Neftin qiyməti nə vaxta qədər bahalaşacaq? – İlham Şabanın ŞƏRHİ 

Neftin qiyməti nə vaxta qədər bahalaşacaq? – İlham Şabanın ŞƏRHİ 

Hazırda oxunan: Neftin qiyməti nə vaxta qədər bahalaşacaq? – İlham Şabanın ŞƏRHİ 

182871

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Əvvəlki dünyanın nizamı əməlli-başlı pozulduğundan, yeni dünyanın nizamı isə hələ yaranmadığından bazarlarda qeyri-sabitlik hökm sürməkdədir.

Qlobal bazarlar

Ötən həftədən neft qiymətləri yenidən yüksəlməyə başladı. Əvvəlcə ani olaraq 84 dollar həddinə qədər yüksəldi. Bu həftə isə, daha dəqiq desək,  martın 14-də isə ötən ilin 7 noyabr tarixindən sonra ilk dəfə 85 dollar həddini aşa bildi.

Niyəsini isə müxtəlif beynəlxalq qruplar müxtəlif prizmadan izah etməyə çalışırlar. Beynəlxalq Enerji Agentliyinin təbirincə, neftə qlobal tələb cari ildə gündəlik olaraq 200 min barel daha çox olacaq və 103,2 milyon barel səviyyəsinə qədər yüksələcək. Hesabatda həm də OPEC+ təşkilatının bazara çıxarılmalı olan neft həcmlərini  bilərəkdən “azaltması” da vurğulanırdı ki, sanki dünyanın bu çətin vaxtında qiymətin artımına xidmət edən addımlar atırlar.

Başqa bir səbəb isə ondan qaynaqlanırdı ki, Ukraynanın martın 12-dən başlayaraq Rusiya neft emalı zavodlarına mütəmadi dron hücumları nəticəsində onlardan üçü fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Fəaliyyətin bərpası isə hələlik qeyri-müəyyəndir.
“Bloomberg” agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Rusiya emal gücünün təqribən 12%-i sıradan çıxarılıb. Rusiya sanksiyaların sərtləşdirilməsi ucbatından bazara əvvəlki kimi neft də çıxara bilmir. Demək, istehsalı məcburi qaydada azaltmağa məcbur olur. Rusiyanın iqlim şəraitini nəzərə aldıqda isə konservasiya edilmiş quyuların bərpası mayın sonu-iyunun əvvəlinə qədər ləngiyə bilər. Nəticədə qlobal bazarlarda həqiqətən defisit təhlükəsi ehtimalı yaranar. 

Qazaxıstan-Azərbaycan enerji əlaqələri

Yola saldığımız həftə Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin Azərbaycan rəsmi səfəri enerji məzmunu ilə də diqqətdə oldu. Bununla əlaqədar artıq bazar ertəsi Bakıda Azərbaycan ilə Qazaxıstan arasında yüksək səviyyəli danışıqların yekunlarına dair sənədlər paketi imzalandı.

Qeyd edim ki, sənədlər Azərbaycan prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin iştirakı ilə imzalanıb. Xüsusilə, Azərbaycanın Dövlət Neft Şirkəti və Qazaxıstanın Milli Şirkəti “KazMunayQaz” arasında iki sənədin imzalanması enerji sektorunda ölkələrimiz arasında hazırkı mərhələdə hansı sahələrin prioritet olduğunu göstərirdi.

Bunlardan biri “SOCAR ilə “KazMunayQaz” arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum”, digəri isə  “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş” idi.

Neft daşımalarının artırılması

Xəzərin o tayı ilə bu tayı arasında neft daşımalarının artırılması və əməkdaşlığa dair yeni imkanların araşdırılması mövzusuna dair faktiki olaraq bütün məlumatların mənbəyi rolunda Qazaxıstan tərəfi çıxış etdi. SOCAR-ın saytında heç “Kazmunayqaz”la imzalanan sənədlər haqda məlumat belə yerləşdirilməmişdi. Əslində Qazaxıstan Milli Şirkətinin Bakıya böyük heyətlə səfəri ilk gündən diqqətimi cəlb etmişdi.

Onlar Prezident Tokayevin rəsmi səfərindən iki gün əvvəl Azərbaycan paytaxına gəlmiş, əvvəlcə SOCAR rəhbərliyi ilə görüşmüş, daha sonra Səngəçal terminalına baş çəkərək onun praktik imkanları ilə yerli-yerində tanış olmuş və həmçinin Xəzər sahilində AzTrans şirkətinə məxsus sahilyanı terminalda Qazaxıstandan gələn “Astana” tankerinin yükünün boşaldılması prosesində iştirak etmişdilər. Və məlum olmuşdu ki, Səngəçal terminalından başlanğıcını götürən Bakı-Tbilisi-Ceyhan kəmərinin buraxıcılıq gücünün hazırda yarısı istifadəsizdir, Bakı-Supsa kəməri isə müəyyən obyektiv səbəblərdən istifadəsizdir. Amma Qazaxıstan neftinin həcmlərinin kifayət qədər artırıldığı zaman Xəzərin sahilindəki terminalla Səngəçal terminalını birləşdirən infrastruktur da genişləndirilməlidir.

“KazMunayQaz”ın açıqlamasına görə, Qazaxıstan neftinin Azərbaycan ərazisindən daşınan həcmlərinin mərhələli artırılması haqqında saziş Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Qazaxıstan neftinin daşınmasının həcminin ildə 2,2 milyon tona çatdırılmasını nəzərdə tutur.
Bundan əvvəlki il daşıma həcmləri 1,47 mln ton təşkil edib. Əgər əvvəllər ayda 120 min ton Qazaxıstan nefti Azərbaycanın əsas ixrac boru kəmərinə vurulurdusa, indi bu həcmlər aylıq olaraq 180 min tona qədər artırılacaq. Qazaxıstan tərəfi öz ölkələrində neft hasilatının ən azı 2030-cu ilə qədər artımını nəzərə alaraq BTC ilə daşıma həcmlərini 3 mln tona çatdırmağı düşünür.

Azərbaycan Qazaxıstan neftininin idxalçısı rolunda

Başqa maraq doğuracaq bir məsələ isə imzalanan ikinci sənədin şərhi ilə bağlıdır. Qazaxıstan Milli Şirkətinin saytında verilən məlumata görə, “KazMunayQaz”ın «Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum sonradan SOCAR-ın neft emalı zavodlarında emalı məqsədilə, həmçinin regional və qlobal bazarlarda sonrakı treydinq üçün Qazaxıstan neftinin alqı-satqısı ilə bağlı ümumi şərtlər və prinsipləri müəyyən edir.

Yəni bu sənədlər təkcə Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması məsələsi ilə məhdudlaşmır. Həmçinin Qazaxıstan neftinin Azərbaycanın neftayırma zavodunda emal məqsədi ilə istifadəsi üzrə əməkdaşlığı da nəzərə alır.
Bunla bağlı apardığım araşdırma ilə elə bizim Dövlət Statistika Komitəsinin 2023-cü ilin yekunları üzrə “xarici ticarət” bülletenindən əldə etdiyim məlumata görə, Qazaxıstandan 62 min 114,5 ton xam neft ixrac etmişik. Əgər neft idxal edilibsə, demək ona görə alınıb ki, Heydər Əliyev adına Bakı neft emalı zavodunda məhsula çevrilsin. Yəni bu faktdan heç təəccüblənməyin, çünki bizim emal zavodumuzun hələ 2015-ci ildə modernizasiya planı haqda qərar qəbul ediləndə və onun emal gücünün 7,5 mln tona qədər artırılması ortaya qoyulanda və qurğular sifariş veriləndə artıq İDXAL neftindən istifadə edilməsi nəzərdə tutulmuşdu. Özünüz fikirləşin, əgər “Azneft” 6 mln tondan az xammal istehsal edirsə, emal həcmimiz isə 6,5 mln ton olubsa, demək arada qalan kəsir idxal nefti hesabına tənzimlənib.

Özü də emal məqsədli idxal nefti pulla alınmaya da bilər. Bu, bazar iştirakçıları arasındakı razılaşmadan asılıdır. Bir tərəf digər tərəfin xammalını alır, onu emal edir və bazara çıxarılan məhsullar satılandan sonra yaranan mənfəət tərəflər arasında bölüşdürülür.

Bakı-Supsa kəmərinə olan maraq

Bakı görüşlərinin yekunu olaraq Qazaxıstan milli şirkəti “KazMunayQaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyevə istinadən bir məlumatı ictimailəşdirib. Onun sözlərinə görə, Saziş çərçivəsində tərəflər Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəql tariflərinin aşağı salınması, habelə Bakı-Supsa marşrutu ilə Qazaxıstan neftinin nəqli məsələlərinin müzakirəsini davam etdirəcəklər.

Yəni söhbət təkcə BTC ilə daşımalardan getmir, həm də Xəzər üzərindən tanker daşımaları tariflərindən gedir. Çünki Xəzərdə ən böyük neft flotiliyası Azərbaycana məxsusdur və Qazax neftinin də əsas hissəsi bizim tankerlərlə daşınır.
Və təbii ki, Qazaxstan tərəfinin çoxdan diqqətdə saxladığı bir məsələ də öz neftinin Bakı-Supsa kəməri ilə daşınmasına nail olmaqdır. Açıqlanan məlumata görə, Bakıda razılıq əldə edilib ki, SOCAR bir ay müddətində Qazaxıstan tərəfinə Bakı-Supsa kəməri ilə daşımalara dair öz təkliflərini təqdim etsin. Bəs niyə Qazaxıstan Bakı-Supsaya bu qədər diqqət yetirir

Məsələnin kökündə Xəzərin o tayından gətirilən neftin keyfiyyət parametrlərinin Azəri Layt markalı neftdən aşağı olmasıdır. Yəni onu BTC ilə müəyyən həddə qədər 3 mln tona qədər artırmaq olar ki, Ceyhanda satış zamanı qiymətə təsir etməsin. Bu baxımdan hələ Xəzərin o tayında gətirilən neft ilkin emala məruz qalır. Nəticədə mal göndərən şirkətlərin əlavə xərcləri ortaya çıxır. Ona görə də məqsəd budur ki, həmin nefti necə ki, Rusiya üzərindən ixrac edirlər elə o qayda da Bakıya gətirib, başqa bir neftlə qarışdırmadan onu Supsada əldə edə bilsinlər.

“Bp” ilə münasibətlərin dərinləşdirilməsi  

Bu həftə neft-qaz mövzudunda diqqəti çəkən bir hadisə isə “bp” şirkətinin yanvarda təyin edilmiş yeni baş icraçı direktoru Marri Okinklossun Azərbaycana ikigünlük işgüzar səfəri olub.

Azərbaycanın 1994-ci ildən əsas tərəfdaşına çevrilən “bp” şirkəti hazırda Azərbaycan neftinin 70,8%-ni, qazının isə 80,5%-ni hasil edir. Ona görə də “bp”nin rəhbərini qəbul edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şirkətlə gələcək əlaqələri, yeni perspektiv sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib. Görüş zamanı cənab Okinkloss “bp”nin Azərbaycanla bağlı öhdəliklərinə sadiq olduğunu bir daha vurğulamış, şirkətin uzunmüddətli tərəfdaşlıq planları haqqında məlumat vermiş və “bp”nin ölkənin enerji keçidi sahəsində səylərinə dəstək məqsədilə az karbonlu enerji həlləri və yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini bildirib.

Azalan neftimiz

Bu həftə Energetika Nazirliyi Azərbaycanda yanvar-fevral ayları üzrə neft hasilatına dair statistikanı açıqlayıb. Məlumatdan görünür ki, ölkə üzrə hasilat 5,9% azalıb. Azəri-Çıraq-Günəşli üzrə isə hasilatın düşmə tempi ötənilki 12,5%-dən 12,9%-dək yüksəlib. Görünən odur ki, “bp”nin 7-ci hasilat platformasından neft çıxmayınca, “qara qızılımızın” azalma templərini yavaşlada bilməyəcəyik.

Amma mənim diqqətimi bir fakt çəkdi. Belə ki, fevralda maye karbohidrogenlərin günlük hasilatı 598 min barel olub. Bunun 476 min bareli xam neftin, 122 min bareli isə kondensatın payına düşüb. Energetika nazirliyi yanvarda da bu həcmin olduğunu qeyd edir. Demək, baxmayaraq ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı azalıb, amma cari ildə onun səviyyəsini qaz yataqlarından çıxarılan kondensat hesabına stabilləşdirmək mümkün olub.

Neftimizə dair müəmmalı proqnozlar

Bəs cari il üçün Azərbaycanda neft hasilatına dair beynəlxalq qurumların proqnozları necədir? Beynəlxalq Enerji Agentliyi Aəzrbaycanda orta illik neft hasilatını gündə 600 min barel səviyyəsində güman edir və son hesabatına korrektə edərkən azalmaya meylliyi vurğulayıb.

OPEC isə - neft ixracatçı olan ölkələrin təşkilatı isə nə proznoz etsə yaxşıdır? Həm bu il, həm də 2025-ci il üçün 700 min barel. İki göstərici arasında 100 min barel fərq var və bu, illik 5 mln ton deməkdir. Bəs hansı daha realdır?

Bu suala cavab tapmaq üçün Azərbaycan hökumətinin rəsmi proqnozlarına baxaq. Cari ildə Azərbaycanda 29 mln. 492 min ton neftin hasil edilməsi gözlənilir ki, bunu da barellə gündəlik göstəriciyə çevirsək, təqribən 596 min edər. Yəni gündəlik 600 min barel daha real göstəricidir. 
Bəs nədən belə bir xəta edir OPEC? İş burasındadır ki, OPEC-lə Beynəlxalq Enerji Agentliyi arasında qarşıdurma 2022-ci ilin payızından artıq gizlədilmir. OPEC-də birinci skripka Səudiyyədir. Onlar isə Beynəlxalq Enerji Agentliyinə ABŞ-ın maraqları çərçivəsində çıxış edən qurum kimi baxırlar. Necə deyərlər biri bahalı neft satmaq istəyir, digərini isə təkcə qiymət maraqlandırmır.

Ona görə də maraqlar olan yerdə göstəriciləri yozmağa nə var ki... İndi görürsünüzmü qlobal bazarda mal alıb satmağın çətinliklərini. Və bunlar yalnız üzdə olanlardır...

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO