Bu gün kriptovalyuta bazarında nisbi sakitlik hökm sürür və qiymətlər stabil olaraq qalmaqdadır. Belə ki, hazırda “Bitcoin”in (BTC) dəyəri 70 030 – 70 050 dollar, “Etherium”un (ETH) isə 3570 – 3575 dollar arasında dəyişir.
Bizim.Media “Coinmarketcap” birjasına istinadən xəbər verir ki, qiymət dəyişikliklərinə uyğun olaraq, BTC-nin kapitalizasiyası 1,377 trilyon dollara, ETH-nin isə 428.6 milyard dollara yaxındır.
Qeyd edək ki, BTC martın 26-da 71.375 dollara çatdı. Halbuki, bu ayın əvvəlində bu kriptovalyuta bütün dövrlərin ən yüksək dəyəri olan 73.738 dollara çatmışdı. “Bitcoin”in daha da yüksək dəyərə çatması gözlənilsə də, bu baş vermədi və bir gün ərzində hazırkı vəziyyətə düşdü.
Hazırda kriptovalyutalar kifayət qədər riskli aktivlərdir
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan kriptovalyuta bazarı üzrə mütəxəssis Elnur Quliyevin sözlərinə görə, qiymətlərinin yüksəlməsi investorların rəqəmsal aktivlərə diqqətini çəkdi və bu sektora marağı daha da artmağa başladı:
“Diqqəti cəlb edən məqam odur ki, 2017-ci və 2021-ci illlərlə müqayisədə, hazırda bazara daxil olan əsas investorlar daha təcrübəli korporativ şirkətlər və uzunmüddətli vizyonu olan investisiya fondlarıdır. Hazırda kriptovalyutalar kifayət qədər riskli aktivlər olsa da, ən gəlirli investisiya aləti statusunu özündə saxlayırlar”.
Onun dediyinə görə, kriptovalyutaların qiymətinin kəskin enməsinə və ya qalxmasına hər an hazır olmaq lazımdır:
“İstənilən investisiya müəyyən risk ilə müşayiət olunur ki, kriptovalyutaların qiymətinin volatilliyi faktoru bu riskləri ikiqat daha çox artırır. Bəzi investorlar hesab edir ki, kriptovalyutaların qiyməti ancaq artan temp üzrə gedir və ya daim belə olacaq.
Lakin təcrübə göstərdi ki, qətiyyən belə deyil. Kriptovalyuta bazarında qiymətlərin dəyişməsi müxtəlif fundamental faktorlardan aslıdır. Bu səbəbdən qiymətə təsir edən faktorları analiz edərkən səbrli və soyuqqanlı olmaq lazımdır. Qiymətin düşdüyü zaman tələsik qərar verib investisiyanı çıxarmaq və ya qiymətlərin artdığı vaxt əlavə investisiya etməyə tələsmək lazım deyil”.
Qiymət dəyişikliyi nə ilə bağlıdır?
Kriptobazardakı son qiymət dəyişiklərini şərh edən müsahibimiz, bunu martın 20-də ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) Federal Açıq Bazar Komitəsinin (FOMC) uçot faiz dərəcəsini beşinci dəfə 5,25 - 5,5% diapazonunda saxlaması ilə əlaqəndirib:
“Bu qərar bazar gözləntiləri ilə üst-üstə düşdü. İnflyasiya son bir il ərzində aşağı düşüb, lakin hələ də yüksək olaraq qalmaqdadır. Bununla belə, FES işsizlik səviyyəsinin aşağı olduğunu da qeyd edib. Kriptovalyuta bazarı FES-in qərarına cüzi artımla reaksiya verdi. Kripto icmasının bir çox iştirakçısı hesab edir ki, “Bitcoin” martın 14-də 73.750 dollar səviyyəsində qeydə alınan mütləq maksimumunu (ATH) yeniləməyə hazırlaşır”.
Bəs, FES-in faiz qərarı kriptovalyutaların qiymətinə necə təsir edəcək?
O, xatırladıb ki, FES uçot dərəcəsini artırmağa 2022-ci ilin martında, Rusiya ilə Ukrayna arasında münaqişənin kəskinləşməsi fonunda başlayıb:
“2023-cü ilin iyul ayında FES uçot dərəcəsi 5,25-5,5% pik həddə qədər çatdırdı və o vaxtdan indiyə qədər sabit saxlayır. FES-in növbəti iclası mayın 1-də baş tutacaq. Hesab edirəm ki, FES-in uçot dərəcəsinin aşağı salınması siyasətinə keçidi 2024-cü ilin iyun ayında baş verə bilər.
Uzunmüddətli perspektivdə FES 2% inflyasiya və maksimum məşğulluğu hədəfləyir. Odur ki, faiz dərəcəsinin azaldılması ilə bağlı mümkün qərarın qəbul edilməsində əsas faktor tənzimləyicinin inflyasiyanın 2%-ə doğru getdiyinə inamının olmasıdır. Yalnız bundan sonra faiz dərəcəsi endiriləcək.
Kripto investorlarının səbrsizliklə gözlədikləri bu hadisə hazırda qiymətlərin qalxmasına təsir edən əsas fundamental faktordur. Hazırda kripto investisiyalar üçün bir fürsət anıdır. Nəzərə almaq lazımdır ki, cari ilin yanvar ayında SEC (Qiymətli Kağızlar və Birjalar Komissiyası) tərəfindən “spot bitcoin ETF”-in təsdiq olunmasından sonra iri investisiya fondları və korporativ şirkətlər öz portfellərində kriptovalyutalara xüsusi yer ayırmağa başlayıb”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:00 / 27.03.2024
Kriptovalyuta almaq istəyənlər üçün MÜHÜM XƏBƏR – “Hazırda yatırım etsələr...”
Hazırda oxunan: Kriptovalyuta almaq istəyənlər üçün MÜHÜM XƏBƏR – “Hazırda yatırım etsələr...”
Hazırda oxunan: Kriptovalyuta almaq istəyənlər üçün MÜHÜM XƏBƏR – “Hazırda yatırım etsələr...”
184424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.