Dünya bazarında qızılın qiyməti durmadan artır. Bunun da bir sıra səbəbləri var. Səbəblərin obyektiv və subyektiv olmasına baxmayaraq deməliyik ki, dünya birjalarında artan qiymət Azərbaycana da öz təsirini göstərir. Təsadüfi deyil ki, bu ilin yanvar-fevral aylarında ölkəmizdə qızılın qiyməti artıb. Lakin mart ayında qiymətlərdə artım tempi bir qədər səngiyib.
Bəs, bu səngimənin səbəbi nədir?
MÖVZU İLƏ BAĞLI
Qızılın qiyməti REKORD HƏDDƏ çatdı
Sualı cavablandıran iqtisadçı ekspert Fuad İbrahimov Bizim.Media-ya bildirib ki, qiymətlərdəki səngimənin tək səbəbi Ramazan ayı ilə bağlıdır:
“Bildiyimiz kimi, bu ayda toylar azalır, demək olar ki, olmur. Ona görə də Ramazan və Məhərrəm aylarında qızıl bazarında müəyyən durğunluq yaranır. Amma sonrakı aylarda qiymətlərin qalxması daha sürətli olur. Nəzərə alaq ki, Azərbaycanda diversifikasiya nöqteyi-nəzərindən qızıl ən yaxşı yığım vasitəsidir.
Manat, dollar və digər valyutalarla bağlı müxtəlif fikirlər səslənir. 2016-cı ildə baş verən 2 devalvasiyadan sonra manata, son zamanlarsa xarici valyutalara insanlarda etibar azalıb. Ona görə də Azərbaycanda qızıl külçələrə tələbat son zamanlar xeyli artıb. Ümumiyyətlə, son illər insanlar ənənəvi yığım vasitəsinə-qızıla üstünlük verirlər”.
İqtisadçı ekspert qızıla marağın artmasının digər səbəblərində də danışıb:
“Ukrayna-Rusiya müharibəsindən sonra rusların böyük həcmdə valyutaları Avropa banklarında donduruldu. Bu və digər səbəblərə görə təkcə insanlar yox, həm də dövlətlər yığım vasitəsi kimi qızıla üstünlük verirlər. Təkcə ötən ilin 9 ayında Çin, Hindistan, Türkiyə və çoxsaylı dövlətlər ümumilikdə 800 ton qızıl alıb. Bu barədə Ümumdünya Qızıl Şurası məlumat yayıb. Bu da 2022-ci ilin 12 ayında alınan qızılın həcmindən 14 faiz çoxdur”.
“Bahalaşma davam edəcək”
Fuad İbrahimov Beynəlxalq Qızıl Araşdırmaları Mərkəzinin proqnozuna əsaslanaraq qızılın qiymətində bahalaşmanın davam edəcəyini qeyd edib:
“Qiymət artımı növbəti illərdə də dayanmayacaq. Proqnozlara görə yaxın zamanda qızıla tələbat ən azı 25 faiz artacaq. Təbii ki, bu proqnozdur, ehtimaldır.
Amma bununla belə, gələcəkdə digər proseslər də baş verə bilər. Belə ki, dünya birjalarında spekulyativ alət deyilən bir anlayış var. Bax, bu alət hərəkətə gələndə çox şey insan faktorundan asılı olmur. Yəni təlabatın artması fonunda qızılın qiymətində müəyyən ucuzlaşma olur.
Bu çox təhlükəli fondur.
Belə olanda bütün bazar iştirakçıları baha aldıqları malı təşviş içərisində bazara daha ucuz qiymətə təklif edirlər. Təbii ki, bunlar istisna hallardır. Amma bu gün Azərbaycan bazarı heç bir təşviş yaşamır. Sadəcə, müəyyən səngimələr nəzərə çarpır. Amma bütün hallarda dünyada olduğu kimi Azərbaycan da da qızılın qiyməti getdikcə bahalaşacaq”.
Surxay Atakişiyev, Bizim.Media