“Binance”yə REKORD CƏRİMƏ – “Birja şərtlərə əməl etməsə...”

“Binance”yə REKORD CƏRİMƏ – “Birja şərtlərə əməl etməsə...”

Hazırda oxunan: “Binance”yə REKORD CƏRİMƏ – “Birja şərtlərə əməl etməsə...”

166314

21 noyabr tarixində “Binance” birjası ilə ABŞ maliyyə tənzimləyiciləri arasında bağlanan sövdələşmə xəbəri kriptovalyuta dünyasında həftənin ən maraqlı hadisəsi oldu. Rekord məbləğdə olan cərimə və birjanın rəhbərinin vəzifəsindən getməsi bu sektor iştirakçıları arasında birmənalı qarşılanmayıb. 

Bəzi analitiklər birjanın “sıxışdırılması” fonunda ümumi kriptovalyuta bazarında qiymətlərin enəcəyini ehtimal etsələr də, bu belə olmadı. Əksinə, qısamüddətli qiymət korreksiyasından sonra “Bitcoin” yenidən bahalaşmağa davam etdi. 

Bəs, niyə belə oldu?

Bu mövzunu Bizim.Media-ya şərh edən kriptovalyuta bazarı üzrə mütəxəssis, “Crypto Consulting MMC”-nin direktoru Elnur Quliyev “Binance”-nin ticarət dövriyyəsi və müştəri bazasına görə kriptovalyuta bazarında lider birja olduğunu diqqətə çatdırıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Kriptovalyuta bahalaşacaq - PROQNOZ 


“Birja ilə bağlı istənilən neqativ xəbər kriptovalyuta bazarındakı qiymətlərə və investorların əhvalına birbaşa təsir göstərir. Odur ki, məlum cəza tədbiri xəbərinin yayılması ilkin məqamda kripto sektorunda şok effekti yaratdı. Çünki cəza şərtləri kifayət qədər ciddi idi. 

ABŞ səlahiyyətliləri ilə müqavilənin şərtlərinə əsasən, “Binance” ölkədəki fəaliyyətini dayandırmalı, ABŞ Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinə (FinCEN) 3,4 milyard dollar və Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə (OFAC) 968 milyon dollar cərimə ödəməlidir.

Birjanın təsisçisi və baş direktoru Changpeng Zhao (CZ) ABŞ federal qanunlarını pozmaqla bağlı günahını etiraf edərək vəzifəsindən istefa verməyə və şəxsən 50 milyon dollar cərimə ödəməyə razı oldu”. 

“Birjaya qarşı iddialar içərisində bazarın manipulyasiyası maddəsi yoxdur”

Onun sözlərinə görə, bu, kriptovalyuta şirkətinə indiyə qədər tətbiq edilən ən böyük cərimədir:

“Əslində, birjanın bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması kimi ciddi tədbir əvəzinə, onunla qarşılıqlı anlaşama ilə cərimə edilməsi müəyyən mənada müsbət xəbərdir. Bu, onu göstərir ki, ABŞ maliyyə tənzimləyiciləri (FinCEN, OFAC, SEC, CFTC) 3 il araşdırmadan sonra birjanın federal maliyyə qanunlarını pozmasına cərimə tətbiq etməklə “göz yummağa” razı oldular. Nəzərə almaq lazımdır ki, birjaya qarşı ilkin cərimə məbləği olaraq 10 milyard dollar tələb edilirdi. Cərimə məbləğının endirilməsi ABŞ maliyyə tənzimləyicilərin problemləri həll etmək üçün “Binance” birjasına güzəştə getməyə hazır olduğunu sübut edir”.

Müsahibimiz qeyd edib ki, birjaya qarşı iddialar içərisində bazarın manipulyasiyası və müştərilərin vəsaitlərinin istifadəsi maddəsi yox idi: 

“Bu çox önəmli faktordur. Çünki daha öncə bağlanan birjalara ilk olaraq bu maddələr üzrə ittihamlar irəli sürülmüşdü. Bundan əlavə, ABŞ maliyyə tənzimləyiciəri tərəfindən birjanı ittiham edilən əsas pozuntu kimi “çirkli pulların yuyulmasına qarşı beynəlxalq qaydalara (AML) əməl etməmək” göstərilir. 

İddialara əsasən, 2018-ci ildən 2023-ci ilin may ayına qədər birjada HƏMAS, Şimali Koreya, İran və Rusiya daxil olmaqla sanksiyaya məruz qalan təşkilatlar və dövlətlərlə təxminən 1 milyard dollarlıq əməliyyatlar həyata keçirilib. Bu cür əməliyyatlar Amerika qanunları ilə açıq şəkildə qadağandır”. 

“Binance” ABŞ Maliyyə Nazirliyinin tam nəzarətinə keçir 

Onun sözlərinə görə, təyin edilən cərimə məbləği 4.3 milyard dollar olsa da, bu məbləğ 15 ay ərzində ödənilməlidir: 

“Birjanın aylıq ticarət dövriyyəsini və qazancını nəzərə alsaq, bunu ödəmək elə də çətin olmayacaq. “Binance” ilə sövdələşməyə əsasən növbəti 5 ildə ABŞ Maliyyə Nazirliyinin platformanın maliyyə məlumatlarına çıxış imkanı olacaq və birjanın sanksiyalara uyğunluq proqramına nəzarət edəcək müşahidəçi təyin edəcək. Bu faktor birjanın daha şəffaf fəaliyyəti üçün zəmin yaradacaq və güvəni daha da artıracaq. Bütün faktorları nəzərə alaraq, “Binance” birjasına cərimə ödəmək və ABŞ bazarından çıxmaq müqabilində “digər” fəaliyyətlərinə “yaşıl işıq” yandırıldı”. 

Ekspert hesab edir ki, kriptovlayuta sektorunu tənzimləyən vahid qaydalar tətbiq edilməyənə qədər maliyyə tənzimləyici qurumlar birjaları və digər kripto-şirkətləri inzibati tədbirlərlə nəzarətdə saxlayacaqlar: 

“Əslində, kriptovalyuta sektorunun tədricən tənzimlənməsi prosesi artıq başlayıb. Düzdür, hazırda əsas alət dövlətlərin inzibati yolla tənzimlənməsi olsa da, yaxın gələcəkdə kripto sektoruna güvəni daha da artıracaq. Nəticədə, kriptovalyuta sektoruna kapital axını daha da artacaq və kriptovalyuta bazarında rəqəmsal aktivlərin qiymətləri artacaq”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO