Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? – İlham Şabanın ŞƏRHİ 

Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? – İlham Şabanın ŞƏRHİ 

Hazırda oxunan: Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? – İlham Şabanın ŞƏRHİ 

162865

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə enerji bazarlarında, istər Azərbaycanda, istərsə də dünyada kifayət qədər hadisələrlə zəngin oldu. Çünki hasilatçı şirkətlər III rübün yekunları ilə bağlı göstəricilərini ictimailəşdirir, Azərbaycan parlamenti gələn ilin büdcəsi ilə bağlı plenar iclaslarını keçirir və təbii ki, qarşıdan gələn ilə maraq doğuracaq layihələr üzrə sazişlər imzalanır ya da razılıqlar əldə edilir. 

Qlobal bazarlar. 

London əmtəə birjasında həftənin ilk hərracını Brent markalı neft 90,07 dollar qiyməti ilə açdı.   ərzində dünya bazarlarında enerji daşıyıcılarının yenidən qiymətinin artımını müşahidə etdik. Elə ilk  gündəcə neft qiymətləri 3,35% ucuzlaşmaqla yadda qaldı. Nə idi neft qiymətlərini üzüaşağı aparan amil?
 

MÖVZU İLƏ BAĞLI:

Dünya bazarında “oynayan” NEFT QİYMƏTLƏRİ – Azərbaycan iqtisadiyyatını nə gözləyir?


İlk növbədə, bunun səbəbi ötən cümə günü axşam İsrailin Qəzza sektorunda yerüstü əməliyyatlara başlaması idi. Xəbərlər yayılan zaman artıq hərraclar bağlanmaq ab-havasında idi. Ona görə də buna bazar iştirakçılarının münasibəti yalnız oktyabrın 30-da özünü büruzə verdi. Ən gərgin gözləntilər ondan ibarət idi ki, bir sıra Ərəb ölkələri və İran münaqişəyə müdaxilə edə bilər və nəticədə Yaxın Şərqdə böyük müharibə alovlanar, bu isə neft istehsalçıları ilə onun istehlakçıları arasında ticarət zəncirinə təsir edə bilər. 

Məhz bu baxımdan bazar ertəsi hərraclar öz işinə başlayarkən neft qiymətləri artım nümayiş etdirdi, lakin hərbi münaqişənin İsrail-Fələstin çərçivəsində lokal şəkildə aparıldığı aydın olandan sonra qiymətlər 87 dollara qədər ucuzlaşdı. Sonrakı günlər enmə davam etdi və nəhayət, Brent markalı neft həftəni 85,14 qiyməti ilə yekunlaşdırdı. 
Neftin qiymətinin ucuzlaşmasına təsir edən faktorlar içərisində ilk olaraq Avropada və Şimali Amerikada mülayim payızın keçməsini, ABŞ-da həftəlik neft ehtiyatlarının artımı və Avropa Birliyi üzrə gözlənilmədən iqtisadi artımın zəifləməsi oldu. Bu hallar enerjiyə tələbatı azaldan faktorlardır.

SOCAR-ın operatorluq müqaviləsi. 

Həfrtənin ilk şad xəbəri bizim üçün nə qədər qəribə də səslənsə də İsraildən gəldi. Bu, SOCAR-ın Britaniyanın BP və İsrailin “NewMed Energy” şirkətləri ilə birgə İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında təbii qazın kəşfiyyatını həyata keçirməsi xəbəri idi. 

İsrailin Energetika və İnfrastruktur nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, İsrailin eksklüziv iqtisadi zonasında təbii qazın kəşfiyyatı üzrə ofşor sövdələşmələrin 4-cü raundunun nəticələrinə əsasən, SOCAR, BP və “NewMed Energy” şirkətləri konsorsiumuna “I-6” zonasında sözügedən işlərin yerinə yetirilməsi üçün hökumətin lisenziyası verilib. 

Bu kəşfiyyat layihəsində SOCAR operator olacaq. Cari ilin yayında elan edilmiş tenderin şərtlərinə əsasən, lisenziyalar 3 il müddətinə etibarlıdır və həmin müddət ərzində lisenziya sahiblərindən ayrılmış sahədə təbii qazın mövcudluğu potensialını qiymətləndirmək üçün icbari fəaliyyət proqramı həyata keçirmələri tələb olunur. Bundan sonra lisenziyanın daha iki il müddətinə uzadılması ilə bağlı müraciət edə bilərlər.

Qeyd edim ki, Azərbaycan Dövlət Neft Şirkəti bununla bağlı hər hansı açıqlama vermədi. Təbii, başadüşüləndir. Çünki Yaxın Şərqdə siyasi sabitliyin pozulduğu zaman həssas mövzunu gündəmə gətirmək potensial risklərə yol açmaq kimi bir işdir.

İsrailin isə bunu ictimailəşdirməsi təbii ki, hərbi əməliyyatların davam etdiyi bir şəraitdə ozünün xarici investorlar üçün açıqlığı və ölkəsinin iqtisadi mühitinin xarici ticari-kommersiya əlaqələri üçün münbit olduğunu nümayiş etdirmək idi. 

Azərbaycanın isə İsrail şelfində ilk dəfə kəşfiyyat işlərinə cəlb edilmir. 10 il əvvəl SOCAR-ın dəniz qazma əməliyyatları üzrə ixtisaslaşan “Caspian Drilling Company” şirkəti ABŞ şirkətinin sifarişi əsasında Aralıq dənizində kəşfiyyat qazması həyata keçirmişdi. Düzdür, o zaman qazılan quyu boş çıxsa da, hazırda təklif edilən müqavilə sahəsinin qazla zəngin  yataqların yaxınlığında yerləşməsi amili nəzərə alınaraq uğurlu nəticənin əldə edilməsinə olan ümidlər daha böyükdür.   

SOCAR-ın rüblük hesabatı. 

SOCAR-ın III rübün yekunları ilə bağlı açıqladığı hesabatdan məlum oldu ki, şirkət 2023-cü ilin yanvar-sentyabr aylarında 5 milyon 819,062 min ton neft hasil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı cüzi, yəni 0,1% azalıb.

Hesabat dövründə SOCAR 6 milyard 428,4 milyon kubmetr qaz hasil etməyə müvəffəq olub ki, bu da ötən ilin 9 ayının göstəriciləri ilə müqayisədə hasilatın 8,9% artırı deməkdir.

SOCAR həmçinin cari ilin yanvar-sentyabr aylarında 13,7 milyon ton neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,7% azdır. Hesabat dövründə SOCAR xarici bazarlarda 1 milyon 679,8 min ton neft emalı və neft kimya məhsulları satıb ki, bu da 8,9% artım deməkdir.

“bp-Azərbaycan”ın hesabatı. 

Bu həftə həmçinin “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” layihələrinin operatoru olan “bp-Azərbaycan” şirkətinin rüblük hesabatı ictimailəşdirildi. Hesabata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında AÇG blokundan 100 milyon barelə yaxın neft (azalma 12,3%) hasil edilib. Müqavilə sahəsindən orta günlük neft hasilatı 368 min barel (2022-ci ilin yanvar-sentyabr aylarında 418 min barel) təşkil edib.

AÇG blokundan neft hasilatı 136 istismar quyusu vasitəsi ilə həyata keçirilib. Bundan əlavə neft hasilatını həyata keçirmək üçün 45 suvurma və 8 qazvurma quyusu da istismarda olub.

AÇG blokunun işlənməyə başlandığı dövrdən etibarən ümumilikdə 4,3 milyard bareldən çox neft hasil edilib.

Hesabatdan məlum olur ki, əgər AÇG blokunda neft hasilatı azalmaqda davam edirsə, “Şahdəniz” yatağından qaz çıxarılamsı ilbəil artım nümayiş etdirir. Belə ki, cari ilin 9 ayının yekunlarına əsasən, “Şahdəniz”dən 20 milyard kubmetr təbii qaz və 27 milyon kondensat hasil edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı 2 milyard kubmetr artıb, kondensatın istehsalı isə dəyişməz qalıb. 

Büdcənin neft gözləntiləri. 

2024-cü ildə bir barel neftin qiyməti $80 olduqda Azərbaycanın dövlət büdcəsinin əlavə neft-qaz gəlirləri 845,9 milyon manat təşkil edəcək. Bu barədə Azərbaycan Maliyyə nazirliyinin aşıqladığı məlumatda bildirilir.

Nazirliyin baza ssenarisinə əsasən, bir barel neftin orta ixrac qiyməti $60 olduqda 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz gəlirləri 16 milyard 756 milyon manat təşkil etməlidir.

Əgər gələn il bir barel neftin orta qiyməti $70 səviyyəsində olarsa, onda dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 179,7 milyon manata qədər yüksələcək. Yəni, proqnoz göstəricisindən büdcənin əlavə neft-qaz qazancı  423,7 milyon manat olacaq.
Digər ssenariyə görə, əgər neftin orta qiyməti $80 səviyyəsində olarsa, onda dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 601,9 milyon manat təşkil edəcək və əlavə gəlirlər 845,9 milyon manata qədər artacaq.

Maliyyə Nazirliyinin hesablamalarında neqativ ssenari də yer alıb. Tutaq ki, gələn il büdcəsində neftin proqnoz edilmiş qiyməti $60 əvəzinə $40 olarsa, o zaman dövlət büdcəsi 847,4 milyon manat itirəcək.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz gəlirləri 15 milyard 329,6 milyon manat təşkil edib. 2023-cü ildə bu göstəricinin 17 milyard 739,7 milyon manat səviyyəsində olması proqnoz edilir. 

Büdcədə SOCAR-ın payı. 

Azərbaycan hökuməti SOCAR-ın 2024-cü ilin dövlət büdcəsinə dividend ödənişlərini 408 milyon manat məbləğində nəzərdə tutur. 2023-cü ilin dövlət büdcəsində SOCAR-ın dividend ödənişləri 200 milyon manat məbləğində proqnoz edilir. Yəni hökumətin Dövlət Neft Şirkətindən gözləntiləri xeyli çoxdur.

Maliyyə Nazirliyinin hesablamalarına görə, 2024-cü ildə SOCAR-ın dövlət büdcəsinə vergi və dividend ödənişləri 2 milyard 408 milyon manat (2023-cü ilin göstəricisindən 9,5% çox), o cümlədən vergi ödənişləri 2 milyard manat məbləğində (2023-cü ildəki səviyyədə) nəzərdə tutulub.

Sual oluna bilər ki, SOCAR bu qədər vəsaiti ödəməyə qadirdirmi? Rəsmi statistikaya əsasən, cari ilin yanvar-sentyabr aylarında SOCAR dövlət büdcəsinə 1 milyard 494,4 milyon manat məbləğində vergi ödəyib və bu məbləğə dividendlər daxil deyil. 
2022-ci ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 2 milyard 12,734 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 76,3% çoxdur.

Müəmmalı qaz proqnozu. 

2025-ci ildə Azərbaycanda əmtəəlik qaz hasilatı pik həddə çataraq 36 milyard kubmetr təşkil edəcək. Bu barədə cümə axşamı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazirin dediklərindən o nəticəyə gəlmək olur ki, 2026-cı ildən başlayaraq Azərbaycanda əmtəəlik qaz hasilatında artıq artım müşahidə ediləcək. Bəs, bu nə qədər realdır? 

Bir il öncə hökumətin açıqladığı proqnozlara görə, 2023-cü ildə Azərbaycanda 35,9 mlrd kubmetr əmtəəlik qaz hasil edilməliydi. Hesablama Palatasının son rəyində isə artıq bu göstəricinin cari ildə 36,9 mlrd kubmetr təşkil edəcəyi yer alıb. 
Rəsmi statistika cari ilin 9 ayında Azərbaycanda 26,87 mlrd kubmetr əmttəlik qaz hasil edilməsini göstərir və qış aylarındakı hasilatı da nəzərə almaqla IV rübdə təqribən 9,5 mlrd kubmetr ətrafında qazın əldə edilməsini gözləmək mümkündür, yəni illik təqribən 36,4 mlrd kubmetr. 

Yəni hər iki halda cari ildə nazirin 2025-ci il üçün açıqladığı proqnozdan daha çox qaz hasil edilməsi şübhə doğurmur. 

Bundan əlavə, o faktorları da nəzərə almaq gərəkdir ki, qarşıdakı beşillik ərzində Azərbaycan qaz hasilatını artırmaq üçün aşağıdakı layihələrin icrası üzərində çalışır:

"Abşeron-2" layihəsi (energetika naziri Pərviz Şahbazov sentyabrda bu layihə üzrə ildə 6 mlrd kubmetr qaz hasil edə bilən platforma və qurğuların layihələndirilməsi üzrə danışıqların getdiyini açıqlayıb), "AÇG dərin qaz" layihəsi (təqribən ilə 2 mlrd kubmetr qaz çıxarılması ehtimal edilir) və nəhayət, "Ümid" yatağından qaz hasilatının 1 mlrd kubmetr artırılması.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO