Rusiya Federasiyası Azərbaycana tikinti məqsədi üçün nəzərdə tutulan taxta materiallarını pandemiya öncəsindən iki dəfəyə yaxın baha satır.
Belə ki, ölkəmiz Rusiyadan ən çox idxal etdiyi şam ağacının hər kubunu 2019-cu ildə 133 ABŞ dollarına (227 manat), 2020-ci ildə 117 dollara, 2021-ci ildə 135 dollara, 2022-ci ildə isə 203 dollara almışdı. 2023-cü ildə isə bu rəqəm artıq 213 dolları ötüb. Qiymətlər bu material üzrə son bir ildə 5 faiz artdığı halda, pandemiyadan əvvəlki dövrlə müqayisədə 60-70% daha bahadır.
Bəs, idxal qiymətlərinin artması daxili bazara necə təsir edəcək?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya çıqlayan daşınmaz əmlak sektoru üzrə ekspert Ramil Qasımzadə hazırda daxili bazarda taxtanın qiymətinin sabit olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda heç bir balahşma müşahidə olunmur:
MÖVZU İLƏ BAĞLI:
Bəzi tikinti materialları idxal gömrük rüsumundan AZAD OLUNUB
“Belə ki, bir kubmetr taxta materialının qiyməti 250 manata qədərdir. Ən keyfiyyətli, döşəmə üçün nəzərdə tutulan materiallar isə 280 manatdan baha deyil. Dikt materialının da qiyməti sabitdir və 22-24 manat arasında dəyişir. Qış aylarında isə taxta materiallarına tələbat aşağı düşdüyü üçün qiymət artımı olmur. Buna görə də bazarda dəyəri 230 manata qədər düşə bilir.
Yuxarıdakı göstəricilər də ola bilsin ki, orta qiymət nisbətində də götürülüb. Ona görə ki, müəyyən dövrlərdə bazarda qıtlıq olanda, materialların qiymətində artım baş verə bilir”.
Müsahibimizin fikrincə, yaxın vaxtlarda taxta qiymətlərində bahalaşmanı müşahidə edə biləcəyik:
“Əvvəllər də belə olub. Rusiyadan idxal olunan materiallarda müəyyən qiymət dəyişiklikləri baş verib. İndi də belə olacaq. Bununla belə, bəzi hallarda sahibkarlar tələb və təkliflərdən asılı olaraq tənzimləmələrə gediblər. Belə ki, təklif çox olan zaman ucuzlaşma, tələb çox olduqda isə bahalaşma baş verib”.
Bəs, Rusiyadan gələn taxta məhsullarının qiyməti niyə bahalaşıb?
“Bəzi dövrlərdə bu ölkənin gömrük tariflərində müəyyən qiymət dəyişiklikləri baş verir. Son vaxtlar kütləvi sanksiyalar tətbiq edildiyi üçün ixrac həyata keçirdiyi ölkələrə gömrük güzəştləri etməyə məcbur olub. Çünki həmin ölkələrin çoxu sanksiyalara görə idxal və ixracı dayandırıb ki, onların da əksəriyyəti Avropa ölkələrdir.
Eyni zamanda, Qərb şirkətlərinin çoxu Rusiya bazarını tərk etdiyi üçün böyük bir boşluq yaranıb. Ancaq son vaxtlar əksəriyyətinin müxtəlif brendlər adı ilə geri qayıtması ilə bağlı məlumatlar dolaşmaqdadır. İkinci səbəb rublun möhkəmlənməsi və qorunması üçün atılan addımlarla bağlı ola bilər”.
Rövşən Ziya, Bizim.Media