Dəhliz SAVAŞLARI – Qlobal münaqişələrin artmasının PƏRDƏARXASI

Dəhliz SAVAŞLARI – Qlobal münaqişələrin artmasının PƏRDƏARXASI

Hazırda oxunan: Dəhliz SAVAŞLARI – Qlobal münaqişələrin artmasının PƏRDƏARXASI

174015

İstənilən müharibə facədir, itkidir. Müharibə təkcə tərəflərin iqtisadi-hərbi və fiziki itkiləri ilə yekunlaşmır. Həm də bölgənin inkişafını tormozlayır.

Təsadüfi deyil ki, Ukrayna-Rusiya müharibəsi dünya iqtisadiyyatında dərin bir tənəzzül yaratdı. Müharibənin başlamasından ötən 2 ildə dünya hələ də özünə gələ bilmir.

Nəzərə alaq ki, həm Ukrayna, həm də Rusiya nəhəng kommunikasiya marşrutlarına malik idi. Lakin başlanan müharibə dünya dövlətlərini Ukrayna və Rusiya ərazisindən keçən dəhlizlərdən imtina etməyə məcbur etdi.

Azərbaycan önə çıxdı

Belə vəziyyətdə dünya dövlətləri alternativ marşrutlara üz tutdular. Həmin alternativ marşurutlardan biri də Azərbaycan üzərindən keçən Şərq-Qərb dəhlizidir. Bu dəhliz həm qısalığına, həm də təhlükəsizliyinə görə istənilən yük sahibi üçün çox cəlbedicidir. Ona görə də Ukraynada başlayan müharibədən sonra Şərq-Qərb dəhlizinə maraq əsaslı şəkildə artdı. Məsələn, müharibədən əvvəlki 2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaların (dəmir yolu, dəniz və avtomobil) ümumi həcmi 75 faiz artaraq 10.7 milyon tona çatıb.

2023-cü ildə isə artım daha böyük rəqəmlərlə ifadə olunur. “Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün fəaliyyət planı””nda deyilir ki, “Azərbaycanın hədəfi mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsi yolu ilə Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2024−2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10.7 milyon tondan 13.6 milyon tona çatdırılmasıdır”.

Şimal-Cənub nəqliyyat dəhlizi hansı imkanlar açır?

Nəzərə alaq ki, ölkəmizin ərazisindən daha bir kommunikasiya xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi keçir. Bu dəhliz Ukraynada müharibə başlayandan sonra daha rentabelli olub. Əslində bu dəhliz Rusiyanın nicat yoludur. Təsadüfi deyil ki, uzun müddət tikintisi yarımçıq qalan Astara-Rəşt dəmir yolunun tikinti xərclərini ötən il Rusiya öz üzərinə götürdü. Hazırda bu istiqamətdə ciddi iş gedir.

Bununla parallel, Şimal-Cənub nəqliyyat dəhlizində daşımaların həcmi son 2 ildə xeyli artıb. Bu yaxınlarda Federasiya Şurası yanında Nəqliyyat Kompleksinin İnkişafı üzrə Şuranın iclasında çıxış edərkən Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dövlət katibi, nazir müavini Viktor Yevtuxov bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə dəniz daşımalarının həcmi 2030-cu ilədək ildə 8 milyon tona, 2050-ci ilədək isə 20 milyon tona yüksələcək:

“Bunun üçün 2030-cu ilədək 20-yə yaxın gəmi tikilməlidir ki, onlardan 10-u konteyner gəmiləri olmalıdır. 2050-ci ilədək isə ən azı 50 gəmi tikilməsi zəruridir. Şimal-Cənub marşrutu üzrə yükdaşıma 2022-ci ildəki quru yollar da daxil olmaqla 16 milyon tondan ötən il 21 milyon tona, 2030-cu ilədək isə 32 milyon tona yüksələcək”.

Ümumilikdə, Şimal-Cənub yaxın illərdə Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirən ən mühüm logistika dəhlizinə çevriləcək. Dəhlizin inkişafı çərçivəsində ümumi dəyəri 38 milyard dollar olan 100-dən çox layihənin reallaşdırılması nəzərdə tutulur. Bura əlavə dəmir yolu hissələri, ikinci yolların çəkilişi, dəmir yolu xətlərinin elektrikləşdirilməsi və s. daxildir.

Azərbaycan nələr qazanacaq?

Beynəlxalq eks¬pertlərin fikrincə, ölkəmiz yaxın illərdə təkcə Şimal-Cənub dəhlizi üzrə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollar qazanacaq. Ümumilikdə isə 2030-cu ildə tranzit daşımalardan gələn gəlir neft gəlirlərini xeyli üstələyəcək.

Təbii ki, bu böyükdə iqtisadi dividendlərin axının tək səbəbi ölkəmizdə və regiondakı iqtisadi və siyasi sabitlikdir. Ukrayna-Rusiya müharibəsi, son zamanlarsa Qırmızı dənizdə baş verən toqquşmalar Azərbaycan üçün əlavə iqtisadi imkanlar açır. Yəni digər regionlarda baş verən münaqişələr iqtisadi və siyasi sabitliyi olan ölkələr üçün unikal imkanlar yaradır.

Məhz buna görədir ki, Qərb dünyada “qaynar nöqtə”lərin daha çox olmasına çalışır. Çox təəssüf ki, Qərbin “qaynar nöqtə” yaratmaq istədiyi bölgələrdən də biri Cənubi Qafqazdır. Amma Azərbaycanı qətiyyətli və düşünülmüş siyasəti Qərbə bu bədnam niyyətini reallaşdırmağa imkan vermir. Məhz bunun hesabına da Azərbaycan iqtisadi cəhətdən güclənir və beynəlxalq oyunçuya çevrilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO