Dünyanın müxtəlif regionlarında baş verən müharibələr və təbii fəlakətlər son illər daha da artıb. Sözügedən hadisələr bir sıra problemlərə də səbəb olur. Bu problemlərdən biri də ərzaq qıtlığıdır. Ərzaq qıtlığı da öz növbəsində bahalaşmaya səbəb olur.
Maraqlıdır, 2024-cü ildə ərzaq qıtlığı gözlənilirmi?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
İqtisadçı-ekspert Xalid Kərimli mövzunu Bizim.Media-ya şərh edib.
O qeyd edib ki, müharibələr və fəlakətlər vəziyyəti dəyişə bilər:
“Bunlar hər zaman fors-major hallar sayılır. Çin-Tayvan, ABŞ-İran, Rusiya NATO və ya Yaxın Şərqdə hər hansısa bir müharibə olsa, çox şey dəyişəcək. Düzdür, risklər deyilir. Təbii fəlakət olduğu təqdirdə vəziyyət dəyişə bilər.
Amma indiki reallıqda 2024-cü ildə ərzaq qıtlığı və ya qiymət artımı gözlənilmir. Əvvəlki illərlə müqayisədə inflyasiya tempinin aşağı düşəcəyi gözlənilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yanvar ayının statistikasını elan edib. Bu statistikaya əsasən, qiymət 1 faiz aşağı düşüb.
Pandemiyadan sonra ərzaqların qiyməti sürətlə artmağa başladı. Bu, son 3 ilin ən aşağı qiymət indeksidir. Düzdür, pandemiyadan əvvəlki qiymətlərdən yüksəkdir, amma Rusiya-Ukrayna müharibəsinin effekti aradan qalxıb. Dənli bitkilərin qiymətində 2,2 faiz, ətin qiymətində isə 1,4 faiz azalma var. Azərbaycanda da qiymətlərin aşağı düşməsini gözləyirik”.
Məhərrəm Əliyev, Bizim.Media