Enerji sektorumuz 2023-cü ildə nələrlə yadda qaldı? – İlham Şabanın ŞƏRHİ 

Enerji sektorumuz 2023-cü ildə nələrlə yadda qaldı? – İlham Şabanın ŞƏRHİ 

Hazırda oxunan: Enerji sektorumuz 2023-cü ildə nələrlə yadda qaldı? – İlham Şabanın ŞƏRHİ 

171392

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

2023-cü il də beləcə tarixə qovuşur. Ona görə də bugünkü materialım bütünlüklə başa vurduğumuz ilin yekunlarına həsr olunacaq. Həm qlobal bazarlarda baş verənlərə, həm də Azərbaycanın enerji bazarında il ərzində enerji sektoru üçün əhəmiyyət kəsb edən hadisələrə nəzər yetirəcəyik.

Qlobal bazarlar

Dünya bazarlarında bu il enerji daşıyıcılarının qiymətinin azalması ilə yadda qaldı. Çünki 2022-ci ildə yaşanan şok hadisələrə artıq qlobal bazar öyrəşmiş və enerji təhcizatı ilə bağlı alternativ imkanları arayıb ortaya çıxartmışdılar. Nəticədə ötən illə müqayisədə qlobal bazarlarda neft orta hesabla 20% ucuzlaşaraq təqribən 80 dollar ətrafında ticarət edilib. Avropadakı qaz qiymətlərinə gəldikdə isə, ucuzlaşma kifayət qədər olub, 2022-ci illə müqayisədə orta qiymətlər az qala 3 dəfəyədək enərək hazırda 400 dollara satılır.

Neft hasilatı

Azərbaycanda “qara qızıl”ın 2011-ci ildən müşahidə edilən azalması bu il də davam edib. 10 il əvvəl 43,2 milyon tona yaxın neft hasil etmişdiksə, bu ilin rəsmi statistikası 11 ayda 27,6 milyon ton nəticəni göstərir. Dekabr ayı üçün hətta 2,6 milyon ton neft istehsalı qeydə alınsa belə, illik göstərici 30,2 milyon tona çata bilər. Baxmayaraq ki, oktyabrda hökumətin Milli Məclisə təqdim etdiyi proqnozlarda 30,5 mln ton neftin hasil etməsi gözlənilirdi.

Son 10 ildə Azərbaycanda neft hasilatında 13 milyon ton azalması baş verib, bu isə ortalama ildə 1,3 milyon ton deməkdir. Baxmayaraq ki, 2022-ci ildə neft hasilatı 1,94 milyon ton, 2023-cü ildə isə təqribən 2,37 milyon ton azalmağa məruz qalıb. Yəni post pandemiya dövründə atılan addımlar Azərbaycanın neft hasilatının azalma tempini saxlamaq üçün hələ ki, yetərli deyil.

Gələn il üçün isə hökumət neftimizin illik olaraq 1 milyon ton azalacağını proqnozlaşdırıb. Bu göstəriciyə nail olmaq üçün isə ümidlər “bp-Azərbaycan” şirkətinədir. Çünki gələn ilin I rübündə Azərbaycanın əsas neft xəzinəsi olan “Azəri-Çıraq-Günəşli” blokunda yeni, “Azəri Mərkəzi Şərqi” platformasından hasilat gözlənilir.

Qaz hasilatı

Mavi yanacaq hasilatında isə vəziyyət sadəcə ürəkləri isidir. Niyə də yox, alıcımız var, ehtiyatımız da yetərincədir. 2023-cü ilin 11 ayının nəticələrinə görə, ölkədə 33,15 mlrd kubmetr əmtəəlik qaz hasil edilib. İlin sonuna 36 mlrd kubmetr həddi keçiləcək. Son 10 ildə Azərbaycan qaz hasilatını 2 dəfədən çox artırmağa nail olub. Həmçinin cari ilin noyabrında Azərbaycanda aylıq əmtəəlik qaz hasilatı rekord göstəriciyə - 3,4 mlrd kubmetrə yüksəlib.

Ölkəmizin qaz hasilatında bu cür nailiyyətləri isə sözsüz ki, qaz yataqlarımızın şahı hesab edilən “Şahdəniz”lə bağlıdır. Cari ilin 11 ayında “Şahdəniz”dən 24 milyard kubmetr qaz hasil edilib və illik göstərici 26 milyardı aşacaq. Son 5 ildə “Şahdəniz”dən qaz hasilatı 2,28 dəfə artıb, bu isə 2018-ci ilin yayından “Şahdəniz”in İkinci mərhələsi üzrə hasilata start verilməsinə bağlıdır.

“Şahdəniz”in tarixində bu il bir əlamətdar hadisə baş verib. Yataqdan 26 avqust tarixində 200 milyardıncı kubmetr qaz əldə edilib. Hazırda yataqda qaz hasilatı 2 platformadan gündəlik orta hesabla 75 milyon kubmetr olmaqla həyata keçirilir.

Təbii ki, qaz hasilatının cari ildə artımında bu il Xəzərin dərin hissəsində yerləşən “Abşeron” yatağından hasilatın başlanmasının da rolu var. İyulun 10-da Fransanın enerji nəhəngi “TotalEnergies” SOCAR ilə birgə “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin I mərhələsi çərçivəsində hasilata başladı.

İstismarda olan cəmi bir quyudan cari ildə 707 milyon kubmetr qaz, 290 min tondan çox kondensat hasil edilməsi gözlənilir. Gələn il isə bu göstəricilərin 2 dəfə artırılması proqnoz edilir.

Avqustun 4-də Abu Dabi Milli Neft Şirkəti – ADNOC-un “Abşeron” layihəsində 30% iştirak payı alması bu yatağın ikinci mərhələsi üzrə maliyyə risklərinin Fransa və Azərbaycan şirkəti ilə bölüşməsi həmçinin ondan xəbər verir ki, Cənub Qaz Dəhlizinin genişləndiriləcək hissəsinin mavi yanacaqla təminatı məsələsində hansısa problem yaşanmayacaq.

Neft-qaz ixracı

Bu il Azərbaycan Avropada neft və qaz təminatı üzrə reytinqlərdə maraq doğuracaq ilklərə də imza atıb. AvroStat-ın məlumatına əsasən, Azərbaycan 2023-cü ilin yanvar-oktyabr aylarının yekunları üzrə Avropa İttifaqına boru kəməri qazının beşinci ən iri tədarükçüsü olub.

Azərbaycandan öncə isə Rusiya qərarlaşıb. Özü də Rusiyanın Avropa bazarlarına qaz ixracı kəskin azaldığı zaman, biz 2021-ci ildən daim həcmlərimizi artırırıq. Özü də bundan sonrakı beş ildə də bu artım müşahidə olunacaq. Azərbaycan həmçinin Avropa İttifaqına Avropa ölkəsi olmayan ən böyük neft tədarükçüləri reytinqində 9-cu sırada qərarlaşıb. Özü də artıq bu reytinqdə Azərbaycan 17,4 milyon ton həcmlərlə 17 milyon gösrəticisi olan Rusiyanı üstələyə bilib.

BTC ilə neft nəqli

Cari ildə neft hasilatının azalmasına baxmayaraq Azərbaycanın əsas ixrac boru kəməri Bakı-Tbilisi-Ceyhanla (BTC) daşımaları artıb, çünki Bakı-Novorossiysk və Bakı-Supsa ilə əvvəllər daşınan neft indi bütünlüklə BTC-yə yönəldilir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, nəqletməsinin 75,9 faizi BTC kəməri ilə həyata keçirilmiş və cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 27,6 mln ton neft ötürülüb. BTC kəməri ilə nəql edilmiş neftin 17,3 faizi və ya 4 mln 780,8 min tonunu Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Tranzit neft həcmləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artıb.

Əgər nəzərə alsaq ki, Qazaxıstandan BTC ilə daşınan neftin həcmi il ərzində 1,5 mln ton proqnozlaşdırılıb, onda aydınlaşar ki, tranzit neft daşımalarının əsas hissəsi, yəni təqribən 70%-i türkmən nefti hesabına həyata keçirilib.

Qaz ixracı müqavilələri

Bu il həmçinin Azərbaycanın qaz ixracının coğrafiyasının genişləndirilməsi yolunda bir sıra mühüm addımların atılması ilə yadda qaldı.

2023-cü il fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində SOCAR və Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair saziş imzalanıb. Bununla da cari ildə Rumıniya Avropada Azərbaycandan qaz idxal edən 4-cü ölkə olub.

İyunun 2-də isə SOCAR “MVM CEEnergy” şirkəti ilə 2023-cü ildə Azərbaycan qazının Macarıstana tədarükünə dair müqavilə imzalayıb.

Noyabrın 15-də SOCAR və “Srbijagas” şirkəti arasında Serbiyaya Azərbaycan qazının tədarükü haqqında müqavilə bağlanıb. Müqavilə 2024-cü ildə Serbiyaya 400 milyon kubmetr Azərbaycan qazının nəqlini nəzərdə tutur.

SOCAR-ın genişlənməsi

Azərbaycan Dövlət Neft Şirkəti cari ildə həmçinin bazarlarda biznesini genişləndirmək yönümündə bir neçə addım atıb. Aprelin 25-də SOCAR Sofiyada Bolqarıstan nümayəndəliyini, noyabrın 28-də isə Aşqabadda Türkmənistan nümayəndəliyinin açıb.

Bundan əlavə SOCAR gözlənilmədən dekabrın 22-də ölkəmizi tərk etmək fikrinə düşmüş Norveçin enerji nəhənginin Azərbaycandakı bütün paylarını almağa qərar verib. Bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyö ilə “Azəri-Çıraq-Günəşli” və “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan boru kəmərində “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalayıb. Amma alqı-satqının məbləğini tərəflər ictimailəşdirməyiblər.

Rəsmi Bakı isə elə zənn etməyin ki, bütün diqqətini ancaq Azərbaycanın qaz ixracına yönəldib və daxili bazarı ikinci plana keçib. Cari ildə Azərbaycanda yaşayış məntəqələrinin qazlaşma səviyyəsi 96,4%-ə çatıb. Həmçinin Naxçıvan Muxtar Respublikasının qaz təminatının yaxşılaşdırılması yönümündə ciddi bir addım atılıb.

İğdır-Naxçıvan qaz kəməri

Sentyabrın 25-də Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.

Bu qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. Boru kəməri gündə 2 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

Yaşıl enerji

Bu ilin enerji yekunlarını təbii ki, yaşıl enerji mövzusuna toxunmadan sona çatdırmaq mümkünsüzdür. Cari ildə bu sahədə çoxlu sayda məsləhətləşmələr aparılıb, tədbirlər keçirilib, hökumətlərarası razılıqlar əldə edilib. Amma onların biri çox əhəmiyyətlidir. Bu da ölkəmizin yaşıl enerji tarixinə “alternativ enerji mənbələrindən elektrikin ilk dəfə böyük gücə malik elektrik stansiyasından” alınmasıdır.

Prezident İlham Əliyevin iştirakı ilə oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası rəsmən istismara verildi. Bu stansiyasının tikintisinə 2022-ci ildə başlanılmışdı. Dəyəri $262 milyon olan layihə “Masdar” şirkəti tərəfindən həyata keçirilib.

Rəsmi Bakı artıq 1 ildir ki, Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan “yaşıl” enerji dəhlizi layihəsinin icrası üzərində çalışır, bununla bağlı 5 dəfə energetika nazirləri çərçivəsində görüşlər keçirilib və ölkələrin enerji nəqlinə cavabdeh qurumları arasında Bakıda praktik əhəmiyyətə malik tədbir keçirilib. Azərbaycan həmçinin digər maraqlı ölkələrlə, Qazaxıstan və Özbəkistanla Xəzərin dibi ilə Azərbaycana alternativ enerji mənbələrindən alınan elektrikin ötürülməsi ilə bağlı ilkin razılaşma da əldə edib.

Azərbaycanın bu cür aktivliyi isə beynəlxalq təşkilatların diqqətindən yayınmayıb. Dekabrın 11-də Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti tədbirinin, qısaca desək COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmən elan edilib. Bu, Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyən bir addımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO