Hər addımbaşı dəyərlərdən dəm vuran Avropanın bir sıra aparıcı ölkələri özlərinə sərf edəndə müttəfiqlərinə belə quyu qazaraq, ikiüzlü siyasət yürütməkdən belə çəkinmirlər. Avropada bir çox ölkələr var ki, Rusiyaya qarşı sanksiyalar tətbiqini alqışlayır, bu istiqamətdə canfəşanlıq edirlər.
Belə ölkələrin başında isə ermənipərəst Fransa və İspaniya kimi ölkələr dayanır.
Belə ki, Rusiyaya qarşı sanksiyalara iki əlli səs verən Paris və Madrid bununla yanaşı, Moskvadan enerji ixracını azaltmamaları bir yana, onu daha da artırıblar.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın Rusiyadan kritik iqtisadi asılılığı: Qərb bu asılılığı azalda bilərmi?
Xarici mətbuatın yazdığına görə, Fransa, İspaniya, Macarıstan və Bolqarıstan Aİ-nin Rusiyanın nüvə enerji sektoruna, o cümlədən “Rosatom”-a qarşı sanksiyalarını bloklayır. Burada Macarıstan və Bolqarıstanı başa düşmək olar. Bu iki ölkə, xüsusən də Budapeşt əksər hallarda Rusiyaya qarşı sanksiyaların tətbiqinə qarşı olub. Amma Fransa öz AES-lərində Rusiyanın nüvə yanacağdan istifadə etməkdə davam edir.
Bundan əlavə, “Eubserver” nəşrinin məlumatına görə, İspaniya və Belçika Rusiyadan maye qaz idxalını iki dəfə artırıb. Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında İspaniya Rusiya LNG-nin ən böyük idxalçısıdır, ondan sonra Fransa və Belçika gəlir.
“Maraqları naminə müttəfiqlərinə arxa çevirirlər”
Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, Paris və Madridin bu kimi addımları Fransa və İspaniya kimi ölkələrin müttəfiqlik münasibətlərinə sadiq qalmadıqlarının göstəricisidir:
“Bununla həmin ölkələr öz mənafeləri naminə yaxın müttəfiqlərinə belə arxa çevirməyə hazır olduqlarını nümayiş etdirirlər. Əslində, həmin iki ölkədən əlavə bir çox digər ölkələri də bu sıraya əlavə etmək olar. Belə vəziyyət ondan irəli gəlir ki, Paris və Madrid üçün öz maraq və mənafeləri müttəfiqlik münasibətlərindən belə həmişə üstün olub və olmaqda davam edəcək.
Məsələ ondadır ki, alternativ qaz mənbələri qiymət və keyfiyyət baxımından həmin ölkələri qane etmir. Rusiyanın maye qazı isə digərlərilə müqayisədə keyfiyyətcə daha üstündür. Amerikadan Avropaya daşınan sıxılmış qaz keyfiyyət baxımından Rusiya qazından aşağı olmaqla yanaşı, bahadır.
Belə olan halda, rəqabətə davam gətirmək üçün Fransa və İspaniya kimi ölkələr Rusiyanın enerji mənbələrinə üstünlük verir. Bu işi də əksər hallarda ara şirkətləri vasitəsilə edirlər. Müttəfiqliyə arxa çevirsələr də, Fransa və İspaniyanın bu addımları biznes baxımından normal praktikadır”.
Rüfət Sultan, Bizim.Media