Neftin qiyməti 100 dollarlıq həddi keçəcək? - İlham Şabanın ŞƏRHİ

Neftin qiyməti 100 dollarlıq həddi keçəcək? - İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Neftin qiyməti 100 dollarlıq həddi keçəcək? - İlham Şabanın ŞƏRHİ

186963

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd

Dünyanın enerji bazarlarında ciddi hadisələr baş verməkdədir, o cümlədən də bizim enerji sektorumuzda. Artıq birinci rübün ilkin nəticələri açıqlanır və cari ilə necə başladığımız daha detallı görünür.

Qonşu bazarları

Bahalı neft artıq özünü neft məhsullarının qiymətində əks etdirməyə başlayıb. Qonşu Gürcüstanda dizel və benzin qiymətləri bu həftədən artıma meylli olub. Xəzərin o tayında – Qazaxıstanda isə eyni iqtisadi məkanda olduqları Rusiyada yanacağa tələbatın artması ilə əlaqədar olaraq hökumət maraqlı addım atıb, belə ki, sərhədə yaxın bölgələrdə yanacaqdoldurma məntəqələrində xarici vətəndaşlar idarə etdikləri avtomobillərə yanacağı daha baha olan tariflə vurmalı olacaqlar. Yəni eyni satış nöqtəsində eyni yanacağın fərqli qiymətlə təklifi gündəmə gəlib. Təbii ki, bu addımlar daxili bazarın qorunması məqsədi ilə atılır və məqsəd enerji təhlükəsizliyinin stabilliyini təmin etməkdir.  

Qlobal bazarlar

Aprelin 4-dən hər bareli üçün 90 dollar qiymət səviyyəsini aşan Brent markalı neft bu həftə sonu yeni bir göstəricini aşdı. Aprelin 12-si Bakı vaxtı ilə 18 radələrində Brent markalı neftin bareli artıq 92,12 dollara satılırdı. Bazar iştirakçıları neftin qiymətini artıran amillər kimi bu faktorları önə çəkirlər: iqtisadi canlanmanın Amerika və Çin bazarlarında əmtəə tələbini dəstəkləyəcəyi ilə bağlı gözləntilər, Yaxın Şərqdə münaqişənin daha da kəskinləşməsi və uzunmüddətli fazaya daxil olması səbəbindən əmtəə bazarlarına olan riskləri artımı və nəhayət, Rusiyanın neftayırma zavodlarına olan hücumlar nəticəsində lokal və qlobal bazarlarda neft məhsulları tədarükündə baş verə biləcək risklər.

Proqnozlar

Artıq müxtəlif beynəlxalq enerji qurumları və treyderlər cari il üçün Brent markalı neftin orta qiymətinə dair proqnozlarını yeniləyərək, “qara qızılın” qiymətinin artımını vurğulayıblar.

Beynəlxalq Enerji Agentliyi (IEA) cari il xammala olan tələbatın artması ilə bağlı Brent markalı neftin orta qiymətini 89,9 dollara qədər yüksəldib.

ABŞ Energetika nazirliyi yanında Enerji Administrasiyası isə 2024-cü il üçün neft qiyməti ilə bağlı proqnozunu 87 dollardan 88,55 dollara qədər artırıb. Onların proqnozlarına görə, hazırda bazarda yaşananlar artıq ikinci rübdə "Brent" markalı neftinin orta qiymətinin 90 dollar civarında olmasına gətirib çıxaracaq.

Beynəlxalq neft treyderi Vitol isə hesab edir ki, neft qiymətləri 100 dollara qədər artım nümayiş etdirə bilər. Bununla belə, onların qənaətincə, orta illik qiymət 90 dollar həddində bərqərar olacaq.

Enerji siyasətinin gücləndirilməsi

Bu həftənin əvvəli enerji sektorumuza maraqlı bir xəbərlə gəldi. Prezidentin sərəncamı ilə Azərbaycan Energetika nazirliyinə yeni nazir müavini təyin edildi. Bununla da ölkənin enerji siyasətini həyata keçirən bu qurumda nazir müavinlərinin sayı dördə çatdırıldı.

Bəs nədən nazir müavinlərinin sayı artırıldı? Təbii ki, bu addım nazirliyin qarşısında duran cari və strateji vəzifələrin icrasından qaynaqlanır.

Cənab İlham Əliyevin energetika sektorunda islahatların sürətləndirilməsi, bərpa olunan enerji növlərinin yaradılması, bu enerji növlərinin dünya bazarlarına nəqli, xüsusilə də 2030-cu ilədək Azərbaycanın “yaşıl artım” ölkəsi kimi inkişafın təmin edilməsi Energetika Nazirliyi qarşısında mühüm əhəmiyyət kəsb edən vəzifə kimi qoyub. Bu işlərin daha səmərəli, çevik və vaxtında keyfiyyətlə yerinə yetirilməsi məqsədilə əlavə nazir müavini postuna ehtiyacı gündəmə gətirib.

Energetika nazirliyinin saytına nəzər yetirsək, yeni nazir müavini Orxan Zeynalovun ixtisasca iqtisadçı olmasına baxmayaraq, amma əmək fəaliyyətinin təqribən 20 ilə yaxınını diplomatiya sahəsinə həsr edildiyini görə bilərik. İndiki vəzifəsinə təyin edilənə qədər isə XİN-in İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb. Energetika nazirliyində isə beynəlxalq əməkdaşlıq məsələlərinə cavabdeh olacaq.

Neft hasilatında irəliləyiş

Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, 2024-cü ilin martında gündəlik xam neft hasilatı 481 min barel təşkil edib. Fevralda bu göstərici 476 min barel, yanvarda isə 474 min barel olmuşdu.

Sonrakı aylarda neft hasilatının artımı, əgər digər yataqlarda azalma baş verməzsə, daha da arta bilər. Çünki aprel üçün “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda sayca 7-ci olacaq yeni platformadan hasilat gözlənilir.  

Neftin qiymətinin artımı, o cümlədən hasilatda da irəliləyişin olması hökmən neftin iqtisadiyyatımızdakı xüsusi çəkisinə də təsir göstərir. Necə ki, artıq ilk rübün nəticələrinə görə, Azərbaycanın neft və qaz ÜDM-i 2024-cü ilin birinci rübündə cüzi artım nümayiş etdirib.

Neft və iqtisadiyyat

Rəsmi statistikaya əsasən, Azərbaycanda ÜDM-in nominal həcmi 29 milyard 96,8 milyon manat olub, real iqtisadi artım 4 faiz səviyyəsinə yüksəlib. Hesabat dövründə neft-qaz sektoru 0,4%, qeyri-neftqaz sektoru isə 6,7% artıb.

Qeyd edim ki, ötən il Azərbaycanın ÜDM-i 1,1% artdığı halda, neft-qaz sektorunda 1,7% azalma müşahidə edilmişdi.

Qazın vergi ödəmələrinə təsiri

İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin yanvar-mart ayları üzrə açıqladığı statistika isə Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektorundan vergi daxilolmalarının azaldığını göstərir.

Bu dövrdə dövlət büdcəsinə vergi daxilolmaları 4 milyard 281,5 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 12,4% azalma deməkdir. Amma qeyri-neft sektorundan daxilolmalar bu müddətdə 11,3 faiz artıb.

Dövlət Vergi Xidməti neft-qaz sektoru üzrə daxilolmaları göstərməsə də, ictimailəşdirilən məlumatlardan aydın olur ki, cari ilin yanvar-mart aylarında neft-qaz sektorundan daxilolmalar 1 milyard 367,5 milyon manat olub, ötən ilin müvafiq dövründə isə bu rəqəm 2 milyard 281,5 milyon manat idi. Yəni rüblük olaraq Azərbaycanın neft-qaz sektorunun vergi ödənişləri 914 milyon manat və ya 40% azalıb.

Bəs nədən neft-qaz sektorundan vergi daxilolmaları bu qədər azalıb? Mənim qənaətimcə, yığımın bu qədər azalması “Şahdəniz” qaz layihəsi çərçivəsində baş verib. Çünki Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında “Şahdəniz”dən dövlətin mənfəəti 8,2 dəfə azalıb. Azalmanın bir səbəbi, Energetika Nazirliyinin açıqladığı statistikaya istinad etsək, ixrac həcmlərinin 100 milyon kubmetr azalmasıdırsa, ikinci səbəbi Avropa bazarlarında qaz qiymətlərinin ötən illə müqayisədə 2 dəfəyədək ucuzlaşmasıdır. Yəni bizim enerji bazarının belə üzü də var, hər il stabil bar gətirən ağacdan xeyli fərqlidir.

Qaz ixracı proqnozları

Amma Azərbaycan qaz ixracının genişləndirilməsində maraqlıdır. Çünki ehtiyatlarımız kifayət qədərdir. Əsas məsələ dəyişən və dəyişməkdə olan dünyada onu kapitala çevirib rasional xərcləməklə yan-yörəmizdə olanlardan kifayət qədər fərqlənməyə nail olmağımızdır.

Bu həftə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Slovakiyada işgüzar səfərdə olarkən enerji məsələsinə də toxunulub. Görüşlərdə Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəmləndirilməsi müzakirə edilib və Slovakiyanın ölkəmizin iştirakçısı olduğu enerji layihələrinə qoşulması imkanları nəzərdən keçirilib.

Burada əlavə etmək istərdim ki, Slovakiya Azərbaycan qazının Macarıstan üzərindən alınmasına ümid edir və bu ilin martında Bakıda keçirilən Cənub Qaz Dəhlizi nazirlərinin Məşvərət Şurasının sayca 10-cu toplantısına da qatılmışdı.

Maraqlı bir məsələ odur ki, Slovakiya görüşündən bir gün öncə Macarıstan paytaxtında keçirilən maye qaza həsr edilmiş beynəlxalq konfransda iştirak zamanı “Montel News” nəşrinə müsahibəsində SOCAR rəsmisi V.Bəylərbəyov bəyan edib ki, Azərbaycan Avropaya qaz ixracının illik həcmini 2026-cı ilə qədər 2023-cü ilin göstəricisi ilə müqayisədə 17 % artıraraq 14 milyard kubmetrə qədər çatdırmağı planlaşdırır.

Onun sözlərinə görə, Azərbaycan hazırda Cənub-Şərqi Avropa ölkələrinə hər il təxminən 12 milyard kubmetr qaz ixrac edirsə, yaxın iki il ərzində bu həcmi 14 milyard kubmetrə çatdırmağı, 2026-cı ildən sonra isə onu daha da artırmaq məqsədini hədəfləyib.

“Biz hazırda təbii qazın istehsal və ixrac imkanlarını genişləndiririk və bu işin nəticələri 2026-cı ilə qədər hazır olmalıdır”, deyə Bəylərbəyov bildirib. Onun sözlərinə görə, İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan qaz tədarükünün artırılması üçün artıq müraciətlər edib.

Bəylərbəyov onu da qeyd edib ki, Azərbaycan qazının Avropaya tədarükünün ildə 20 milyard kubmetrə qədər artırılmasının daha çox regionun ehtiyaclarından və Avropa tərəfinin yeni infrastruktura sərmayə yatırmaq istəyindən asılı olacaq.

Qaz və siyasət

Bu konteksdə Bəylərbəyov diplomatikcəsinə bildirib ki, Azərbaycan tədarükün artırılmasında maraqlıdır, lakin infrastrukturun olması da son dərəcə vacibdir. Çünki müəyyən layihələr SOCAR-dan yox, avropalı müştərilərdən asılıdır.

Bəli, Azərbaycan istər siyasi rəhbərlik səviyyəsində, istərsə hökumət səviyyəsində, dəfələrlə bəyan edib ki, bizim qaz ehtiyatlarımız Avropa qarşısında götürdüyümüz öhdəlikləri qarşılamaq üçün tam yetərlidir və Cənub Qaz Dəhlizinin buraxıcılıq gücünün iki dəfə artırılacağı təqdirdə hansısa üçüncü tərəfin resursuna ehtiyacımız da yoxdur. Xəzərin dərin qatlarından əlavə resursların hasil edilməsi üçün isə şirkətlərin qarantı olmalıdır ki, yatırdığı sərmayə satacağı qaz həcmləri hesabına həm geri qayıda bilsin, həm də yatağın sahibi, yəni Azərbaycan qazanc götürə bilsin. Təəssüf ki, rəsmi Brüssel Avropa İttifaqı üzv ölkələrə qaz alqı-satqısı zamanı uzunmüddətli sazişlərdən yayınmağı məsləhət görür. Və bu məsələ indiyə qədər açıq qalır.

Məsələnin hasilatçı şirkətlərə olan risklərini isə mən bir az əvvəl “Şahdəniz” layihəsi üzrə mənfəətin bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisəsi timsalında artıq göstərdim.

Ona görə də Azərbaycan və tərəfdaşları bir işə başlamazdan öncə onun mümkün və ehtimal edilə bilən bütün risklərini göz altına almalı olurlar. Zaman isə gözləmir, çünki hər zamanın bir hökmü var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO