Assosiasiya sədrindən XƏBƏRDARLIQ: “Toyuq əti bahalaşa bilər”

Hazırda oxunan: Assosiasiya sədrindən XƏBƏRDARLIQ: “Toyuq əti bahalaşa bilər”

180130

“Son illər toyuq ətinə tələbat artıb. Hazırda ölkə üzrə ildə 310-320 min ton ət istehlak edilir ki, bunun da 170 min tonu toyuq ətidir. Halbuki, əvvəllər illik toyuq əti istehlakı cəmi 140 min ton idi”.

Bunu Bizim.Media-ya quşçuluq sahəsindəki vəziyyəti şərh edən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Broyler toyuqları tez kəsib, kənd çolpası adı ilə SATIRLAR” – SENSASİON İDDİA


O bildirib ki, tələbat hər gün artır:

“Artan tələbatı qarşılayacaq təklif də gərək olsun. Bunun üçünsə istehsal sahələri genişləndirilməlidir. İstehsal sahələrinin genişləndirilməsi üçünsə torpaq sahələri lazımdır. Quşçuluq sənayesinin inkişafı üçün biz öz təkliflərimizi hökümətə təqdim etmişik. Təkliflərimiz ondan ibarətdir ki, yeni istehsal sahələrinin inşası üçün torpaq sahəsi ayrılsın. 

Məsələn, bir çox quşçuluq komplekslərinin istifadəsində kənd təsərrüfatı təyinatlı xeyli torpaq sahələri var. Biz də həmin torpaq sahələrində məhz kənd təsərrüfatı təyinatlı müəssisələrin tikilməsini istəyirik. Çox təəssüf ki, bu istəyimizi reallaşdırmaq üçün müraciətlərimizin cavabı bəzən bir neçə ilə qədər ləngiyir. Bu qədər zaman fasiləsi də həmin quşçuluq müəssisəsinin işində böyük problemlər yaradır. 

Yəni biz yeni torpaq sahəsi istəmirik. Şirkətlərin istifadəsində və yaxud mülkiyyətində olan torpaqlarda yeni istehsal sahələri inşa etmək istəyirik. Amma bu proses çox uzun və ağrılı keçir. Hökümətin müdaxiləsi olsa, bu məsələ öz həllini ən qısa zamanda tapa bilər”.

Sədr onu da qeyd edib ki, toyuq əti və yumurta istehsalında bioloji fasilə lazımdır:

“Beləki, kəsilmiş toyuqların yerini doldurmaq üçün ən azı 21 gün bioloji fasilə tələb olunur. Bu bioloji fasilə dövründə isə digər istehsal sahəsində becərmə təşkil edilməlidir ki, istehlakçıların tələbatı lazımınca ödənilsin, məhsul qıtlığı yaranmasın. Çünki istənilən qıtlıq bahalaşma yaradır. 

Ona görə də biz hökümətdən kömək gözləyirik ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda, əkinə-biçinə və hətta örüşə yararlı olmayan yerlərdə yeni istehsal sahələrinin yaradılması prodseduru sadələşdirilsin. Bunun hesabına da yeni istehsal sahələri yaradaq. Bu da həm ölkəmizin toyuq ətinə və yumurtaya olan ehtiyacını gələcəkdə ən yaxşı şəkildə ödəməyə imkan yaradar, həm də ixracımızı artırar. 

Bunun hesaba da ölkəmizə böyük ölçüdə valyuta gələr. Tək bir faktı deyim ki, bu ilin arxada qalan 2 ayında 40 milyon ədəd yumurta ixrac olunub. Halbuki, 2023-cü ildə cəmi 40 milyon ədəd yumurta ixrac edilib. Bundan başqa 3 milyondan artıq damazlıq yumurta ixrac etmişik. Yəni ixrac imkanlarımız artır. Artan imkanları qarşılamaq üçünsə istehsalı genişləndirməliyik. 

“Bir xəstəlik bir neçə min toyuğun tələf olmasına səbəb olur”

Mürvət Həsənli hazırkı hədəfin gündəlik yumurta istehsalını 8-10 milyon ədədə, toyuq əti istehsalını isə ayda 15-16 min tona, ildə isə 200 mini tona çatdırmaqdır:

“Nəzərə alaq ki, quşlar yoluxucu xəstəliklərə qarşı çox həssasdırlar. Bir sexə düşən xəstəlik neçə min toyuğun ölümünə səbəb olur. Həm də buna görə istehsal sahələri genişləndirilməlidir ki, toyuqlar xəstəlikdən sığortalansın. 

Yer çatışmazlığı səbəbindən bəzən bir günlük cücəni 700 günlük toyuqla eyni  sahədə bəsləmək məcburiyyətində qalırıq. Bu da çox risklidir.

Çünki 700 günlük toyuq ən azı 10-15 vaksin almış olur. Amma 1 günlük cücə vaksin almayıb. Ona görə də cücələrdə lazımı immunitet yaratmaq çox çətin olur. Problemin də biri budur. Ona görə də bizə kömək edilməlidir ki, istehsal sahələrini genişləndirək, istehsalı artıraq”.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO