Azərbaycanda hotellərin vergisi AZALDILDI – Fantastik qiymətlər ENƏCƏKMİ? 

Azərbaycanda hotellərin vergisi AZALDILDI – Fantastik qiymətlər ENƏCƏKMİ? 

Hazırda oxunan: Azərbaycanda hotellərin vergisi AZALDILDI – Fantastik qiymətlər ENƏCƏKMİ? 

167393

Azərbaycanda fəaliyyət göstərən hotel və sanatoriyalara bəzi güzəştlər nəzərdə tutulub. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə görə, yanvardan Azərbaycanın regionlarında otel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq.

Nəzərdə tutulan güzəşt yalnız regiondakı otel və sanatoriyalara aid ediləcək. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu isə istisnadır.

Bizim.Media hazırda bölgələrdə yerləşən bəzi hotellərin xidməti və qiymətlərini araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda niyə ancaq 5 ulduzlu otellər tikilir? – İqtisadi DİLEMMA


Şabranda fəaliyyət göstərən “Qalaaltı” hoteldə standart otaqda bir gecəlik istirahətin qiyməti 150 manatdan başlayır. Ödənilən məbləğin 22 manatdan bir az artıq hissəsinin isə vergi və rüsumlara görə ödənildiyi qeyd edilib.

Məşhur Şahdağ hotelində bir gecəlik xidmətlərdən istifadə etmək 238 manata başa gəlir. Oteldə fərqli xidmətlər və təbiət mənzərəsinə görə qiymət dəyişir, yəni həmin hoteldə gecəsi 7000 AZN-ə də qalmaq mümkündür.

Şəkidə və ölkənin cənubundakı hotellərdə də bir gecəlik istirahətin qiyməti 150, 170 AZN-dən başlayır. Qeyd edək ki, qiymətlər təklif olunan xidmətə görə dəyişir. Göstərilən qiymətlər bir gecəlik və bir otağın qiymətidir.

Qiymətlərin bahalığından şikayətlənən və buna görə hotel xidmətlərindən istifadə etməyənlər var. 

Maraqlıdır, yeni güzəştlər bölgələrdə hotellərin qiymətinə necə təsir edəcək, azalma olacaqmı?

Turizm üzrə ekspert Əziz Şiriyev güzəştin qiymətlərə gözlənilən qədər təsir etməyəcəyini deyib:

“Qiymətlərin dəyişməsi mövsümdən asılıdır. Vergilərdəki azalmanın qiymətlərə o qədər də təsiri olmayacaq. Amma güzəştlərin olması turizm sahəsinə çox böyük müsbət təsir göstərir. İqtisadiyyatın qızıl qanunu tələb-təklif məsələsidir. Biz indidən otellərə zəng eləsək, Yeni il bayramına heç bir hoteldə boş yer tapmayacağıq. Bu, o demək deyil ki, bunların hamısı fərdi şəxslərə satılıb. Bəzi otaqları kimsə alıb, blok edib.

Amma ümumilikdə götürəndə hotel otaqları tamam satılıb. Gələn il hotel sahibi bundan 100 manat artıq qiymət tətbiq eləsə, yenə də satılacaq. O da tələbatın olduğunu görür. Düşünür ki, mən bunu bu qiymətə sata bilirəmsə, niyə ucuz satmalıyam? Əgər kimsə getməsə, otaqlar boş qalsa, qiymətlər enər. Hotel sistemində belə bir şey var, ən bahalı otaq satılmayan otaqdır, çünki xərcləri üstündədir. Amma 50 faiz endirimlə satmış olsa, xərcləri bağlamış olur”.

O qeyd edib ki, qanun qüvvəyə minəndən sonra hotel qiymətlərində dəyişikliyin olub olmamasını görmək mümkündür:

“Çox insan nə o xəbərlərə baxır, nə də hotellərlə maraqlanır. Yekun ödəyəcəyi məbləği ödəyir, vəssalam. İctimai qınaq olsa, görsələr ki, insanların çoxu bununla maraqlanır və qiymətlərin niyə görə dəyişməməsindən şikayətlənir, onda istər-istəməz otellər özlərinə, qiymətlərinə “çəki-düzən” verəcəklər. Düşünürəm ki, yanvardan sonra o istiqamətdə addımlar atılacaq”.

Ekspert hesab edir ki, əhali daha çox beş ulduzlu hotellərə üstünlük verir:

“Niyə ancaq biz istəyirik ki, maşınla gedib ancaq beş ulduzlu hotellərdə qalaq? Təklifim odur ki, turizm şirkətlərinə müraciət eləsinlər. Müraciət etsələr, münasib qiymətə yüksək xidmətli dörd ulduzlu hotellər tapa bilərlər. Avtomobil sürüb, yanacaq sərf edib, yorulmamaq üçün qrup şəklində də gedə bilərlər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO