“İnsanların dəfinə kimi yığdıqları vəsaitin ən yaxşı yatırım sahəsi səhmlər, qiymətli kağızlardır. Qabaqcıl ölkələrdə qiymətli kağızlar bazarı kifayət qədər inkişaf edib”.
Bunu Bizim.Media-ya açıqlamasında qiymətli kağızlar bazarındakı problemlərdən danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
MÖVZU İLƏ BAĞLI:
Çağdaş iqtisadiyyatın TƏLƏBİ – Azərbaycanda investisiya fondları niyə yoxdur?
O bildirib ki, pandemiya dövründə bank-maliyyə sektorunda geriləmə olsa da qiymətli kağızlar bazarında bir dinamika vardı:
“Xüsusən də ABŞ-ın qiymətli kağızlar bazarı çox aktiv idi. Müqayisə üçün deyim ki, pandemiya dövründə bir sıra dövlətlər vətəndaşlarına kompensasiya verdi. Amma hərəkət məhdudiyyəti və bank sektorundakı durğunluq insanların əlindəki həmin vəsaiti dəyərsiz etdi.
Bəzi adamlar aldıqları kompensasiyanı səhm bazarına yönəltdilər. Nəticədə həmin adamlar həm müəyyən qədər dividend əldə etdilər, həm də qiymətli kağızlar bazarının böyüməsinə təkan verdilər. Yəni inkişaf etmiş ölkələrdə azacıq ehtiyat vəsait yaranan kimi insanlar onu qiymətli kağızlar bazarına yönəldirlər. Bundan da yaxşı gəlir əldə edirlər”.
Akif Nəsirli ölkəmizdə insanların bu sahəyə maraq göstərməsinin tək səbəbini qiymətli kağızlar bazarının zəif inkişaf etməsində görür:
“Bu bazar Azərbaycan vətəndaşı üçün cəlbedici və populyar deyil. Eyni zamanda, bu barədə insanlarda məlumat çox azdır. Bu gün əhali arasında sorğu keçirilsə, qiymətli kağızlar bazarını anlayıb, bilən barmaqla sayılacaq qədər az insan olar. Pisi də odur ki, qiymətli kağızlar bazarının təşviqi aparılmır.
Bu sahənin nə qədər etibarlı və gəlirli olması barədə insanlar arasında maarifləndirmə işi getmir. İnsanların qiymətli kağızlar bazarı haqqında bilikləri az olduğu üçün bu sahədə dələduzlar da çoxluq təşkil edir. Bu gün müxtəlif fırıldaqçı maliyyə şəbəkələri var. Onlar insanları çox asanlıqla aldadaraq vəsaitlərini əllərindən alır və onlara səhmdar olduqlarına inandırırlar.
Halbuki, həmin şəbəkələrin heç birinin dövlət qeydiyyatı yoxdur və qiymətli kağızlar bazarında iştirak etmirlər. Sadəcə insanları aldadıb, ehtiyat vəsaitlərini əllərindən alır, bir neçə aydan sonra isə aradan çıxırlar.
Məsələn, son illərdə “Ocos”, “Qrow” və s. kimi fırıldaqçı maliyyə şəbəkələri minlərlə insanı aldadaraq onların milyonlarla vəsaitini mənimsəyib. Bu cür fırıldaqçı şəbəkələr təbii ki, qanunla təmzimlənən qiymətli kağızlar bazarının imicinə də zərbə vurur”.
Həmsöhbətimiz hesab edir ki, bu sahədə ciddi addımların atılmasının vaxtı gəlib:
“Səhm bazarının inkişafına hökumət də öz dəstəyini göstərməlidir. Sahibkarların öz əmlaklarını səhmləşdirib bazara çıxarılmasına yardım edilməlidir. Səhm bazarı elə platformadır ki, burada həm sahibkar, həm də vətəndaş qazanır. Bu platformada uduzan olmur.
Əgər qiymətli kağızlar bazarı yaxşı təşviq edilsə və normal fəaliyyət göstərsə, onda insanlar artıq pullarını fırıldaqçılara və sələmçilərə verməz, bu bazara yatırarlar. Bu da milli valyutanın dönərliyini artırar, xarici valyutaya maraq azalar. Sonda onu da qeyd edim ki, istənilən səhm qiymətli kağızdır. Onu elektron qaydada çax asanlıqla alıb-satmaq olur. Bu prosesi yaxşı idarə edənlər isə çox vəsait qazanırlar”.
Surxay Atakişiyev, Bizim.Media