azərbaycanın enerji ehtiyatlarından, ilk növbədə təbii qazın Türkiyəyə, Türkiyə üzərindən Avropa bazarlarına çatdırmaqla yanaşı, həmçinin Orta Asiyada olan ehtiyatların Türkiyə bazarına və oradan da gələcəkdə dünya bazarına Azərbaycan üzərindən gətirilməsinə töhfə verəcəyik”.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə tərəfdaşlığının faydası təkcə iki ölkə ilə məhdudlaşmır, bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə, inkişafına və dayanıqlığına müsbət töhfə verir.
Həqiqətən Türkiyə və Azərbaycan arasında olan münasibətlərin bənzərini tapmaq çox çətindir. Bəlkə də indiki halda mümkünsüzdür. Bu dostluq, qardaşlıq bütün mövzularda vəhdət münasibətidir.
Brada eyni zamanda SOCAR-ın Müşahidə Şurasının sədri olan Mikayıl Cabbarov əlavə edir ki, “çox xoşdur ki, enerji sahəsində olan əməkdaşlığımız bu dostluğun və qardaşlığın sütunlarından biridir”.
Xəzərin o tayından neft daşımaları
İqtisadiyyat nazirimiz görün bu məqamda nədən söz açıb: “Bakı-Tbilisi-Ceyhan boru xətti yalnız Azərbaycanla Türkiyəni bağlamadı, daha geniş mənada Mərkəzi Asiyadan olan qardaş türk dövlətlərini də bu layihəyə onların enerji ehtiyatlarının cəlb edilməsi və bu layihə üzərindən nəql edilməsi ilə türk dünyası birliyinin daha bir təzahürü olub”.
Həqiqətən də, BTC ilə daşınan Türkmənistan və Qazaxıstanın tranzit neft həcmlərinə diqqət yetirsək, görərik ki, son iki ildə nəql edilən həcmlər daim artım nümayiş etdirir və bundan sonra da artıma meylli olacaq. Çünki rəsmi Astana Xəzər üzərindən Bakı istiqamətində neft daşımalarını hökumətin prioritet vəzifələrindən biri kimi görür.
BTC kəməri ilə tranzit neft həcmlərinin dinamikası (min tonla):
2018 - 6 530,2
2019 - 4 475,0
2020 - 3 886,3
2021 - 3 598,4
2022 - 5 103,9
2023 - 5 240,7
Azərbaycan qaz tranziti ölkəsinə çevriləcək
Türkiyənin təbii sərvətlər və enerji naziri Alparslan Bayraktar qaz sazişi üzrə baş tutan mərasimdən sonra “Anadolu” agentliyinə imzalanan sənədi şərh edərkən bildirib ki, “Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı artıq razılıq əldə edilib”
“Bugünkü razılaşma təbii qaz sahəsində əməkdaşlığımızda yeni mərhələni qeyd edəcək. Bu, 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyəyə əlavə həcmdə nəqlini təmin edəcək. Bundan əlavə, qazın bir hissəsi Türkiyədən keçməklə Avropaya daşınacaq. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, saziş çərçivəsində biz Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik”, - deyə Bayraktar gələcək qaz əməkdaşlığının hədəflərini açıqlayıb.
İndi isə mart ayının əvvəlində Antaliyada beynəlxalq forumda BOTAS şirkəti ilə “Türkmənqaz” Dövlət Konserni arasında qazın alqı-satqısına dair imzalanan Memoranduma qayıtmaq istəyirəm. Bu sənədin imzalanmasından sonra Türkiyədə türkmən qazının çatdırılması üçün İran marşrutu öyrənilirdi. Demək, sonda rəsmi Ankara Azərbaycan üzərindən keçəcək daşımaları üstün tutdu.
Bu, bir daha göstərir ki, Azərbaycan və Türkiyə liderlərinin həyata keçirdiyi siyasət yalnız bir günlə və qısa müddətdə fayda gətirən iqtisadi layihələrlə məhdudlaşmır. Əksinə, iqtisadi və siyasi mənaya malik olan layihələrin həyata keçirilməsi üçün bizə zəmin yaradır.
TAP-a artan maraq
Azərbaycanın Avropada yerləşən və payçı olduğu Trans-Adriatik boru kəmərinə, yəni TAP-a maraq isə son zamanlar əhəmiyyətli dərəcədə artıb.
Bu barədə "TAP AG" şirkətinin xarici əlaqələr şöbəsinin rəhbəri Vüqar Veysəlov yola saldığımız həftə Belqrad Enerji Forumunda çıxışında deyib.
"TAP artıq 3 il yarıma yaxındır ki, Azərbaycandan təbii qazı Avropaya təhlükəsiz və etibarlı şəkildə nəql edir. Boru kəməri kommersiya fəaliyyətinin əvvəlindən Avropanın enerji təchizatı ilə bağlı mühüm problemlərlə üzləşdiyi bir vaxtda yeni mənbədən və alternativ marşrutdan qaz təmin edərək, qitənin ayrılmaz enerji infrastrukturu kimi özünü təsdiqləyib", - deyə TAP rəsmisi bildirib.
Veysəlovun sözlərinə görə, TAP istismara verildikdən etibarən 35 milyard kubmetrdən çox qaz nəql edib ki, bunun da 2,14 milyard kubmetri Bolqarıstanın, 3,37 milyard kubmetri Yunanıstanın, 29,22 milyard kubmetri isə İtaliyanın payına düşüb.
TAP vasitəsilə nəql olunan qaz İtaliyaya idxal olunan qazın 16 faizini, Yunanıstana idxal olunan qazın isə 18 faizini təşkil edir. “Bu, mühüm nailiyyətdir, lakin boru kəmərinin imkanlarını tədricən ikiqat artırsaq, gələcəkdə Avropanın enerji təchizatının təhlükəsizliyinin təmin olunmasına və dekarbonizasiya hədəflərinin əldə olunmasına daha çox imkan yarada bilərik”, deyə TAP nümayəndəsi bəyan edib.
Azərbaycanın qaz ixracı
Azərbaycan Energetika nazirliyinin açıqladığı son məlumata görə isə, bu ilin yanvar-aprel aylarında Avropaya 4,2 milyard kubmetr təbii qaz ixrac edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 300 milyon kubmetr və ya 7,7 % artıb.
Ümumilikdə isə ötən 4 ay ərzində Azərbaycandan xaricə qaz satışı 8,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artım deməkdir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri ilə 1,8 milyard kubmetrə yaxın qaz nəql olunub.
Yaşıl enerjinin artımı
Azərbaycan energetika nazirliyinin cari ilin 4 ayının yekunları üzrə elektrik enerjisinə dair açıqladığı hesabat artıq bərpa olunan və alternativ enerji mənbələrindən əldə edilən “işığın” xüsusi çəkisinin 11,4%-ə qədər artdığını göstərir.
Müasir elektrik enerjisi tariximizin önəmli hadisəsi odur ki, qazdan alınan elektrik enerjisinin xüsusi çəkisi 90%-dən aşağı düşüb. İstilik elektrik stansiyalarının ümumi enerji istehsalında payı 88,6%-ə qədər azalıb. Əvvəllər bu göstərici 94 faiz ətrafında idi. Çünki suyun və günəşin enerjisinin elektrikə çevrilməsi hesabına artıq xeyli enerji istehsal edirik və gələcəkdə işğaldan azad edilmiş bölgələrimizdə yeni-yeni stansiyalar istismara verildikcə, yaşıl enerjimiz daha da artacaq.
Demək, Azərbaycan COP29-a sadəcə bir beynəlxalq tədbirə ev sahibi qismində yanaşmır, rəsmi Bakı ölkəmizə təşrif buyuracaq ölkələrə əməlini işi ilə göstərəcək bir ölkə kimi arenaya çıxmaq niyyətini ortaya qoyur.
Bizim.Media