Azərbaycanın MDB ilə ticarət dövriyyəsi niyə AZALIB? 

Azərbaycanın MDB ilə ticarət dövriyyəsi niyə AZALIB? 

Hazırda oxunan: Azərbaycanın MDB ilə ticarət dövriyyəsi niyə AZALIB? 

184721

Məlum olduğu kimi, cari ilin ilk iki ayı ərzində Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə də qarşılıqlı ticarət dövriyyəsinin ümumi həcmi 909 milyon 791,29 min dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 192 milyon 866 min dollar və ya 17,49 faiz azdır. 

Xatırladaq ki, ötən ilin eyni dövründə bu göstərici 1 milyard 102 milyon 652 min dollar olub. Cari dövriyyənin 223 milyon 483.15 min dolları ixracın, 686 milyon 308.14 min dolları isə idxalın payına düşüb.  

Bəs dövriyyənin aşağı düşməsi nə ilə bağlıdır? 

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli düşünür ki, bu azalma ilk növbədə mövsümi xarakter daşıya bilər: 

“Ona görə ki, hazırda Azərbaycanın istehsal etdiyi kənd təsərüfatı məhsullarının ixracatında ən aşağı həcmli dövrüdür. Səbəbi də odur ki, ölkədə yeni məhsullar hələ satışa çıxmayıb, əvvəlkilər isə yeni ilə qədər və ondan sonrakı dövrlərdə bazarlara çıxarılıb. Azərbaycan MDB məkanına, eləcə də Rusiyaya əsasən kənd təsərrüfatı məhsulları ixrac edir”.  

Müsahibimiz qeyd edib ki, əgər azalma mövsümlə bağlı deyilsə, ikinci rübün əvvəllərinə yaxın artıq rəqəmlərdə müəyyən tənzimlənmə baş verəcək: 

“Yəni, mövsümi təsirlər aradan qalxacaq. Yaxud başqa təsirlər varsa, bu proses yaxın 2-3 ay ərzində özünü büruzə verəcək. Bu zaman da problemlərin araşdırılmasına, eyni zamanda ixracatın hansı məhsul növləri üzrə artdığını, hansı növlər üzrə isə azaldığını analiz etməyə etiyac yaranacaq”. 

ABŞ və AB üçüncü ölkələrin Rusiya ilə ticarətinə də mane olur 

Ekspert bu məsələdə ikinci bir səbəbin olduğunu da düşünür:  

“Belə ki, yanvar ayından etibarən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların üçüncü ölkələr tərəfindən də sərtləşdirilməsi gündəmə gətirilib. ABŞ və AB üçüncü ölkələrin də Rusiya ilə ticarətində müəyyən məhdudiyyətlər tətbiq etməyə çalışır. Azərbaycan isə özünə qarşı münasibətləri nəzərə alaraq belə məsələlərdə haqlı olaraq çox ehtiyatlı davranır. 

MDB məkanına əsasən qeyri-neft məhsullarının ixrac olunduğunu söyləyən N.Cəfərli, bunların əsasən kənd təsərrüfatı, şərabçılıq, spirtli və spirtsiz içki məhsullarının olduğunu qeyd etdi: 

“Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsində elə bir məhsul növü ola bilər ki, o da həmin məhdudiyyətə məruz qalıb. Buna görə də hər iki tərəf qarşılıqlı şəkildə onların ticarətində müəyyən fasilələr tətbiq edə bilərlər. Buna görə də təxminən iyun ayına qədərki rəqəmləri analiz etdikdən sonra qarşıya çıxan mənzərə daha aydın olacaq”.  

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO